Facebook səhifəsini kimlər və necə oğurlayır...
“Daha güvənli, təhlükəsiz kadrlar, avadanlıqlardan istifadə edilməlidir” - ekspert
Yenixeber.org: Yanvarın 29-da Meydan TV-nin facebook səhifəsi hakerlərin hücumuna məruz qalaraq silinib. Məlumata görə, hakerlər Meydan TV-nin facebook hesabında admin imtiyazı qazanmaqla digər istifadəçiləri hesabından silib. Həmçinin səhifəyə gələn ismarışları silməyə başlayıblar. Bir saat içərisində Meydan TV-nin facebook hesabının Azərbaycan, rus və ingilis dillərində olan səhifələri çatımsız edilib. Ümumiyyətlə isə yanvarın əvvəlindən başlayaraq Meydan TV əməkdaşlarının səhifələrinə, e-mail ünvanlarına hücumlar olunduğu bildirilir.
Bütün olanlara görə Meydan TV-nin sosial media meneceri Həbib Müntəzir öz facebook səhifəsində status yazaraq, buna görə məsuliyyət daşıdığını və bu üzdən tutduğu vəzifədən istefa verdiyini açıqlamışdı. Lakin bir gün sonra televiziyanın səhifəsinin geri qaytarılması ilə bağlı məlumat paylaşdı:
“Meydan TV səhifəsi qayıtdı. Bütün paylaşımları siliblər, üstəlik, 100.000 izləyicini də. Yenidən toparlanıb qaldığımız yerdən davam edəcəyik. Azərbaycanda insanları məlumatlandırmaq, bacardığımız qədər həqiqətləri çatdırmaq vəzifəmizdir. Mən Meydandayam, sosial media meneceri olmasam da” .
Xatırladaq ki, ildə bir neçə dəfə bu cür olayla qarşılaşırıq. Bundan əvvəl də bir neçə xəbər saytının və yaxud nüfuzlu şəxslərin facebook hesabları ələ keçirilərək ya bütün paylaşımları silinib, ya da izləyiciləri blok edilib.
Maraqlıdır, bəs facebook səhifələri necə ələ keçirilir? Bunun qarşısını necə almaq olar?
Osman Gündüz mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, bu cür olaylar əslində cinayət məsuliyyəti yaradır: “Bu cür hallarla rastlaşan insanlar hüquq-mühafizə orqanlara müraciət edə bilər. Yəni bu cür olaylar şəxsə və müvafiq qurumlara qarşı hüquq pozuntusudur və problem hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Bu, onların resurslarının mənimsənilməsi, informasiya əldə edilməsinin məhdudlaşıdırlması kimi dəyərləndirilə bilir. Yəni informasiya qurumlarına qarşı aparılan bu cür addıma sıravi bir hal kimi yanaşmaq doğru olmazdı. Çünki bu cür səhifələrdən insanlar informasiya əldə edirlər. Həm də özəl informasiyalar var ki, onların əldə edilməsi məsuliyyət yaradır.
O ki qaldı səhifənin ələ keçirilməsi məsələsinə, məlum olduğu kimi, texnologiya hər gün inkişaf edir və buna görə də təhlükəsizliklə bağlı məsələlərə əməl etmək lazımdır. İstənilən informasiya resursundan istifadə etmək üçün elementar təhlükəsizlik qaydaları var. Daim həmin qaydalara əməl etmək, onları yeniləmək lazımdır. Sual oluna bilər ki, əgər bütün tədbirlərə əməl olunarsa, nəsə yenə problem çıxa bilərmi? Burada əgər məqsədyönlü fəaliyyət olanda, əlbəttə ki, adi insanlar, media qurumları bu cür fəaliyyətin qarşısında tab gətirməyə bilirlər. Məsələn, bir neçə gün bundan əvvəl bir neçə internet qurumları da hücumlara məruz qalmışdı və hətta onların fəaliyyəti məhdudlaşdırıldı, sıradan çıxdı. Yəni internetdə bu cür boşluqlar çoxdur. Hakerlər də həmin sosial və ya internet qurumlarındakı boşluqlardan istifadə edir. Burada insan amili də müəyyən rol oynayır. Əlbəttə ki, informasiya resursu var, deməli, onun arxasında işləyən əl var. Həmin işləyən əllə bağlı müəyyən faktorlar ola bilər. Bunun üçün də daha güvənli, təhlükəsiz kadrlar, avadanlıqlardan istifadə edilməlidir".
Digər ekspertlər də qeyd edir ki, sosial şəbəkə izləyiciləri tanımadıqları şəxslərdən ismarışla gələn linklərə daxil olmamalıdırlar. Məlum olduğu kimi, tez-tez daha çox aktiv olan istifadəçilərə, media nümayəndələrinə pdf formatda fayllar göndərilir. Ekspertlər qeyd edir ki, istifadəçi həmin faylı açdıqda avtomatik olaraq kompüter sistemi hakerlərin nəzarətinə keçmiş olur və beləliklə kompüterində ona aid olan nə vardısa hamısı onların nəzarətinə keçir. Tövsiyə olunur ki, bu zaman həmin sistemi kompüterdən silmək üçün anındaca format etmək lazımdır. Daha sonra isə kompüterlə daxil olduğu sosial şəbəkələrin mail və parollarını dəyişməlidir. Bütün bunların baş verməməsi üçün göndərilən linklərə, pdf formatda fayllara, videofayllara daxil olmamaq lazımdır. Yalnız əmin olduqları halda linkə daxil ola bilərlər. Bunun üçün göndərilən linki facebook hesabı açıq olmadığı digər başqa “Browserə” daxil olub yoxlamaq lazımdır. Pdf formatda fayllara isə yalnız əmin olduqdan sonra daxil olmaq olar.