Yenixeber.org: Kriptovalyutanın dünyada istifadəsi genişlənməkdədir. Müxtəlif ölkəklər artıq onun qanunvericilik bazasını belə hazırlayıblar. Bəziləri kriptovalyutanı pul, bəziləri isə əmtəə kimi qanunvericiliyə daxil ediblər.
 
Maraqlısı budur ki, virtual pulları əmtəə kimi qeydiyyata alan ölkələr ona xüsusi vergilər də tətbiq ediblər. Bəs izlənilməsi (əməliyyatlar bank hesabı vasitəsilə aparılmadığından) mümkün olmayan kriptovalyutaya vergi hansı şəkildə tətbiq olunmalı, onlayn alış-veriş hansı şəkildə tənzimlənməli və ya ümumiyyətlə bu sahəyə vergi tətbiqi düzgündürmü?
 
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı-ekspert Vüqar Bayramov kriptovalyutanın pul və ya əmtəə kimi qəbul edilməsindən asılı olmayaraq, ilkin mərhələdə vergi tətbiq edilməsini məqsədəuyğun hesab etmədiyini bildirib:
 
"Bildiyiniz kimi Mərkəzi Bankın yeni pul siyasətində kriptovalyutanın, eləcə də blokçeynlərdən istifadənin öyrənilməsi əsas istiqamətlərdən biri kimi qeydə alınıb. Bu isə ondan xəbər verir ki, Mərkəzi Bank da artıq kriptovalyutanın gələcəkdə Azərbaycanda istifadə edilməsi ilə maraqlanır və bu da onların həm Azərbaycan dövriyyəsi, həm də istifadə olunması ilə bağlı xüsusən də qanunvericilik bazasının formalaşdırılması baxımından vacibdir. Kriptovalyuta gəlir əldə etməyə imkan verir. O, bir tərəfdən yığım vasitəsi, digər bir tərəfdən isə ödəniş vasitəsidir. Kriptovalyuta ödəniş vasitəsi olaraq imkan verir ki, çox fərqli onlayn xidmət təklif edən saytlardan müəyyən sifarişlər həyata keçirmək mümkün olsun. Yığım vasitəsi kimi isə qiyməti artdığı halda gəlir əldə etməyə imkan verir.
Azərbaycanda bu sahəyə vergi tətbiq edilməlidirmi? Belə hesab edirəm ki, kriptovalyutaya əmtəə kimi yanaşılsa belə, daha yaxşı olardı ki, ilkin mərhələdə onun istifadəsinin formalaşması üçün vergilər tətbiq olunmasın. Mərkəzi Bank prosesi ciddi öyrəndikdən sonra kriptovalyutalarda yığımlar, onlara sahib olmaq vergidən azad edilsin. Əgər dövriyyə genişlənərsə, buna tələbat yaranarsa, gəlir əldə etməyə imkan verərsə, növbəti mərhələdə verginin tətbiqi barədə düşünmək olar. Digər bir məsələ ondan ibarətdir ki, kriptovalyutalarla ödənişlər ənənəvi bank hesabı ilə deyil, blokçeynlərlə həyata keçirilir. Bunun əsas özəlliyi də odur ki, bank hesabı olmadan belə blokçeynlə ödəniş etmək mümkündür. Ona görə burada verginin tətbiq edilməsi üçün də fərqli mexanizmlərdən istifadəyə edilməlidir. Amma kriptovalyuta bazarı genişlənib və qlobal olaraq dünya artıq virtual valyuta dövrünə hazırlaşır. Buna görə vergi mexanizmləri yaradılsa belə, qeyd etdiyim kimi ilkin mərhələdə kriptovalyutaya vergi tətbiq edilməsi arzuolunan deyil".
 
Azərbaycanın coinlə əməliyyatlara başlaması gözlənilirmi və kriptovalyuta qanunvericilikdə necə qeydiyyata alınmalıdı: əmlak, yoxsa pul kimi?
 
Qaynarinfo-ya açıqlama verən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov kriptovalyutanı işbazların oyunu hesab etdiyini və hələlik Azərbaycanda tətbiqinə ehtiyac görmədiyini deyib:
"Kriptovalyuta oyuna bənzəyir. Bu, uzun müddət davam edə bilməz. Fikir verirsinizsə, necə qalxma və enmələr müşahidə olunur. Bunun bir bazası görünmür, ona görə kriptovalyutanın Azərbaycanda tətbiqinə ehtiyac da görmürəm. Bunun üçün əvvəlcədən müəyyən bir baza, qanunvericilik olmalı, dünya iqtisadiyyatına diktə edən iri dövlətlərlə bağlı müəyyən problemlər aradan qalxmalıdır. Bundan sonra həmin məsələyə baxmaq olar. Hesab edirəm ki, bu, hansısa işbazların oyundur və ondan gəlir götürmək istəyirlər. Bu səbəbdən kriptovalyutanı hələ ciddi bir valyuta hesab etmirəm".
 
Kriptovalyuta və ya elektron valyutanın alqı-satqısında bank əməliyyatlarından istifadə edilmədiyindən, izlənilməsi də bir qədər çətindir. Bu səbəbdən bundan gələcəkdə çirkli pulların yuyulmasında, narkotik və silah ticarətində istifadə oluna biləcəyi də ehtimallar sırasındadır. Bəs belə olduğu təqdirdə təhlükəsizliyi təmin etmək üçün hansı addımlar atılmalıdır?
 
Bununla bağlı Qaynarinfo-ya açıqlama verən keçmiş dövlət təhlükəsizliyi nazirinin müavini Sülhəddin Əkbərkriptovalyutanın dünya praktikasında yeni bir fenomen olduğunu və çatışmazlıqların zamanla aradan qalxacağına inandığını, həmçinin Azərbaycanın da öz milli kriptovalyutasını hazırlamaq üçün nə vaxtsa ilkin hazərlıqlara başlamalı olduğunu diqqətə çatdırıb:
"Bilirsiniz bu, maliyyə sahəsində yeni bir fenomendir və dünyada ən yüksək səviyyəli mütəxəssislər belə bəzən bir-birinə zidd fikirlər səsləndirə bilirlər. Yəni, bu, yeni bir fenomen olduğundan o, insan həyatına oturuşana qədər mübahisələr davam edəcək. Mənə elə gəlir ki, tədricən kriptovalyutalar, elektron pul vahidləri, həm dünya miqyasında universal işləyən, həm də milli kriptovalyutalar meydana gələcək. Məsələn, ABŞ-da artıq dolların elektron variantının hazırlanması ilə bağlı çalışmaların aparılmasına başlanıldığı bəllidir. O baxımdan dünyanın buna öyrəşəcəyini düşünürəm. Heç şübhəsiz ki, bu, yeni bir hadisə olduğundan çatışmayan sahələri var, xüsusilə də hüquqi status və texniki təhlükəsizlik baxımından boşluqlar mövcuddur, amma düşünürəm ki, gələcəkdə bunlar da tədricən aradan qaldırılacaq. Azərbaycan da təbii ki, dünyada gedən prosesləri izləməli, ondan geri qalmamalı, bütün bunlara hazırlıqlı olmalı və nə vaxtsa özünün də milli kriptovalyutasının ilkin hazırlıqlarına başlamalıdır".
 
Çingiz Səfərli