“Dərmanların qiyməti aşağı düşəcək“
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
"Xeberinfo.com": İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2015-ci ilin birinci yarısında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Vurğulanıb ki, ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında davam edən qeyri-sabitliyin mənfi təsirinin qarşısının alınmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malikdir. Görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin I yarısında ümumi daxili məhsul 5,7% artıb, sənaye istehsalında 3,8%, kənd təsərrüfatında 7,3%, rabitədə 10,7%, tikintidə 11,5%, nəqliyyatda 1,7%, ticarətdə 13,4%, ümumilikdə qeyri-neft sektorunda 9,2%-lik artıma nail olunub.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti ölkədə iqtisadi inkişafın davam etdiyini qeyd edib, bu ilin birinci yarısında sosial-iqtisadi sahədə əldə olunmuş uğurları yüksək qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə danışan Ş.Mustafayev bildirib ki, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir. Artıq Sumqayıt Kimya Sənaye Parkında 4 rezident qeydiyyatdan keçib və bu rezidentlər tərəfindən 700 milyon manatdan çox investisiya qoyuluşu nəzərdə tutulur. Balaxanı Sənaye Parkında isə avtomobil şinlərinin bərpası, işlənmiş mühərrik yağlarının və plastik qabların təkrar emalı üzrə fəaliyyət göstərəcək 3 rezident qeydiyyatdan keçib. Neftçalada sənaye məhəlləsinin təşkilinə hazırlıq işləri başa çatdırılıb və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Ölkənin digər regionlarında da sənaye parklarının və məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır.
Dövlət başçısının tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlili aparılır və qiymətlərin aşağı salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıb.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə məlumat verən nazir Ş.Mustafayev bu mühüm sosial məsələyə dövlət başçısının xüsusi diqqət göstərdiyini vurğulayıb və qeyd edib ki, bu sahədə qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanıb. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək. Bununla yanaşı, dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcək.
Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial infrastrukturun – məktəblərin, uşaq bağçalarının, tibb ocaqlarının tikintisi, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək.
Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, 2015-ci ilin birinci yarısında əsas hissəsi qaytarılmış vəsaitlər olmaqla sahibkarlara 97 mln. manat həcmində güzəştli kreditlər verilib. Sahibkarlığın inkişafının stimullaşdırılması, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
İclasda kənd təsərrüfatının inkişafının dövlət başçısının daim diqqət mərkəzində olduğu, ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olan aqrar sahədə görülmüş məqsədyönlü tədbirlər nəticəsində məhsuldarlığın artdığı, 2015-ci ilin birinci yarısında 7,3%-lik artıma nail olunduğu vurğulanıb. Bildirilib ki, hazırda kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Belə ki, indiyədək 30 min hektar sahəni əhatə edən 19 iri fermer təsərrüfatı yaradılıb, müasir suvarma sistemləri qurulub. Artıq fəaliyyətdə olan təsərrüfatlarda taxıl biçini başa çatdırılıb, hər hektarından 60 sentner arpa və 57 sentner buğda olmaqla yüksək məhsuldarlıq əldə edilib. Bununla yanaşı, Şəmkirdə və Yalamada aqroparkların təşkili işləri davam etdirilir. Xızıda isə aqroparkın yaradılmasına başlanıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, tikinti materialları istehsalının genişləndirilməsi, yerli məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, ixracın artırılması, xaricdə logistik imkanların yaradılması, Böyükşor gölünün bərpası layihəsinin ikinci mərhələsinə başlanması, eləcə də Zığ gölünün təmizlənməsi üzrə hazırlıq prosesi müzakirə edilib və işlərin sürətləndirilməsi barədə nazirliyin müvafiq strukturlarına göstərişlər verilib.
Kollegiya iclasında bəzi xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin qəbuledilməz olduğu vurğulanıb və bu cür halların qarşısının alınması üçün tədbirlər barədə təkliflərin hazırlanması qərara alınıb.
Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Kollegiya iclasında ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə dinlənilib, müzakirələr aparılıb. Qeyd edilib ki, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklər edilərək sahibkarlıq subyektlərinin elektron qeydiyyatı zamanı prosedur və müddətlər azaldılıb, korporativ idarəetmənin və kiçik paya malik səhmdarların hüquqlarının qorunması təkmilləşdirilib, tikintiyə icazələrin verilməsi və idxal-ixrac əməliyyatları üçün mövcud prosedur, müddət və xərclər azaldılıb, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün sənədlərin elektron qəbulu təşkil olunub. Bununla yanaşı, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən özəl kredit bürolarının və daşınar əmlakın yüklülüyü reyestrinin yaradılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan müddətin, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün prosedur, müddət və xərclərin azaldılması və s. məsələlər üzrə işlər davam etdirilir.
İclasda Nazirliyin aidiyyəti struktur bölmələrinə vətəndaşların, o cümlədən sahibkarların müraciətlərinin diqqətlə öyrənilməsi və operativ tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilib, bu sahədə geniş müzakirənin təşkil olunması tapşırılıb.
Kollegiya iclasında cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.