Sim-kart fırıldaqçılığı
Sim-kartların satışı proseduruna edilən dəyişikliklə bağlı Azərbaycan hökuməti tərəfindən qəbul edilən qərarın qüvvəyə minməsi mobil rabitə operatorlarının abunəçilərlə münasibətlərini hüquqi cəhətdən tənzimlənməsinə ciddi yanaşmasına təkan oldu.
"Xeberinfo.com": Məlumata görə, operatorlar ilk iş olaraq, nömrələri öz adlarına qeydiyyatdan keçməyən abunəçiləri xidmət mərkəzlərinə dəvət etməklə bağlı SMS-bildirişlərlə müəyyənləşdirməyə başladılar. Belə bir addım atmaqla, operatorlar bir tərəfdən öz kartotekasını qaydaya salır, digər tərəfdən, bütün məsuliyyəti belə Sim-kart sahiblərinin üzərinə qoyur.
Dəyişikliklər abunəçilərlə bağlanan müqavilələrə də aid edilir. Belə ki, sim-kartların üçüncü şəxs tərəfindən daim istifadə edilməsi üçün verilməsi və gəlir əldə etmək üçün istifadə edilməsi məqsədilə onların satışına qadağa qoyulur.
Üç operator (Bakcell, Azercell və Azerfon) ümumilikdə ölkədə istifadə edilən sim-kartların təqribən üçdə birinin şəxsi məlumatlarını vahid şəklə salmalıdır. Buna isə müəyyən vaxt lazımdır. Gözlənilir ki, hökumətin qərarı ilk növbədə başqa mobil nömrədən istifadə etmək imkanını aradan qaldıracaq. Sənəddə bildirilir ki, mobil operatorların abunəçi bazası Daxili İşlər Nazirliyinin məlumat bazası əsasında yaradılmalıdır və yalnız bundan sonra sim-kart aktivləşdirilə bilər.
Yeniliyin sentyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Bununla belə, operatorların üzləşdiyi müəyyən texniki çətinlikləri nəzərə alsaq, müddətin bir ay da uzadılacağı güman edilir.
Hazırda mobil operatorların bütün səyləri vətəndaşların şəxsi məlumatlarının onların fərdi identifikasiya nömrələrinə (FIN) uyğun olaraq unifikasiyasına istiqamətlənib.
Operatorlar və abunəçilər arasında münasibətlərin qanuniləşdirilməsi prosesi abunəçilərin narazılığına səbəb olan bir sıra əhəmiyyətli problemləri həll edə bilər. Yeni qaydalar dilerlər tərəfindən sim-kartların topdan satışı faktının aradan qaldırılmasına imkan yaradacaq. Çox vaxt belə kartlar saxta sazişlər əsasında satılır ki, bu da başqasının adına qeydiyyatdan keçmiş sim-kart istifadəçilərinin yaranmasına səbəb olur.
Bundan başqa, yeni qaydalar başqasının pasport məlumatları ilə sim-kartlardan istifadə edilmə faktını aradan qaldıracaq. Belə ki, bu səbəbdən abunəçilər abunə balansının vəsaitini hesabdan öz ayağına silən fırıldaqçıların qurbanına çevrilirlər.
Fırıldaqçıların ən çox yayılmış hiyləsi satılan nömrənin başqa şəxsin bank hesabına bağlanmasıdır. Vəsaiti geri qaytarmaq mümkün deyil və belə olduğu halda, abunəçinin edə biləcəyi yeganə hərəkət hesabın çıxarışı ilə bağlı operatora müraciət etməkdir.
Cinayətkarlar həmçinin hazırlanan terror aktı barədə xəbərdarlıq edən yalançı zənglər metodunu da təcrübədən keçirirlər. Bu zənglərin böyük hissəsi əksər hallarda qeydiyyatdan keçməyən Sim-kartlar vasitəsilə həyata keçirilir.
Vətəndaşların həyatını asanlaşdırmağa xidmət edəcək daha bir yenilik dövlət qurumlarının kütləvi şəkildə bildiriş göndərməsi ilə bağlı xidmətin tətbiq edilməsidir. Məsələn, qaz, su, elektrik enerjisi sərfiyyatı, yol hərəkatı qaydalarının pozulması ilə bağlı cərimələr, şəxsiyyət vəsiqəsinin müddətinin başa çatması və s.
Zamanla mobil operatorların sim-kartların elektron formada satışını təşkil edəcəyi istisna edilmir. Qeyd edək ki, operatorlara “Elektron hökumət” portalı vasitəsilə bu imkanı nəzərdən keçirmək təklif olunub. (Trend)