Yenixeber.org: Son vaxtlar mətbuatda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki struktur vahidlərində qanunsuzluq hallarına rast gəlinməsi barədə tənqidi yazılar tez-tez müşahidə olunmaqdadır. Düzü, həmin tənqidi məqalələri oxuyanda SHXÇDX rəisi Arzu Rəhimovun rəhbərliyi altında neqativ hallara yol verilməsindən xəbərinin olması və heç bir tədbir görməməsi bir az inandırıcı görünmürdü. Lakin həmin qəbildən məqalələrə mövzu olan şikayət məktublarından biri RealMedia.az-ın redaksiyasına daxil olandan sonra doğrudan da Xidmət rəsinin tabeçiliyində olan strukturlara nəzarətini itirdiyinə şübhəmiz qalmadı.
Xırdalan şəhəri Quşçuluq massivi 12-ci küçə ev 82 ünvanda yaşayan Qarayeva Rəmziyyə Əliş qızı əslini ölkə başçısına, surətlərini isə baş prokurora, Dövlət Təhlükəsizlik Xidməti rəisinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə və redaksiyamıza göndərdiyi şikayət ərizəsində yazır:
“Oğlum 1998-ci il təvəllüdlü Xankişiyev Elşən Vüqar oğlu 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Rayon Şöbəsi oğlumun səhhətində aşkarlanmış qüsura görə (sağ ayağının çeçələ barmağı dördüncü barmağın üstə bitmişdir) ona hər 6 aydan bir həkim komissiyasında müayinədən keçmək şərtilə möhlət hüququ verdi. Oğlum artıq iki il yarımdır ki, möhlətdən istifadə edir. Lakin hər dəfə həkim komssiyasından keçmək vaxtı gələndə hərbi komissarın (şöbə rəsinin-red.) müavini Xəyyam Babayev bizdən müxtəlif məbləğlərdə, sonuncu dəfə isə 3 (üç) min manat pul tələb etmişdir. Verməyəcəyimiz təqdirdə isə pronsip apararaq oğlumu hər vəchlə olur-olsun əsgərliyə göndərəcəyini bildirmişdir.
SHXÇDX-nin Abşeron rayon Şöbəsi tərəfindən oğlum başqa bir həkimin müayinəsinə göndərmiş, həmin həkim də öz növbəsində bizdən 1500 (bir min beş yüz) manat pul tələb etmişdir ki, oğlumun şikəstliyini təsdiqləsin.
Biz həkimə pul verə builməyəcəyimizi dedikdə, o da eynən X. Babayev kimi oğlumu hərbi xidmətə yollayacağını bildirdi. Hazırda oğlum SHXÇDX-nin Abşeron rayon Şöbəsi tərəfindən qanunsuz göndərilmiş olduğu "N" saylı hərbi hissədə xidmət edir, daha doğrusu, əzab çəkir…”
Vət. Qarayeva məsələnin KİV vasitəsilə ictimailəşdirilməsini redaksiyamızdan xahiş etmişdir və ümid edir ki, problem aidiyyati instansiya rəhbərlərinin diqqətini çəkcək, araşdırılmasına nail olunacaq. Şikayətçi həmçinin bildirmişdir ki, o, oğlunun hərbi xidmətə yararlı olmasını çox istərdi. Lakin torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın Milli Ordusunun məhz sağlam vətəndaşlardan formalaşdırılması strateji və həm də siyasi məsələdir.
Bizdə öz növbəmizdə biz də araşdırma apardıq və əldə etdiyimiz məlumatlar sırasında ilginci bu oldu ki, SHXÇDX-nin Abşeron Şöbəsinin rəisi cənab Hüseyn müəllim əslən yağı tapdağı altında olan Şuşa şəhərindəndir və ölkənin nüfuzlu generallarından birinin qohumudur. Deməli, haqqında söz açdığımız neqativ halın Hüseyn müəllimin nəzərindən qaçması üçün müavini Xəyyam Babayev çox ciddi çalışıb.
(RealMedia.az)
Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq.