“RUSİYA MƏNİ SATANDAN SONRA “Mİ-6”-ya KÖMƏK ETDİM…” –Skripalın ələ alınmasının təfərrüatı açıqlandı
Bu il İngiltərənin Solsberi şəhərində sinir-iflic maddəsi ilə zəhərlənən Rusiya Hərbi Kəşfiyyatının (QRU) keçmiş zabiti Sergey Skripal kitab səhifələrinə görünməz mürəkkəblə yazılmış məxfi məlumatları İngiltərənin “Mİ-6” kəşfiyyat orqanına göndərirmiş.
Yenixeber.org: Məlumata görə, bu barədə yeni dərc olunmuş kitabda bəhs olunur. Kitab haqda İngiltərənin “The Times” nəşrinin məqaləsində söhbət açılır.
Kitabda verilən məlumata görə, Britaniya kəşfiyyatı Skripalı 1996-cı ildə İspaniyadakı üç illik ezamiyyəti başa çatdığı dövrdə ələ alıb. Bunu keçmiş casusun özü etiraf edib. Sergey Skripalın Britaniya kəşfiyyatına işləmək qərarı isə onu Kremlin hədəfinə çevirib. Kitabda deyildiyi kimi, bu da onun mart ayında Solsberi şəhərində “Noviçok”la zəhərlənməsinə səbəb olub.
67 yaşlı Skripal “BBC”-nin jurnalisti Mark Urbana deyib ki, o, Madridə getməmişdən hələ bir il öncə işlədiyi Baş Kəşfiyyat İdarəsindən (QRU – hərbi kəşfiyyat) istefaya getməyə cəhd göstərib. Çünki o, düşünüb ki, Mixail Qorbaçov və Boris Yeltsin SSRİ-nin dağılması ilə onu satıblar. Mark Urbanın nəşr etməyə hazırlaşdığı “Skripalın işi”(The Skripal Files) kitabında özünü Riçard Beqnall adlandıran (təbii ki, bu əsl ad deyil) “Mİ-6”-nın gənc agentinin Skripalı necə ələ aldığından danışılır.
Həmin kitabın “Daily Mail” qəzetində dərc edilən bir parçasında deyilr ki, cənab Skripal özünün Rusiyadakı vəziyyəti yaxşı gedənə qədər pul qarşılığında Britaniya kəşfiyyatına məlumat verməyə razı olub. QRU-nun içərisində “Mİ-6”-ya casusluq edən Skripala “Təxirəsalınmaz” (Forthwith) kod adı verirlər. Tezliklə Skripal Madriddən Moskvaya qayıdır və onu QRU-nun kadr idarəsinin rəhbəri təyin edirlər.
Moskvada “Mİ-6”-da olan kuratorlarla görüşmək hədsiz təhlükəli olardı, amma ənənəvi metodlarla kəşfiyyat aparmaq isə xeyli riskli idi. Ona görə də, Skripal məlumatın ötürülməsinin başqa bir yolunu fikirləşir. 1997-ci ildə Skripalın həyat yoldaşı Lyudmila və qızı Yuliya İspaniyanın Alikante şəhərinə dincəlməyə gedirlər və onlar orada bir rus yazıçısının kitabını Skripalın “Mİ-6”-dan olan kuratoruna verirlər. Kurator Riçard Beqnall Londona qayıtdıqda isə ekspertlər həmin kitabın səhifələrində görünməz mürəkkəblə yazılmış mətnləri aşkarlayırlar. Həmin kitabın ikinci cildi bir il sonra yenə də Skripalın həyat yoldaşı tərəfindən Malaqada (İpaniya) kuratora təqdim olunur. Sergey Skripal 1999-cu ildə QRU-dan gedir, lakin o, 2004-cü ilə kimi, yəni həbs olunanadək “Mİ-6” ilə işləməkdə davam edir. Sonradan Britaniya ilə Rusiya arasında həbs olunmuş kəşfiyyat casuslarının mübadiləsi aparılır və nəticədə Skripalı azad edirlər.
Beləliklə də Skripal 2010-cu ildə Böyük Britaniyaya köçür.(azpolitika)
V.Nəsibov