Sabiq sədrdən xəbərdarlıq və Putinlə bağlı proqnoz
“Qonşu Rusiyaya baxıb ibrət dərsi götürmək lazımdır. Neft pullarının hesabına özünü super dövlət hesab edən Putinin prezidentliyinin 2015-ci ildə başa çatması reallıqdır. 15 il hakimiyyətdə oturub neft və qazdan başqa heç bir exsport məhsulu istehsal etməyən, öz daxili tələbatının azı 40 faizini import malların hesabına bağlayan dövlətin və onun prezidentinin taleyi ancaq belə qurtara bilər.”
"Xeberinfo.com": Məlumata görə, bunları Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev “Neft faktoru və Azərbaycan” adlı məqaləsində yazır. Eks-spiker Moderator.az saytında yayımlanan məqaləsində qeyd edir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsiri olacaq.
“Neftin qiymətinin aşağı düşməsi, büdcə gəlirlərinin 50 faizi və ondan artığının bu sektorun payına düşdüyü ölkələrin hamısının iqtisadiyyatını ağlar vəziyyətə qoyacaq, bu aksiyomadır. Neftin qiymətindən asılı olan keçmiş Sovet respublikaları arasında iqtisadiyyatının birinci çökəcəyi ölkə Rusiya Federasiyası olacaq. Çünki Putin Rusiyası toyuğun həmişə qızıl yumurta verəcəyinə inanıb maaşları ən azı 2-3 dəfə artırıb, hərbi xərclərini ildə 90 milyard dollara qədər qaldırıb, lazımsız inşaat işləri ilə (əzəmətli binalar, lazımsız körpülər və sair) neftdən gələn pulları sağa-sola dağıdıb”.
R.Quliyev qeyd edir ki, 24 milyard dollarlıq büdcəsinin azı 18 milyardı birbaşa və ya bilavasitə neft sektorundan əmələ gələn Azərbaycan iqtisadiyyatını da ciddi sınaq gözləyir:
“Neftin qiymətinin iki dəfə aşağı düşməsi bu 18 milyardın azı 2 dəfə aşağı düşməsi deməkdir. Azərbaycan büdcədən maaşlara ildə 6 milyard ayırıb. Əslində neft sektoru nəzərə alınmasa, Azərbaycan maaşlara 1 milyarddan artıq pul ayıra bilməz. Deməli, maaşlara ayrılmış əlavə 5 milyard neftin satışından gələn pullardır. İndi əgər neftin satışından gələn pullar iki dəfə azalırsa, maaşları bu səviyyədə saxlamaq üçün Azərbaycan neft fondunda yığılmış pullardan istifadə etməlidir.
Əgər tikinti üçün nəzərdə tutduğu 6 milyardı xərcləmək niyyətindədirsə, mənbə olaraq ancaq neft fondunun pulları ola bilər. Əgər manat –dollar nisbətini əvvəlki illər səviyyəsində saxlama istəyirsə, deməli əlavə 8-10 milyard yenə həmin neft fondundan xərcləməlidir.”
R.Quliyevin fikrincə, hökumət maaşları aşağı sala bilməz, çünki bu azı 3 milyon insanın maraqlarına toxunar.
“Hərbi xərclərini aşağı sala bilər, məsələn 2 dəfə, ancaq bu onun bağladığı kontraktların şərtlərindən asılıdır.
Mənasız və bu gün lazımsız tikintiləri saxlaya bilər. Ancaq saxlasa 10 minlərlə işsizlər ordusu yaranar.
Belə bir vəziyyətdə Qərblə bağlı riskli siyasət aparmaq Azərbaycan üçün çox ciddi və ağır nəticələrə səbəb olar.”
R.Quliyev Rusiyanın düşdüyü vəziyyətə baxıb, ibrət götürməyə çağırır:
“Rusiya neftdən gələn pulları Azərbaycandan da çox xərcləyib. Saysız- hesabsız bahalı binalar tikdirib, hərbi xərclərini 3 dəfə artırıb, maaşları daha böyük sürətlə qaldırıb, indi dövlətinin iflası ilə üz-üzədir. Sanksiyalar tətbiq olunmasa idi, Rusiyada iqtisadiyyatın iflası bir neçə il çəkərdi, sanksiyalar bu iflası bir ilə çatdırıb. Putinin Avrasiya İttifaqı çox ucuz siyasi blefdir. Heç bir iqtisadi əhəmiyyəti olmayan bu ittifaqı, Putin siyasətinin böyük qələbəsi kimi öz xalqına sırımaq istəyir. Qazaxıstan və Ermənistan qorxularından, Belarus və Qırğızıstan isə Rusiyadan pul qoparmaq üçün bu ittifaqa giriblər. Bu ittifaq maksimum iki ilə dağılıb gedəcək. İttifaqda Ermənistandan başqa kimsə qalmaz.”