TQDK-dan keçid balları ilə bağlı açıqlama
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəbə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları haqqında açıqlama verib
"Xeberinfo.com": Məlumata görə, TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.
E.Nağızadə bildirib ki, abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur: “Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır. Ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər”.
Onun sözlərinə görə, keçid balı müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur: “Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 40 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 200 nəfər göstərib. Bu zaman həmin 200 nəfərdən ən yüksək bal toplayan 40 abituriyent bu ixtisasa qəbul edilir və 40-cı abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur”.
E.Nağızadə qeyd edib ki, müsabiqə şərti isə TQDK tərəfindən hər hansı bir ixtisas qrupunun, yaxud ixtisasın müsabiqəsində (ixtisas seçimində) iştirak etmək üçün qoyulan minimal tələbdir. Belə ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. 2015/2016-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur”.
Xatırladaq ki, ali məktəblərə I və IV qruplar üzrə qəbul imtahanı iyulun 14-də keçirilib, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 25-də keçiriləcək. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.