“İkihakimiyyətlilik yaratmasına göz yummaq olmaz”
Müsavat Partiyasının Divan üzvləri başqanlığa keçmiş namizəd, ADR təsisçisi Qubad İbadoğlunun partiyadan çıxarılma fikrini müdafiə edib.
"Xeberinfo.com": Məlumata görə, Q. İbadoğlunun Divana dəvət edilməsinin ardından sosial şəbəkələrdə qızğın müzakirələr açılıb.
Divan üzvü Vəfa Cümşüdlü Q. İbadoğlunun fəaliyyətinin birbaşa partiyaya qarşı olduğunu deyib.
“Qubad bəy mətbuata açıqlama verib ki, yanvarın 31-də Müsavat Partiyasındakı durumla bağlı tədbir keçirəcək. Sual verirəm, Müsavat Partiyasındakı durum sizi həqiqətənmi narahat edir? Əgər narahatsınızsa, onda niyə qurultayda əlini sıxdığınız partiya başqanını səhəri gün rədd etdiniz? Niyə cəmiyyətə örnək olan bir qurultayı təbliğ etmək əvəzinə, ona kölgə salmağa çalışdınız? Fikirləşirsinizmi, bu 5 ayda birlikdə enerjimizi partiyanın işinə sərf etsəydik, kim udacaqdı, kim uduzacaqdı? Bu qədər qovğalar olacaqdımı? İllərdir əziyyət çəkən insanların hissiyyatı ilə oynayıb onları partiyaya qarşı qoyanların məsuliyyətini kim daşıyır, Qubad bəy? İnsanları zəhərləyib sonra zərdab vurmağın adı yoxdur. Fani dünyada qısa ömür yaşayırıq. Görünür, Tanrı hər kəsə bu qısa müddətdə layiq olduğu qiyməti bizdən fərqli olaraq verməyi bacarır”, - deyə o bildirib.
Divan üzvü Alya Yaqublu isə Q. İbadoğlunun hakimiyyətdən çox Müsavata qarşı müxalifətçilik etdiyini iddia edib: “Artıq Qubad bəyin Müsavatdakı fəaliyyəti partiyada ikihakimiyyətlilik formatı yaradır. Buna göz yummaq olarmı? Məncə, olmaz. Çünki ölkə kimi, partiya hakimiyyətində də intizam olmalıdır. İntizamın olmaması Surət Hüseynov sindromu yaradır. Bu sindromun zədə və zərbələrini 21 ildir “nuş” eləməkdə olan Azərbaycan xalqı Müsavatın partiyadakı bu zərərli durumu aradan qaldırmaq cəhdinin zərurətini anlamış olar”.
Qeyd edək ki, dünən Müsavat başqanı Arif Hacılı “facebook” səhifəsində Q. İbadoğlu haqda birmənalı qarşılanmayan fikirlər paylaşıb.
“Sabah M. Ə. Rəsulzadənin doğum günündə Qubad İbadoğlu ətrafındakılarla birlikdə partiya içinə saldığı nifaqı daha da şiddətləndirmək üçün növbəti cəhd edəcək”, - deyə partiya başqanı bildirib.
Bu gün Müsavat Partiyası M. Ə. Rəsulzadənin doğum günü münasibəti ilə onun Novxanıda yerləşən abidəsini ziyarət edəcək. Partiya daxili narazılarla mövcud rəhbərliyin tədbirə ayrılıqda gedəcəyi gözlənilir.
Publika.az