İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib-Nərimanovda
“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
Yenixeber.org: 13 iyul 2018-ci il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari ilin iyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verilərək, ilin birinci yarısının yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 932,5 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 34,4 faiz artım sürətinin əldə edildiyi, istehlakçılara 1 milyard 827,3 milyon manatlıq və ya bütün sənaye məhsulunun 128,1 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də birinci yarımil ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 100,1 milyon manatlıq investisiyanın yatırıldığı, ilin əvvəlindən 2495 daimi iş yerlərinin açıldığı vurğulanıb.
Hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyi bildirilib. Belə ki, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 23 ünvanda tikinti işləri həyata keçirilir ki, bunlardan 2 ünvanda inşaat işləri artıq başa çatdırılmış, mənzillərdə təmir işləri aparılır, 7 ünvanda əhalinin köçürülməsi və evlərin sökülməsi işləri, 7 ünvanda isə layihələndirmə işləri həyata keçirilir.
Ölkə xaricində həyata keçirilən geniş layihələrdən danışılarkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə cari ilin may ayının 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan Biznes Mərkəzinin təntənəli açılışı mərasiminin olduğunu, həmçinin ötən ilin dekabr ayında qarşılıqlı olaraq Azərbaycan Biznes Mərkəzinin layihəsi əsasında Nərimanov rayonu ərazisində Həştərxan vilayəti tərəfindən inşa ediləcək Həştərxan İş Mərkəzinin təməlqoyma mərasiminin keçirildiyi qeyd edilərək, bu layihələrin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacağına və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyi xüsusi vurğulanıb.
Eyni zamanda, ötən yarımil ərzində rayon rəhbərliyi tərəfindən 2294 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 11 səyyar görüş və qəbullar zamanı edilən 82 nəfərin müraciətinin dinlənilərək öz müsbət həllini tapdığı, həmçinin “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 388 müraciətdən 175-nin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatların verildiyi qeyd edilib.
Tədbirdə çıxış edən 7 saylı uşaq yoluxucu xəstəxanasının baş həkimin müavini Natavan Cəfərova, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlərdən söz açaraq, aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2018-ci ilin birinci yarısında görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.