400 manatlıq həkim ləyaqəti
Şəki Regional Perinatal Mərkəzində həkimlik şərəfi necə ləkələnir?
“xeberinfo.com”: Doğum Evlərində həkim səhlənkarlığı səbəbindən ana və uşaq ölümü ictimai narahatlıq doğuran tendensiyaya çevrilib. Az qala hər həftə, hər gün Kütləvi İnformasiya Vasitələrində bu səpkili xəbərlər yayılmaqdadır. Baxmayaraq ki, səhiyyə nazirliyinin səlahiyyət sahibləri bu istiqamətdə ardıcıl addımların atıldığını deyirlər, amma görünən odur ki, hələ də ana və uşaq ölümünün ardı kəsilmir.
Redaksiyamıza Şəki şəhər 18-ci rayon Tolstoy k. Ev 2-də yaşayan Yaqut Qəhrəmanovanın Şəki Regional Perinatal Mərkəzində başına gələn tükürpədici olayla bağlı məlumat daxil olub. Məlumata görə martın 1-də Yaqut xanım təcili yardım xidməti ilə Şəki Regional Perinatal Mərkəzinə çatdırılıb. Xəstənin ailə üzvlərinə bildirilib ki, təcili əməliyyat olunmalıdır. Həmişə olduğu kimi, böyük bir resept də yazılıb, verilib xəstənin sahibinə. Sözsüz ki, qiymətindən asılı olmayaraq, dərmanlar tam alınıb.
Əməliyyatı baş həkim Fərman Xəlilov və müavini Ruziyə Hüseynova həyata keçirib. Uğursuz əməliyyat nəticəsində ana sağ qalsa da, körpə...
Bundan sonra isə digər həkim Nəzakət Rəsulova göz yaşı qurumayan xəstənin doğmalarından əməliyyatı həyata keçirən həkimlər üçün zəhməthaqqı kimi 400 manat istəyib(?)
Biz bu məlumatla bağlı adları hallanan tərəfləri də dinləmək istədik. Danışa bildiyimiz yalnız baş həkim Fərman Xəlilov oldu. Cənab Xəlilov belə bir əməliyyatın olduğunu təsdiq etsə də, 400 manat məsələsindən xəbərsiz olduğunu dedi: “O xəstə təcili əməliyyat olunmalı idi, biz də bunu edib, xəstənin həyatını xilas etdik. O ki, qaldı 400 manat deyirsiniz, mənim bundan xəbərim yoxdur. Kim istəyibsə o da cavab verər”.
Biz aktuallığını nəzərə alıb mövzunu, lazımı araşdırmalarla davam etdirəcəyik. Onu da qeyd edək ki, Şəki şəhərindəki mənbəmiz Şəki Regional Perinatal Mərkəzində yaşananlar və baş həkim başda olmaqla, bəzi həkimlərin özfəaliyyəti ilə də bağlı “xeberinfo.com”ya maraqlı məlumatlar verib. 10-dək rayonu əhatə edən bu mərkəzin fəaliyyəti ilə bağlı qarşıdakı günlərdə geniş yazı hazırlamağa çalışacağıq. O zaman bəzi həkimlərin hansı əməllər sahibi olduğuna da aydınlıq gələcək.
Mehman