Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Qışda başıaçıq gəzmək sağlamlığa nə kimi ziyan vurur?

Qışda başıaçıq gəzmək sağlamlığa nə kimi ziyan vurur?

 

 

Fəsillər dəyişdikcə, geyimlərimiz də dəyişir. Hər fəslin öz geyim tərzi var. Yayda daha rahat, yüngül geyimlərə üstünlük veririk, qışda isə əksinə, daha qalın geyinirik

 

Yenixeber.org: Amma nədənsə, qış geyimlərini bəzi insanlar sevmir. Həmin geyimlərin onları narahat etdiyini və buna görə də imtina etdiklərini deyirlər.

"İnsanların ilk imtina etdikləri qış geyimi papaqdır"  desək, yanılmarıq. Bədənlərinə nə qədər qalın geyinsələr də, bir çox gənclər papaq taxmaq istəmir. Kimisi başını narahat etdiyini, kimisi yaxşı görünmədiyini, yaraşmadığını, kimisi də saçlarına ziyan etdiyini bildirir. Bu aylarda əsasən də xanımlar saçlarını düzləşdirdikdən, yaxud da hər hansı bir formaya saldıqdan sonra dağılmasın deyə, baş üçün hər hansı örtükdən istifadə etmirlər. Hətta zarafatyana "gözəllik qurban tələb edir" deyərək, sağlamlıqlarını böyük təhlükə altına alırlar. Amma hər dəfə qışda evdən başıaçıq çıxanda, valideynlər sağlamlığımıza böyük ziyan vurduğumuzu deyirlər. Bu, doğrudanmı belədir? Görünüş gözəl olur, bəs sağlamlığımıza nə kimi ziyan vururuq?

Həkimlər bildirirlər ki, soyuq və sərt qışda bayırda qalacağınız müddəti əvvəlcədən nəzərdən keçirib, buna uyğun olaraq qalın geyinmək lazımdır. Çünki soyuq havada çox qaldıqda, orqanizmin müdafiə qüvvəsi aşağı düşür və xəstələnmək üçün şərait yaranır. Papaq taxmaq və qulaqlara soyuq havanın daxil olmasını əngəlləmək qışda qorunmağın ən əsas yollarından biridir. Soyuq havalarda başıaçıq gəzmək üz iflicinə səbəb ola bilər. Soyuq hava sinirlərin gərilməsinə şərait yaradır və üzdəki əzələlərin idarə edilməsinə maneçilik törədir. Buna görə də, əzələlər hərəkətsiz qalır. Üz hərəkətlərini təmin etmək üçün beyindən gələn əmrləri əzələlərə çatdıran üz sinirlərindəki problemlər bu xəstəliyə səbəb olur. Üz iflici insandan asılı olaraq özünü fərqli formada göstərir. Bəzən çox yumşaq olur və yalnız insan güldüyü zaman bəlli olur. Üzün yarısı qismən hərəkətsiz və ifadəsiz qalır. Ətraf sinir sistemi səbəbindən, üz iflici alını qırışdırmağa mane olur, gözlər yumulmur, dişləri göstərmək mümkün olmur, dodaqlar büzülmür, ağzın kənarları düz qalır.

Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirir ki, baş örtükləri hər fəsildə istifadə oluna bilər: "Yayda günəş şüalarından, qışda isə soyuqdan qorunmaq üçün papaq və şərfdən istifadə etmək lazımdır. Əks halda, insan, müalicəsi çətin olan bəzi xəstəliklərə tutula bilər. Lakin bəzi insanlar baş örtüyündən çox istifadə edir. Bir tərəfdən, bu da ziyandır. Çünki başın dərisi nəfəs almalıdır, saç diblərini çox havasız saxlamaq olmaz. Əks halda, saçlar tökülə bilər".

Həkim deyir ki, baş dərisinin soyuqlaması tez bir zamanda orqanizmin ümumi soyuqlamasına səbəb olur: "Bunun nəticəsində insanın immuniteti kəskin zəifləyir və insan soyuqdəymə və infeksiya xəstəliklərinə daha tez tutula bilər. Qulaqlar soyuğa xüsusilə, həssasdır. Qulaq sinirinin iltihabı eşitmənin pisləşməsinə, qulaqlarda ağrılara, vaxtında müalicə olunmadıqda, karlığa da gətirib çıxara bilər. Orta qulağın iltihabı olan otitin əsas səbəbi də məhz soyuqlamadır".

Müsahibimiz bildirir ki, papaq qoymamaq bəzi xroniki xəstəlikləri olan insanlar üçün daha təhlükəlidir: "Burun-udlaq da soyuqlamaya çox tez reaksiya verir. Nəticədə insanda zökəmin, tonzillitin (angina), bronxitin və s. iltihabların riski xeyli artır. Xüsusilə, bu, xroniki tonzillit, xroniki haymorit kimi xəstəlikləri olan insanlar üçün təhlükəlidir. İstənilən soyuqlama onlarda xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər".

"Papaqda saçlar əzilir, düzümü korlanır deyə, bir çoxları saçlarını "qorumaq" məqsədi ilə papaqdan imtina edir" deyən ekspert bildirir ki, əksinə, soyuq, saçların sağlamlığına çox ciddi ziyan vurur: "Soyuqda baş dərisinin kapilyar damarları daralır, saç follikullarının qidalanması kəskin pozulur. Bu isə saçların vəziyyətinə mənfi təsir edir - saçlar zəif, nazik, cansız olur, tökülür. Başın soyuqlaması üz sinirlərinin iltihabına səbəb ola bilər. Bu, çox ciddi, güclü ağrılarla müşayiət olunan, çətinliklə müalicə olunan pozulmalardır. Üz sinirinin iltihabı nəticəsində insanın üzü əyilə bilər. Həmçinin, başın soyuqlaması güclü baş ağrılarına, kəllədaxili təzyiqin artmasına səbəb ola bilər".

Müsahibimiz deyir ki, başın soyuqlaması miqren tutmasına da gətirib çıxarır. Bir çox insanlarda ağır baş ağrıları ilə müşayiət olunan miqren xəstəliyi məhz başın güclü soyuqlamasından sonra meydana çıxıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam