Səttar Möhbalıyev:"AHİK “YAŞAT” Fondunun maliyyələşməsində fəal iştirak edəcəkdir"
Səttar Möhbalıyev: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “YAŞAT” Fondunun da maliyyələşməsində hər zaman fəal iştirak edəcəkdir
Yenixeber.org: Bu gün Azərbaycanda yürüdülən dövlət siyasətinin əsasında duran ən mühüm amillərdən biri ölkə vətəndaşlarının rifah yüksəlişidir. O cümlədən son illər ərzində davamlı olaraq həyata keçirilən iqtisadi və siyasi islahatlar, qəbul olunan qanunlar, uzunmüddətli dövlət inkişaf proqramları da ilk növbədə məhz bu məqsədə - Azərbaycan vətəndaşının sosial müdafiəsinin daha da yüksəldilməsinə, insanlarımızın rifah yüksəlişinin daha da sürətlənməsinin təmin edilməsinə yönəldilib.
Əlbəttə ki, dövlətimiz tərəfindən həyata keçirilən bütün bu tədbirlərin əhatə dairəsində xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın yeri daha önəmlidir. Məlumdur ki, Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğı ilə əhatə etdiyi təbəqələrdən biri də Vətən qarşısında öz borclarını verərkən yaralanmış və sağlamlığını itirmiş insanlarımız, eləcə də şəhid ailələridir. Bu insanların mövcud problemləri daima Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəxsən diqqət mərkəzində saxlanılır və onların həlli məqsədilə bütün zəruri tədbirlər müntəzəm olaraq həyata keçirilir.
Bilirik ki, 27 sentyabr - 10 noyabr 2020-ci tarixlərində davam etmiş Vətən müharibəsinin nəticəsində Azərbaycanda qazilərimizin və şəhid ailələrinin sayı da artmışdır. Əlbəttə ki, Azərbaycan dövləti tərəfindən həmin insanlara tələb olunan bütün yardımların göstərilməsi üçün artıq əhatəli tədbirlər həyata keçirilməkdədir. Düşünürəm ki, bu yönümdə xüsusi əhəmiyyət kəsb edən layihələrdən biri də “YAŞAT” Fondunun yaradılmasıdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci ildə imzaladığı fərmanla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılmışdır. Fondun adı qısa olaraq “YAŞAT” Fondu adlandırılmışdır. İlk növbədə deməliyəm ki, “YAŞAT” Fondu Ali Baş Komandanımızın qazilərə və şəhid ailələrinə qayğısının daha bir təzahürüdür. Həmçinin yeni fondun yaradılması ilə bağlı xüsusilə diqqəti cəlb edən məqamlardan biri də budur ki, Fondun vəsaiti qanunla qadağan olunmayan digər mənbələrlə yanaşı Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr) hesabına formalaşdırılacaq. Bu məqamın xüsusi əhəmiyyəti bundan ibarətdir ki, “YAŞAT” Fondu dolayısı ilə dünya azərbaycanlılarının 44 günlük Vətən müharibəsi dövründə bütün dünyaya nümayiş etdirdikləri möhtəşəm birlik və həmrəyliyin bundan sonra da eyni təşəbbüskeşliklə davam etdirilməsi üçün əlavə bir platforma kimi də çıxış edəcək. Heç şübhəsiz belə bir təsisatın yaradılması son dərəcə müdrik və əhəmiyyətli bir addımdır.
Öz növbəmdə deyə bilərəm ki, dövlətimiz tərəfindən irəli sürülən bütün bu kimi təşəbbüslər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və quruma daxil olan bütün təşkilatlar tərəfindən hər zaman ən yüksək səviyyədə dəstəklənib. Konfederasiya və üzv təşkilatlar mütəmadi olaraq belə sosial yönümlü fondların hesabına ianələr köçürüb və əlbəttə ki, bu fəaliyyət bundan sonra da davam etdiriləcək. O cümlədən bəyan edirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “YAŞAT” Fondunun da maliyyələşməsində hər zaman fəal iştirak edəcəkdir.
Biz qətiyyən unutmamalıyıq ki, Vətən müharibəsində əldə edilmiş möhtəşəm tarixi Qələbəyə görə biz hamımız ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq. Cənab Ali Baş Komandanımızın da dediyi kimi, bu Qələbə bizə şəhid və qazilərimizin canları, qanları bahasına başa gəlib. Buna görə də həmin insanlara və onların ailələrinə qayğı göstərmək yalnız dövlətimizin işi deyil, hamımızın borcudur.