Çox arvad almaq yenə dəbə minir, bölgələrdə ikiarvadlılıq artır
Azərbaycanda gizli çoxarvadlılıq və qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı artıb
Yenixeber.org: Atalığın müəyyənləşdirilməsi və əmlak bölgüsü ilə bağlı məhkəmələrdə son illər onlarla müraciətə baxılıb. Çoxarvadlılığn artmasını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev də təsdiqləyir. Əliyev mətbuata müsahibəsində deyir ki, dini təriqətlər arasında ikiarvadlılıq getdikcə artır və bu, daha çox bölgələrdə müşahidə edilir.
Rəsmi nikah bağlamayan cütlük ayrıldıqda qadın bir və ya bir neçə uşaqla tək qalır. Dini kəbin Ailə Məcəlləsi və ya digər qanunvericilik aktlarında tənzimlənmədiyindən əmlak bölünmür, qadınlar maddi yardım ala bilmirlər. Hüquq müdafiəçiləri isə mübahisəli məqamlarda dini kəbinin tanınması təklifi ilə çıxış ediblər. Bəs problem nə qədər dərindir?
Kişi 3-4 arvad alıb ki...
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da dini kəbinin məhkəmə tərəfindən tanınmasının tərafdarlarından biridir. Hüquq müdafiəçisinin fikrincə, dini kəbinin tanınması tərəflər arasında məsuliyyət yarada bilər. Amma bu, ikiarvadlığın rəsmiləşdirilməsi ilə eyniləndirilməməlidir.
"Bizim sığınacağa müraciət edənlər arasında dini kəbinlə ailə quran qadınların sayı çoxdur. Məsələn, hazırda sığınacaqda qalan qadınlardan birinin həyat yoldaşı 3 dəfə evlənib, hər 3 qadından övladı var. Onlara baxmağa maddi imkanı yoxdur. Dini kəbin məsuliyyət yaratmadığndan qadın aliment ala bilmir, üstəlik yaşamağa yeri yoxdur", -Zeynalova virtualaz.org saytına seyib.
Hüquq müdafiəçidi söyləyir ki, əksər hallarda nizamsız, pozğun həyat tərzi keçirənlər qadını inandırmaq üçün dini kəbindən sığorta kimi istifadə edirlər. Qadınlar da dini kəbini olduğunu söyləməklə qeyri-rəsmi münasibətinə haqq qazandırmağa çalışırlar. Sığınacaqda olanlar arasında ikinci, hətta üçüncü arvad statusunda ailə quranlar var.
"Məsələn, biri deyir ki, həyat yoldaşı ailəsinin qorxusundan onunla rəsmi nikah bağlamayıb, 2 övladı olandan sonra isə ayrılıb, xalası qızı ilə ailə qurub. Biz indi atalığın müəyyənləşdirilməsində çətinlik çəkirik. Çünki bioloji analiz, DNT testi olduqca bahadır, qadının bunu ödəməyə imkanı yoxdur. Atalıq təsdiqlənəndən sonra qadın ödədiyi pulu kişidən tələb edə bilər"-M.Zeynalova bildirir.
Bütün hallarda uşaq zərər çəkir
Rəsmi statistikaya görə son 10 ildə qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı 4 dəfə artıb. Zeynalova deyir ki, rəsmi nikah bağlamadan ailə quran cütlüyün səbəbləri müxtəlifdir, amma bütün hallarda uşaqlar zərər çəkir. Onun sözlərinə görə, əvvəllər erkən nikah, əmlak bölgüsündən yayınmaq üçün nikahın bağlanmaması problem kimi qabardılırdısa, indi çoxarvadlıq məsələsi gündəmə gəlib.
"Düzdür, çoxarvadlılığı daha çox dini inanclı adamlara şamil edirlər. Guya ki, əxlaqsızlığın qarşısını almaq, yaxud hansısa qadını kimsəsiz, baxımsız qoymamaq üçün onunla ailə qururlar. Amma indi dindar olmayan şəxslər də çoxarvadlılığa meyl edirlər. Müraciət edən qadınların hamısının dini kəbinlə bağlı sənədi olur", -hüquq müdafiəçisi əlavə edir.
Qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabərdir, amma təcrübədə müəyyən çətinliklər ortaya çıxır. Zeynalova deyir ki, kişilərin öz övladlarına soyad verməsindən imtina etməsinin əsas səbəbi aliment və varislikdir. Əgər uşaq atasının soyadında deyilsə, o, artıq atasının varisi hesab edilməyəcək.
Psixoloqun dedikləri
Pixoloq Vəfa Məmmədova isə deyir ki, bu proses hələ uzun illər davam edəcək. Ölkədə ərəb həyat tərzinin getdikcə daha çox təbliğ edilməsi, bir yandan da savadsızlıq və dini təbliğatın artması insanların düşüncə tərzini dəyişir.
"Dini kəbinlə ailə qurmağı vətəndaş nikahı ilə eyniləşdirmək olmaz. Baxmayaraq ki, hər iki halda qadın və uşaqların hüquqları tanınmır. Xarici ölkələrdə vətəndaş nikahı zamanı tərəflər arasında müqavilə bağlanılır, uşağın əmlak və ya aliment problem olmur"-V.Zeynalova deyir.
Psixoloqun fikrincə, rəsmi nikahın üstünlükləri, tərəflər arasındakı məsuliyyətlərlə bağlı maarifləndirməyə ehtiyac var. Çünki qanun ikiarvadlılığa icazə verməsə də, qadağan da etmir. Yəni Azərbaycanda "çox arvad almaq dəbi" yenidən vüsət aldığına görə bu çoxarvadlılığı rəsmiləşdirmək lazımdır.