Sosial şəbəkələrin -həyatımıza təsiri araşdırılıb
“We are social” platformasının yaydığı son məlumata görə, Azərbaycanda əhalinin 81,1 %-i (8,26 milyon) internet istifadəçisidir.
Yenixeber.org: Bu barədə Media Təhlil Mərkəzi(MTM) xəbər verir.
Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5 % artıb.
İnternet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq Media Təhlil Mərkəzi tərəfindən növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 730 respondentin 49 %-ni qadınlar, 51 %-ni kişilər təşkil edib.
Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar. Göstəricilər aşağıdakı kimidir:
“Whatsapp” 92,2 %;
“Facebook” 87,9 %;
“Instagram” 76,4 %;
“Telegram” 60,3 %;
“Twitter” 23,3 %;
“Tiktok” 18,6 %;
“Linkedin” 12,7 %;
‘VKontakte” 5,8 %;
“Odnoklassniki” 4,8 %.
İştirakçıların 7,1 %-i sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4 %-i gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb.
Respondentlərin 0,8 %-i həftədə bir neçə dəfə, 0,3 %-i həftədə bir dəfə, 0,4 %-i isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib.
Cavab verənlərin 55,2 %-i sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3 %-i bunun əksini, 34,5 %-i isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib.
Sorğu iştirakçılarının 58,1 %-inin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6 %-ni, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3 %-ini təşkil edib.