Trampın sirli addımı:Türkiyə bu savaşa məcbur edilir
Trampın ABŞ ordusunu Suriyadan çıxartma qərarı hər kəs, o cümlədən Türkiyədəki Ədalət və İnkişaf Partiyası hökuməti üçün şok oldu.
Yenixeber.org: Bu sözlər türkiyəli yazar Zeynəb Gürcanlının “Sözcü” qəzetində dərc olunan köşə yazısında yer alıb.
“ABŞ ordusunun geri çəkilməsi qərarı AKP-nin uzun müddətdir Vaşinqtona qarşı təhdid ünsürü olaraq istifadə etdiyi “Fəratın Şərqinə giririk” ideyasının gerçəkləşdirilməsinin önünü açıb. Belə ki, artıq bölgəyə böyük kalibrli silahların yerləşdirilməsinə başlanılıb. Ankaranın fikri bölgədə Amerika ilə koordinasiyalı əməliyyat həyata keçirmək idi. Trampın son qərarından sonra isə hər şey artıq Türkiyənin başına qaldı”, – deyə o bildirib.
O, Trampın ABŞ ordusunu bölgədən geri çağırmasının bir neçə səbəbi olduğunu bildirib:
“Tramp siyasətçidən çox iş adamıdır. Beynəlxalq əlaqələrə daha çox xeyir-zərər çərçivəsindən baxır. Tramp ətrafındakı insanlar haqqında rüşvətxorluq, Rusiya ilə birgə seçkiyə müdaxilə haqqında başladılan cinayət işləri nəticəsində çəmbərin daraldığını görərək, gündəmi dəyişdirdi və uğur qazandı. Digər tərəfdən, Tramp Suriyada ərəb dünyasından gözlədiyi maddi faydanı görə bilmədi”.
Yazar həmçinin Trampın yeni qərar sayəsində PKK-ya dəstəyini dayandırdığını və “Patriot” raketlərinin satışına izn verməklə Türkiyəni Moskvadan uzaqlaşdırmaq strategiyasını gücləndirdiyini bildirib:
“Türk ordusunun Fəratın qərbində həyata keçirdiyi əməliyyatlar ABŞ rəhbərliyi tərəfindən dəstəklənib. “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları Qərb ittifaqında NATO üzvü ölkənin Rusiyaya qarşı üstünlük qazanması olaraq şərh edildi. İndi Tramp qoşunları çəkərək, buranı yeni bir NATO ölkəsinin təsir dairəsinə - Türkiyəyə buraxır. Rusiya-İran-Əsəd İttifaqı Suriyada bir NATO ölkəsi Türkiyə ilə qarşı-qarşıya buraxılır”.
Gürcanlı ABŞ qoşunlarının Suriyadan çıxmasından sonra Türkiyənin PKK və İŞİD-ə qarşı əməliyyata başlayacağını söyləyib:
“Bu torpaqların PKK və İŞİD-dən təmizlənməsindən sonra türk ordusu Əsədin qoşunlarıyla üz-üzə qalacaq. Yəni əməliyyat dərinləşdikcə həm siyasi risk artacaq, həm də iqtisadi itkilər böyüyəcək.
Türkiyənin bölgəyə hücum etməsinə tək əngəl PYD-YPG ilə Əsədin anlaşması olacaq. Nəticədə Əsədin əsgərləri Fəratın şərqində Türkiyə sərhədinə nəzarətini ələ keçirəcəklər. Ancaq bu vəziyyətdə Bəşər Əsədin əlinə imkan keçəcək ki, amerikalıların gücləndirib silahlandırdığı PYD terrorçularını Türkiyə üzərinə yönəldə bilsin. Yəni Suriya Türkiyə üçün artıq daha dərin çuxura çevrilir”.
Onun sözlərinə görə, ABŞ-ın Kiprdə hərbi baza yerləşdirmək istəməsi, tezliklə, İncirlik bazasından ABŞ qoşunlarının çıxarılması məsələsini gündəmə gətirə bilər:
“Yunanıstan, İsrail və Cənubi Kipr liderlərinin İsraildə görüşərək, Aralıq dənizində neft axtarışı və ardınca da daşıma fəaliyyətlərinin təhlükəsizliyinin təminatı üçün ortaq hərbi güc yaratmaq qərarı verdilər. Maraqlısı odur ki, görüşə ABŞ-ın İsraildəki səfiri Devid Fridman da qatıldı. İş o qədər ciddiləşib ki, yunanlar Kiprdə üç ölkə arasında koordinasiyanın təmin edilməsi üzrə daimi katiblik qurulacağını açıqladılar. Əlbəttə, qurulan hərbi ittifaqın hədəfinin hansı ölkə olduğu açıqlanmadı. Aralıq dənizində yunanların təkbaşına sərhədlər çəkərək, neft və təbii qaz axtarması ən çox Türkiyənin maraqlarına qarşıdır. Bura bir də ABŞ-ın son dövrlər yunanlarla Kiprdə hərbi baza üçün sövdələşmə aparmasını da əlavə edin. ABŞ-ın Suriyadan 2 min nəfərlik qoşununu çıxartması ortalığı qarışdırdı. Yaxın zamanlarda Vaşinqton İncirlikdən təxminən 2500 nəfər əsgərini çıxartması məsələsini müzakirə etməyə başlasa, təəccüblənməyin”.