Deputat -Ermənistanın təxtibatından danışdı və beynəlxalq təşkilatları susmamağa çağırdı
"Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatın qarşısını böyük rəşadətlə alıb və ermənilər ciddi itki veriblər. Düşmən bu dəfə də istəyinə nail ola bilməyib və layiqli cavabını alaraq geri oturdulub. Ötən gün cəbhədə baş verənlər Azərbaycan Ordusunun düşməndən üstün və döyüşə hazır olduğunu göstərir”.
Yenixeber.org: Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
Azərbaycanın dörd hərbi qulluqçusunun şəhid olduğunu, bir neçəsinin yaralandığını xatırladan deputat şəhidlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.
O qeyd edib ki, Ermənistan tərəfi dəfələrlə çox itki verib: "Ermənilər özləri sosial şəbəkələrdə yazırlar ki, 30-dan çox itki veriblər. Onlar arasında zabitlər də var. Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi bu dəfə də ölən və yaralanan hərbçilərin sayını gizlədir, real rəqəmləri açıqlamır. Baş nazir Nikol Paşinyan bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır. Əgər hökumət itkilərin real sayını açıqlasa onsuz da boğaza yığılmış ermənilər ayağa qalxacaqlar və bunun səbəbini soruşacaqlar. Ona görə də erməni tərəfi itkilərini gizlədir. Bəzi məlumatlara görə, ermənilərin bir neçəsinin meyiti neytral ərazidə qalıb”.
Milli Məclisin deputatı deyib ki, Ermənistanın dövlət sərhədində artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərməsi bu ölkənin təcavüzkar olduğunu bir daha təsdiqləyir: "Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil iki ölkənin dövlət sərhədində törədib. Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulmasıdır və Azərbaycana qarşı təcavüzdür. Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın bu təcavüzkar addımına, başqa ölkənin sərhədində güc tətbiq etməsi aktına dərhal münasibət bildirməlidirlər, bunu açıq formada qınamalıdırlar və təcavüzkarı dayandırmaq üçün əməli addımlar atmalıdırlar. Eyni zamanda, dünyada sülh, təhlükəsizlik və əməkdaşlığa cavabdeh olan beynəlxalq qurumlar – BMT, ATƏT, Avropa İtitfaqı, Avropa Şurası, NATO Ermənistanın bu addımına göz yummamalıdırlar, ermənilərin artilleriya qurğularından istifadə etməklə törətdiyi təxribatı pisləməlidirlər və rəsmi Yerevanı dayandırmaq üçün dərhal hərəkətə keçməlidirlər. Çünki Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyidir”.
Ü.Quliyev hesab edir ki, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın cəbhədə təxribata əl atması təsadüfi deyil: "Çünki Ermənistanda ağır sosial-iqtisadi vəziyyət hökm sürür, baş nazir Nikol Paşinyan əhaliyə verdiyi vədləri yerinə yetirə bilmir. COVID-19 işğalçı ölkədəki vəziyyəti daha da ağırlaşdırıb. Ermənistanda son dövrlər bir neçə vəzifəli şəxsin ard-arda istefa verməsi hökumətdə ciddi qarşıdurmanın olduğunu və ölkənin siyasi böhrana sürükləndiyini göstərir. Sıravi ermənilərin isə səbri tükənib və bütün bunlara biganə qalmaq niyyətində deyillər. Nikol Paşinyan bütün bunları yaxşı bilir və ölkədəki böhranlı vəziyyətdən diqqəti yaynıdrmaq üçün cəbhədə təxribata əl atıb”.
Deputatın fikrincə, Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib və təxribatları dayandırmasa erməni tərəfi üçün bunun nəticələri çox ağır olacaq: "Gərək Nikol Paşinyan və ona məsləhət verənlər 2016-cı ilin Aprel döyüşlərini unutmasınlar. Düşmən onu da bilməlidir ki, Azərbaycan Ordusu dörd il əvvəl ilə müqayisədə indi dəfələrlə güclüdür. Ordumuz müasir silah-sursat və texnika ilə təchiz olunub, döyüş qabiliyyətini artırıb, vətənpərvərlik ruhu da ən yüksək səviyyədədir. Ona görə də düşmənə bu dəfə daha ağır zərbə vuracağıq və ermənilər Aprel döyüşlərindən daha çox itki verəcəklər. Hazırda Azərbaycan Ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir”. (report)