Yenixeber.org: Səfər çərçivəsində o, Moskvada yaşayan erməni biznesmenlərlə də görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir, qarşılıqlı güzəştlərə razı olmağın Ermənistan üçün faydalı olmayacağını bildirib. O, beynəlxalq hüquq normalarına zidd olaraq Dağlıq Qarabağı “öz tərkib hissələri” kimi gördüyünü deyib.

AzNews.az mövzu ilə bağlı Siyasi İnnovasiyalar və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu ilə söhbət edib.

- Mübariz müəllim, sizcə, bu məsələ Azərbaycan tərəfindən rəsmi səviyyəyə qaldırılacaqmı?

- Bu fikirləri o, Moskvada erməni biznesmenləri ilə görüşəndə deyib. Həmin fikirlərin ən təsirli hissəsi ondan ibarətdir ki, Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görür. O, siyasi və dövlət işləri baxımından savadsız, nadan adamdır. Eyni zamanda onun bəyanatının başqa tərəfi də var. Bilirsiniz ki, bu yaxınlarda o, KTMT-nin erməni baş katibini həbs etməklə qurumun imicinə zərbə vurdu. İndi də çalışır ki, Avrasiya İqtisadi Birliyinin imicini ləkələsin. Ermənistan birliyə üzv olmaq üçün rəsmən öhdəlik götürmüşdü ki, Dağlıq Qarabağı heç vaxt özünün tərkib hissəsi kimi görməyəcək. S. Sarkisyan birliyin iclasında bu öhdəliyi təsdiq etmişdi. Yəni, Ermənistanı bu şərtlə birliyə üzv olaraq qəbul etmişdilər. İndi isə Ermənistanın birinci adamı Nikol Paşinyan deyir ki, Qarabağ gələcəkdə Ermənistanın tərkib hissəsi olacaq. Bu, o deməkdir ki, Ermənistan Avrasiya İqtisadi Birliyi qarşısında götürdüyü öhdəliyi tanımır. Yəqin ki, yaxınlarda bizim rəsmilər Avrasiya İqtisadi Birliyinin rəsmilərinə müraciət edərək Paşinyanın bu fikirlərini dəyərləndirmələrini istəyəcəklər.

 

- Bəs qondarma “Dağlıq Qarabağ” liderləri və Ermənistan hökuməti buna necə münasibət bəsləyir?

 

- Onların bu fikirlərə iqtisadi və siyasi cəhətdən cavab vermək imkanları yoxdur. Borclarla paralel olaraq əhalinin Nikol Paşinyan hökümətinə narazılığı da artır. Dağlıq Qarabağda çoxlu problemlər var. Həmçinin, orduda göz önündə olan xeyli problemlər mövcuddur.

- Düşünürsünüzmü ki, Paşinyanın bu cür səhvlər etməkdə məqsədi Azərbaycana “ilişməkdir”?

Bayaq da qeyd etdiyim kimi, o savadsız adamdır. Əlbəttə istəyir ki, Azərbaycana ilişsin. Yəni təsəvvür edin ki, 4-cü aydır hakimiyyətdədir və Ermənistana “qara qəpik” də olsun investisiya gəlməyib. Ermənistanın xarici borcu 1 ay ərzində 0,1 % artıb və onlar üçün çox böyük rəqəmdir. N.Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda dükanlar məhsulları bahalaşdırdı. Bütün bunlar da əhaliyə pis təsir etdi. Hazırda isə o, əhalinin fikrini dağıtmaqdan ötrü mövzunu Dağlıq Qarabağ problemi üzərinə yönəldir. Guya ki, o millətçiliklə, problemin həlli ilə məşğuldur. Ona görə də daxili problemlərlə məşğul ola bilmir. Ermənilər belə, N.Paşinyan Ermənistanına investisiya qoymaq istəmirlər. Bu, elə onun Moskvadakı ermənilərlə keçirdiyi görüşdən bilinir. Gördünüz ki, həmin görüşə gələn milyarder Ruben Vardanyan onu nə günə saldı. Paşinyan real iş görə bilmədiyindən mövzunu Azərbaycan, Dağlıq Qarabağ üzərinə yönəldir.