İqtisadçı ekspert 2018-ci il üçün proqnozları açıqlayır —Manatı gözləyən təhlükə
Yenixeber.org: Maliyyə naziri Samir Şərifov bildirib ki, İlin əvvəli ilə müqayisədə təxminən 3,4%, fevral ayı ilə müqayisədə 10%-dən yuxarı möhkəmlənmə müşahidə olunur. Maliyyə naziri qeyd edib ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Samir Şərifov qarşıdan gələn ildə manatın bahalaşacağını proqnozlaşdırıb.
2017-ci ildə manatın durumu və 2018-ci ildəki taleyi ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib:
"Manat 2017-ci ilin son günlərinə qədər fevral ayından müşahidə edilən stabilliyi qoruyub saxlaya bildi. İlin əvvəli ilə müqayisədə manat 4%-ə yaxın möhkəmlənib. Manatın möhkəmlənməsinə təzyiqlər səviyyə balansında və xarici ticarət dövrüyyəsində idxalla ixrac arasındakı fərqlə bağlıdır. Belədir ki, ixrac idxaldan təxminən 4.5 milyard dollar çoxdur. Bu isə o deməkdir ki, ölkəyə daxil olan valyutanın həcmi ölkədən çıxan valyutanın həcmindən 4.5 milyard dollar artıqdır. Bu konteksdən ölkəyə daxil olan valyutanın həcmi çox olduğu üçün maliyə naziri Samir Şərifov manata olan təzyiqlərdən danışıb.
Eyni zamanda dollara olan tələbdə azalma müşahidə olunur. Xüsusən yay aylarında Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan dollarların əhəmiyyətli hissəsi satılmırdı. Bu da dollara olan tələbin aşağı düşməsi ilə bağlıdır. Dollarlaşma səviyyəsi Azərbaycanda çox yüksəkdir. 2015-16-cı illərdə manatın dəyər itirməsi vətəndaşların, eləcədə sahibkarların öz pullarını xarici valyutaya, əsasən də dollara çevirməsinə gətirib çıxardı. Nəticədə dollarlaşma səviyyəsi də artdı. Bu eyni zamanda ona gətirib çıxardı ki, depozitlərdə dolların səviyyəsi 82%-dən, nəğd yığımlarda isə 90%-dən yuxarı oldu. Nəticədə dollarlaşma səviyyəsinin yüksəlməsi ona tələbin azalmasına gətirib çıxardı".
Manata təzyiqin olması və xarici valyutaya tələbin azalmasına gəldikdə isə iqtisadçı ekspert bildirdi ki, buna əsas səbəblərdən biri manat bazasının kiçilməsidir:
"Mərkəzi Bank tərəfindən manat bazasının kiçildilməsi prosesi müşahidə olunur. Manat bazasının kiçildilməsi nəticə etibarı ilə dollara olan tələbi azaltdı. Çünki dollar almaq üçün manat lazımdır, dövriyyədəki manatın payı azaldı. Mərkəzi Bank bu ilin yay aylarında, xüsusən hərraca çıxarılan dollar satılmayanda praktiki olaraq kursu manatın möhkəmlənməsi istiqamətində dəyişə bilərdi. Mərkəzi Bank bunu etmədi. Manatın möhkəmlənməsi qeyri-neft sektorunun inkişafı baxımından heç də arzu olunan deyil".
Vüqar Bayramov 2018-ci ildə manatla bağlı proqnozlarını açıqlayıb:
"İndiki məqamda manatın möhkəmlənməsi qeyri-neft ixracı baxımından arzu olunan deyil. Əslində hökümət manatın möhkəmlənməsini deyil, manatın mövcud məzənnəsinin qorunub saxlanması və buna uyğun olaraq da xarici valyutalarda olan kreditlərə güzəştin tətbiq edilməsinə çalışmalıdır. İndiki məqamda manatın möhkəmlənməsindən daha çox problemli kreditlərin eləcə də toksid aktivlərin sağlamlaşdırılması istiqamətində addımların atılmasına ehtiyac var. Mərkəzi Bankın son açıqlamaları, eyni zamanda yayda hərracın nəticələri ilə bağlı qəbul etdiyi qərarlar göstərir ki, onlar manatın möhkəmlənməsində maraqlı deyil. Neftin dünya bazarındakı qiyməti indiki səviyyədə qalarsa gələn il də Mərkəzi Bank mantın möhkəmlənməsində maraqlı olmayacaq. Neftin dünya bazarındakı qiyməti artarsa Mərkəzi Bankın məzənnəyə münasibəti dəyişə bilər. 2018-ci il 3 ay - mart, avqust və dekabr aylarında Mərkəzi Bank üçün çətin olacaq. 2018-ci ildə manatın məzənnəsi neftin dünya bazarındakı qiymətindən və Mərkəzi Bankın mövqeyindən asılı olacaq".(ölke)
Səxavət Məmməd