Mətbuat Şurası şikayətlərə baxdı
Bu gün Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib.
"Xeberinfo.com": Məlumata görə, Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri dörd məsələni araşdırıblar.
Əvvəlcə Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun və Ağdam rayonunun bir qrup təhsil işçisinin, əmək və müharibə veteranının “Cəmiyyət” informasiya agentliyi (“cia.az”) ilə bağlı müraciətinə baxılıb. Komissiya informasiya agentliyindən şikayət doğuran materialları tərəflərin iştirakı ilə müzakirə edərək rəyə gəlib ki, həmin nümunələrin təqdimatında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının əksər prinsip və bəndlərinin tələbləri pozulub. İnformasiya agentliyinin Ağdam Rayon Təhsil Şöbəsi və onun rəhbərliyi barədə gedən yazılarında şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn fikirlər yer alıb. Ümumən yazı konkret sənədlərə, dəlil-sübutlara deyil, mülahizələrə əsaslanıb. Çıxışlarda vurğulanıb ki, “cia.az” mahiyyətində açıq qərəz nəzərə çarpan belə materialları çapa hazırlamazdan əvvəl həm də Ağdamın cəbhəyanı bölgə olduğunu nəzərdən qaçırmamalı idi.
“Cəmiyyət” informasiya agentliyinin baş redaktoru Asəf Novruzov iradlarla razılaşıb, yanlışlıqların aradan qaldırılmasına hazır olduğunu söyləyib. Komissiya onun mövqeyini məqbul hesab edib və agentliyə Mətbuat Şurasının xəbərdarlığı olunub.
İclasda “Moderator.az” xəbər portalının baş redaktoru Zülfuqar Hüseynzadə etiraf edib ki, saytın yaydığı “Haqq çağırıb haqqa çatdı. Akif Məhərrəmli” sərlövhəli yazıda mətnə aid olmayan şəxsin fotosu yerləşdirilməklə texniki yanlışlığa yol verilib. Nəticədə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının müvafiq bəndinin tələbi pozulub. Baş redaktor saytın səhvən yerləşdirdiyi fotodakı şəxsdən - Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlidən üzrxahlığa, təkzib verməyə hazır olduğunu söyləyib.
“AAAF İnşaat” MMC-nin “Bizim yol” qəzetindən şikayətinə baxılarkən mətbu nəşrə qarşı tərəfin mövqeyinin dərci tövsiyə olunub.
İclasda belə rəyə gəlinib ki, Mətbuat Şurasının “Azərbaycan naminə” qəzeti barədə daha dolğun qərarının çıxarılması üçün məsələyə reket jurnalistikaya qarşı mübarizə komissiyasında da baxılmalıdır. Çünki Bakı şəhərindəki “Saraclı” kafesinin sahibinin bu qəzet barədə şikayətinin motivlərində həmin komissiyanın araşdırmalı olduğu məqamlar var.