Ramiz Yediyarovla bağlı şok video yayıldı
Bəzi məmurlarla adı eyni siyahıda çəkilən Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov, habelə bu yaşayış məskəninin bir sıra vəzifəli şəxsləri yerli əhali üçün başağrısına çevrilib.
"Xeberinfo.com": Ötən saylarımızda məmurların rayonun ayrı-ayrı sakinlərinə qarşı bir sıra qanunsuzluqlar törətdiyini xəbər vermişdik. Bildirmişdik ki, ölkəmizin ən geridə qalan rayonlarından olan, dağlarla əhatə edilən və düşmən Ermənistanla üzbəüz mövqedə yerləşən Gədəbəydəki əsas problemlərdən biri də Ramiz Yediyarov və onun sağ əli olan Namiq Məmmədovun əməlləridir.
Məhz onun özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb. Gədəbəy rayon sakini Ramazan Muradovun da söylədikləri bir daha sübut etdi ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və digər məsul vəzifəli şəxslər barəsində söylənilənlər həqiqətə uyğundur: “Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin olunana qədər məndən bir şikayət ərizəsi də yazılmamışdı. Amma Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin edildikdən sonra məndən Cahangir Qasımov, Hüseyn Əliyev, Namiq Rüstəmov şikayət ərizəsi yazdılar. Bütün bunlar Namiq Məmmədovun diktəsi altında yazılan ərizələr idi. Onların hamısını buna görə “mükafatlandırdılar”. Bütün bunların müəllifi Namiq Məmmədovdur.
Ramazan Muradov Namiq Məmmədovun Gədəbəydə az qala icra başçısı statusunda tanınan şəxs olduğunu dilə gətirdi. Dediyinə görə, onun başına gətirilənləri elə Namiq Məmmədov etdi. Nəzərinizə çatdıraq ki, qanunvericiliyə görə qohum şəxslər (seçkili vəzifələr istisna olmaqla-red) bir-birlərinin tabeliyində işləyə bilməzlər. Amma Namiq Məmmədov hal-hazırda da Gədəbəy Rayon Maliyyə İdarəsinin rəhbəri vəzifəsində çalışır. O, pul ayırır, yaxın qohumu – Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri Ramiz Məmmədov isə həmin vəsaiti xərcləyir. Bütün bunlar rayonda korrupsiya ilə bağlı faktların mövcudluğunu göstərir. Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Ramiz Məmmədov sonradan Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib: “Əgər çağırıb ərizə yazdırsanız, onun ali savadının hansı səviyyədə olduğunu görərsiniz. Başqa qohumlar da ayrı-ayrı vəzifələrdə çalışırlar. Məsələn, öz kəndlərində bir mədəniyyət evi və feldşer məntəqəsi fəaliyyət göstərir. Orada çalışanların hamısı öz adamlarıdır. Adları orda qeyd edilib, özləri isə başqa yerlərdə yaşayırlar, işləmirlər”.
Ramazan Muradovun sözlərinə görə, hələ bir müddət əvvəl – Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının sədri vəzifəsində çalışarkən kitabxanalarda, məktəblərdə texniki işlərdə çalışmaq istəyənlər Namiq Məmmədova üz tuturdular: “Namiq Məmmədov nə edirdi, kimi vəzifəyə necə təyin edirdi – bunu deyə bilmərəm. Amma ortada müəyyən şərtlər vardı. Pensiya üçün arayış alırsansa, işə gəlmirsənsə, adın orda yazılır, amma pulu başqası alır. Əgər işləmək istəyirsənsə, bunun da digər formada qəbulu vardı. Mən bunları o vaxt eşitmişdim, indi də belə məlumatlar eşidirəm”.
Bütün bunlar onu göstərir ki, əslində Gədəbəydə ikihakimiyyətlilik mövcuddur: – Namiq Məmmədov və Ramiz Yediyarov cütlüyü. Sakinlər məhz bu iki məmurun arasında qalıblar. Gədəbəylilər bilmirlər ki, Namiq Məmmədovu “görsünlər”, yoxsa Ramiz Yediyarovu. (Qaynarxett.az)
P.S. Aşağıda Gədəbəy sakini Ramazan Muradovun Qaynar.tv-də İH başçısı Ramiz Yediyarovu ifşaedici video-sujeti təqdim edirik: