Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıdan İrəvana iki zərbə: ermənilər Dağlıq Qarabağ məsələsində birdəfəlik UDUZDULAR

Azərbaycan və Avropa Birliyi tərəfdaşlıq anlaşmasının yeni mətnini gələn ilin mart ayına qədər razılaşdıracaqlar.

Yenixeber.org: Azərbaycanın XİN başçısının müavini Mahmud Məmmədquliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) xarici işlər nazirləri Şurasının Bakıda keçirilən 39-cu toplantısının kuluarlarında belə deyib.

Onun sözlərinə görə, əgər qarşılıqlı anlaşma olarsa və güzəştlər əldə edilərsə, anlaşmanın mətni mart ayına qədər hazır olacaq. Rəsmi Bakı üçün indi mühüm olan məsələ anlaşmanın mətnini hazırlamaq və paraflaşdırmaq, sonra isə onu ratifikasiya etməkdir.

İlk baxışdan rutin, sıradan bir açıqlama təsiri bağışlaya bilər. Avropa Birliyi və Azərbaycan arasında danışıqlar gedir, mətn hazırlanır, müzakirələr aparılır.

Lakin olay çox ciddidir və rəsmi Bakı ilə Brüssel arasında sıx, ən başlıcası isə maraqların qarşılıqlı şəkildə, özü də tam formada nəzərə alınması ilə əməkdaşlığın maksimum dərəcədə intensivləşdirməsinin ilkin mərhələsi gündəmdədir.

Avropa Komissiyasına və Avropa Parlamentinə qarşıdan gələn seçkilər sənədin imzalanma prosesinə qətiyyən təsir etməyəcək. Daha doğrusu, Azərbaycandakı "canlı ölü" formatında olan radikal müxalifətin liderlərinin Ermənistan rəhbərliyi və erməni siyasətçilərinin dediklərini az qala təkrarlayaraq söylədikləri "Bakı ilə Brüssel arasındakı anlaşma bir sıra səbəblərdən imzalanmaya bilər" iddiaları tamamilə puç olub.

Bakıdakı bəlli "azadlıq mücahidləri" Bakının Avropa Birliyi ilə apardığı danışıqlara maneələr yaratmaq üçün həmişəki təki, alleqorik "siyasi məhbuslar" məsələsini var gücləri ilə qabardır, Azərbaycanda az qala "diktatura rejimi"nin hökm sürdüyünü deyir və yazırdılar.

Danışıqlar prosesinə əngəl törətmək, Avropa Birliyini "xəbərdar" etmək üçün Brüsselə yollanan məktubların, ünvanlanan müraciətlərin sayını radikal "ölü"lər özləri də itirmişdilər.

Lakin Avropa Birliyi demaqogiyaya uymayaraq konkret və praqmat fəaliyyəti üstün tutdu, durumu real dəyərləndirdi və Azərbaycanın regiondakı geosiyasi güc mərkəzlərindən biri olduğunu etiraf etdi.

Etiraf edək ki, proses asan deyildi. Yerli "şikayətçilər"lə yanaşı, Ermənistan və Avropa ölkələrindəki erməni diasporu, habelə Avropa Parlamentindəki ermənipərəst deputatlar mütəşəkkil şəkildə fəaliyyətə başlayaraq Brüssel-Bakı anlaşmasının baş tutmaması üçün bütün vasitələrə əl atmışdılar.

Azərbaycanın Avropa Birliyi ölkələrindəki səfirliklərinin, Avroparlamentin və AŞPA-nın binaları qarşısında piketlər, yürüşlər və "etiraz aksiyaları": Ermənistan mediasında refren kimi səslənən "Brüssel Bakıya aldanmamalıdır, insan haqları və siyasi məhbus məsələlərini unutmamalıdır, demokratiyanı neftə və qaza qurban verməməlidir" tipli marazmatik ifadələr "çox qəribə təsadüf"lər nəticəsində Avropa ölkələrindəki qaçqın düşərgələrinə, sosial evlərə və miqrant mərkəzlərinə sığınmış asosial elementlərin "bloqer" çıxışlarında təkrarlanırdı.

Proses 2016-cı ilin noyabrında başlanmışdı. Həmin dönəmdə Avropa Birliyi Şurası Avropa Komissiyasına, habelə xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarına AB adından Azərbaycanla genişmiqyaslı anlaşmanın müzakirəsi üçün danışıqlara mandat verdi.

Yeni anlaşma 1996-cı ildə Avropa Birliyi və Azərbaycan arasında imzalanmış analoji sənədi əvəzləməklə kifayətlənmir.

Rəsmi Bakı bəhs etdiyimiz sənəddə Dağlıq Qarabağ münaqişəsinin həlli və erməni işğalındakı Azərbaycan ərazilərinin azad edilməsi problematikasının daha səbatlı şəkildə yer almasına nail olub.

Milli.Az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumatlara görə, yeni anlaşmada Dağlıq Qarabağ münaqişəsinin, sadəcə, Azərbaycanın suvereniteti, sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həlli nəzərdə tutuulub. Eyni zamanda, yeni anlaşma Avropa Birliyi ilə Azərbaycanın üzləşdiyi ümumi problemlərlə qarşıya qoyulmuş məqsədləri də müəyyənləşdirir.

Bəhs etdiyimiz sənəd 2015-ci ildə Avropa Qonşuluğu Siyasəti prinsiplərinin təsdiqlənmiş formatına cavab verir.

Eyni zamanda, Avropa Birliyi və Azərbaycan arasında siyasi dialoqla qarşılıqlı tərəfdaşlığın yeni müstəviyə keçidi də apriori nəzərdə tutulub.

Hazırda Bakı ilə Brüssel arasında tərəfdaşlıq və əməkdaşlıq 1996-cı ildə imzalanan, 1999-cu ildə qüvvəyə minən anlaşma əsasında tənzimlənir.

Yeni anlaşma isə Azərbaycan qanunvericiliyinin və qanun prosedurlarının Avropa Birliyinin beynəxalq, habelə ticari norma və standartlarına uyğunlaşdırılmasını da ehtiva edir.

Bu isə Avropa Birliyinin bazarlarının qapılarının Azərbaycan məhsulları üçün açılması deməkdir.

Ermənistanı, gerçəkdən də, nokauta salmış ikinci məqam isə dekabrın 12-də Avropa Parlamentində "Avropa Birpliyinin xarici siyasət və təhlükəsizlik sahələrində ümumi siyasəti haqqında" qətnaməsi ilə bağlı keçirilmiş səsvermənin nəticələridir.

Səsvermədə qətnamə 401 səs lehinə, 173 səs əleyhinə sonucla qəbul olunub.

Avropa Komissiyasının vitse-prezidenti, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə Avropa Parlamentinin beynəlxalq siyasət komitəsinin sədri Devid MakAlisterin hazırladıqları, doktrinal səciyyəli qətnamə layihəsi Avropa Parlamentinin başa çatmaqda olan xarici siyasətini sonuclamaqla yanaşı, gələcəkdə əsas prioritetləri müəyyənləşdirir.

Sənəd Avropa Birliyinə üzv olan bütün ölkələrdə və qurumun bütün təşkilatlarında icra üçün məcburi səciyyəlidir.

Əgər ötən illərdə Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı, Azərbaycan ərazisində də münaqişələrin beynəlxalq hüquq normaları, habelə suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipləri çərçivəsində həllinin mütləq olduğunu vuruğlayan bəyanatlar, qətnamələr qəbul olunurdusa da, həmin sənədlərə separatçılar, o cümlədən terror və işğalçılıq siyasəti yürüdən Ermənistan əsla fikir vermirdi.

Lakin "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan ölkələrin 2017-ci ildəki Brüssel sammitində Ukrayna, Moldova, Gürcüstan və Azərbaycandakı ərazi-etnik münaqişələrin həllində ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərinin əsas götürülməsi vurğulanırdı. Ermənistan "millətin öz müqəddəratını təyin etmək hüququ" evfemizminin sammitin yekun bəyannaməsində əks olunmasına çalışsa da, tam uğursuzluğa düçar olmuşdu.

Bu il "Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın prioritetləri" adlı anlaşmanın müzakirəsi zamanı isə Ukrayna, Moldova və Gürcüstandakı problemlər Dağlıq Qarabağ münaqişəsi ilə eyni müstəvidə tutulmadı.

Prosesin məntiqi davamı isə Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərdə bundan sonra Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, suvereniteti və müstəqilliyinin Brüssel tərəfindən tam dəstəklənməsi barədə müddəa oldu.

Beləliklə, ermənilərin "millətin öz müqəddaratını təyin etmək hüququ" kimi idefiksi Avropa Birliyinin və Avropa Parlamentinin yekun qətnamələrində yer almasına yönəlmiş çoxillik səyləri tamamən boşa çıxıb.

Bundan belə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda əsas prinsip Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı olacaq, "millətin öz müqəddəratını təyin etmək hüququ" absurdu, ümumiyyətlə, nəzərə almayacaq.

Ermənistan hələ belə siyasi və diplomatik məğlubiyyətə düçar olmamışdı...

Elçin Alıoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam