“Azərbaycan öz balanslaşdırılmış siyasətini davam etdirir”- Politoloq
Müəyyən xarici mərkəzlər var ki, Azərbaycana təsir etməyə, öz yanlarında görməyə çalışırlar.
Yenixeber.org: Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışına münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilən Azərbaycan, çox gərgin bir regionda yerləşir. Müharibə şəraitində olmağımıza baxmayaraq, rəsmi Bakı balanslaşdırılmış xarici siyasət apardığını rəsmən elan edib:
“Nazirlər Kabinetinin iclasında dövlət başçısının nitqinə diqqət etsək, görərik ki, Azərbaycan öz balanslaşdırılmış siyasətini davam etdirir. Prezident İlham Əliyevin daha çox iqtisadiyyatdan danışması ondan xəbər verir ki, xarici təhlükəsizlik məsələsində iqtisadi amillər də önəmli yer tutur. Yəni Azərbaycan üçün hansı istiqamət faydalıdırsa, o istiqamətdə xüsusi təhlükəsizlik sistemi qurulur. Bu gün Azərbaycanın Rusiya ilə ticari əlaqələri inkişaf edir, artıq Avropaya qaz satırıq, boru xətləri inşa edilir, Türkiyə bizim əsas strateji müttəfiqimizdir. Bununla paralel, Azərbaycanla Türkiyəni irimiqyaslı regional layihələr birləşdirir. İranla da müəyyən ortaq layihələrimiz var. Bütün bunlar əsasən iqtisadi, enerji layihələridir. Bu layihələr əsasında Azərbaycan özünü mümkün siyasi risklərdən qorumağa çalışır. Zənnimcə, Prezident İlham Əliyev də öz çıxışında məhz bu amili nəzərdə tutur”.
Politoloq Prezident İlham Əliyevin ilin 9 ayı ərzində 12 xarici ölkəyə səfərinə toxunaraq bu səfərlərin də Azərbaycanın təhlükəsizlik məsələsində çox önəmli yer tutduğunu vurğuladı:
“Azərbaycan müxtəlif istiqamətlərdə dünya dövlətləri ilə əməkdaşlığını davam etdirir. Əslində, bu gün yalnız Ermənistanla problemimiz var. Çünki torpaqlarımızı işğal etmiş bir dövlətdir, onunla müharibə vəziyyətindəyik. Amma digər dövlətlərlə çox yaxşı münasibətlərimiz mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, qonşu ölkələrlə digər ölkələr arasında hər hansı bir gərginliyin olması region üçün də riskləri artırır. Ona görə Azərbaycan bunlardan da özünü qorumalıldır. Bu gün İranla münasibətlərimiz normal olsa da, çox təəssüf ki, İranın bəzi mərkəzləri hələ də Azərbaycanın iqtisadi münasibətlərini təhdid və təhlükə kimi görür. Halbuki, Azərbaycanın hansısa dövlətlə qurduğu sıx əlaqələr hər hansı bir üçüncü dövlətə qarşı yönəlmir”.