Dövlətin yarım milyonunu Beyləqanda kimlər yedi?- Şikayət
Yenixeber.org: Heydər Əsədovun adamı nazirlikdəki himayədarı ilə birlikdə 500 hektar taxıl əkib
Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin direktoru Çərkəz Şirinov rayon sakini Şahin Əsədova qarşı təzyiqlərini günü-gündən artırır. Bu barədə AzFakt.com-a Şahin Əsədov özü məlumat verib.
Onun sözlərinə görə, müəsissə direktorunun özbaşınalıqları barədə kənd təsərrüfatı naziri Heydər Əsədova dəfələrlə müraciət edilməsinə baxmayaraq, Çərkəz Şirinova “gözün üstəqaşın var” deyən yoxdur. Şahin Əsədov bildirib ki, Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin direktoru bir neçə vətəndaşa icarə müqaviləsi əsasında verilən 80 hektar torpaq sahəsini zəbt edərək, orda min bir əziyyətlə əkilən yoncanı biçərək satır. Artıq 3 cü biçimə başlayan Çərkəz Şirinov 80 hektarlıq yonca sahəsindən üst-üstə 50-55 min kip bağlaması satıb. Hazırda 1 ədəd yonca kipinin topdan satış qiyməti 2 manatdan başlayır və bu Çərkəz Şirinovun cibinə 100-110 min manat vəsaitin axması deməkdir. Dövlət torpaqlarını özünün şəxsi ərazisi kimi istifadə edən direktor, heç kəsədən çəkinməyərək büdcəyə köçürüləcək onminlərlə vəsaiti mənimsəyir.
AzFakt.com-a verilən digər ilginc məlumata görə, Çərkəz Şirinov nazir Heydər Əsədovu aldadaraq Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin 500 hektar torpaq sahəsində taxıl əkib. Məlumatda qeyd edilir ki, 500 hektar torpaq sahəsindən 2 (iki) min tona yaxın məhsul götürülüb. Məhsulunun bir hissəsi Çərkəz Şirinovun şəxsi fermasına aparılıb, qalan hissəsi isə yerindəcə satılıb. Hazırda qara bazarda taxılın topdan satış qiyməti 0,25 qəpikdən hesablanır ki, buda Çərkəz Şirinova 500 min manat qazanc gətirməsi deməkdir.
Çərkəz Şirinov
AzFakt.com-a verilən məlumatda bildirilir ki, Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin torpaq sahələri hesabına əldə edilən 500 min manat vəsaitin bir hissəsi Çərkəz Şirinova, yerdə qalan hissəsi isə himayədarlarına çatır. Müəsissə direktorunun əsas himayədarının isə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri Tofiq Qocayev olduğu deyilir. Taxıl satışından əldə edilən yarım milyon manat vəsaitin bir hissəsinin şöbə müdirinə çatdığı bildirilir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.