Yenixeber.org: Dünyanın ən çox istifadəçisi olan Facebook ilə bağlı şikayətlər günbəgün artmaqdadır. Artıq istifadəçilər əminliklə qeyd edirlər ki, onların şəxsi məlumatları qorunmur. Facebook sosial şəbəkəsində video fayl yolu ilə yayılan virus barəsində hər kəsin məlumatı var. İndi də daha bir problem yaranıb. Kiməsə göndərilən şəkil, video və faylları silmək istəyən istifadəçilər buna nail ola bilmirlər. Söhbət arxivi silinsə də, şəkil, video fayllarını silmək mümkün olmur. Bu səbəbdən profillərini donduran kifayət qədər istifadəçi var. " Facebook” administrasiyasına bu barədə şikayətlər daxil olsa da problem hələ həllini tapmayıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a açıqlamasında  bildirdi ki, Facebook biznes qurumunun resursu olduğuna görə, ondan istifadə qaydalarını da bu qurumun rəhbərliyi həll edir:
"Facebook qlobal informasiya resursudur, şəbəkəni idarə edən administrasiya rəhbərliyi var.  İstifadəçilər özləri bu şəbəkədən istifadə etməkdə sərbəstdirlər. Facebook-da əgər hər hansı qaydalara zidd addımlar atılırsa, təhlükəsizlik qorunmursa və buna rəğmən istifadəçilər eyni addımı atırlarsa, burada məsuliyyət istifadəçinin üzərindədir”.
Osman Gündüz bildirdi ki, Facebook administrasiyasının bu qaydalarda dəyişiklik edib-etməyəcəyi ilə bağlı hələ məlumat verilməyib:
"İstənilən anda yenə qeyd etmək istərdim ki, bu məsələdə məsuliyyət istifadəçinin üzərindədir. İstifadəçilər hər hansısa şəxsi şəkli, faylı, videonu göndərəndə və eyni zamanda qəbul edəndə  diqqətli olmalıdırlar. Açıqlanması istənilməyən məlumatları Facebook-da yerləşdirmək, göndərmək təhlükəli ola bilər”.
Osman Gündüzün sözlərinə görə, Facebook administrasiyası belə məsələlərdə çox diqqətlidirlər.
"Qaydalarda hər hansı bir məsələ qeyd olunubsa ona riayət edirlər. Bu cür problemlər qlobal şirkətlərdə çox nadir hallarda ola bilər: Çünki bu cür problemlər olarsa, iş məhkəmədə həll olunur və nəticədə səlahiyyətli şəxslər külli miqdarda cərimələr ödəyirlər. Ona görə mən düşünürəm ki, burada anlaşılmazlıq ola bilər. Ancaq təbii ki, bütün istifadəçilər problemini Facebook administrasiyasına şikayət verməklə həll edə bilərlər”.