Tramp “düşmən siyahısı” yaradır –Prezident keçmiş komanda üzvlərinə sanksiya tətbiq edir
ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ, ingiliscə CIA) keçmiş direktoru Con Brennanın məxfi informasiyaya çıxışını ləğv edib. O, digər keçmiş milli təhlükəsizlik rəsmilərini də eyni tədbirlə hədələyib. Opponentləri bunu prezidentin özünün açıq tənqidçilərinə qarşı qisas addımı adlandırıb.
Yenixeber.org: Avqustun 15-də adıçəkilənlərdən çoxu keçmiş prezident Barak Obama və digər prezidentlərin administrasiyasında çalışan kəşfiyyat və hüquq-mühafizə rəsmiləridir. Onlar Trampın səhvlərini, düzgün hesab etmədikləri hərəkətlərini daim tənqid ediblər.
Tramp deyib ki, Brennanın “yanlış davranışı” milli təhlükəsizlik “riskləri” yaradır. O, keçmiş kəşfiyyat rəsmisinin yüksək məxfi sənədlərə və dünyada baş verənlərlə bağlı brifinqlərə çıxışının ləğvini bununla əsaslandırıb.
Ancaq Brennan Trampın hərəkətini “hakimiyyətdən sui-istifadə” hesab edir. Trampın digər opponentləri isə onu şəxsi düşmənlərindən “düşmən siyahısı” yaratmaqda ittiham edib, bunun “banan respublikaları”, “demokratiyalar deyil, diktaturalara” xas olduğunu vurğulayıb.
MSNBC ilə əməkdaşlıq edən Brennan iddia edib ki, prezident onun azad söz fikrini məhdudlaşdırmağa çalışır, bu “siyasi motivli” hərəkət “amerikalıların hamısını dərindən narahat etməlidir”.
Brennan kimi keçmiş yüksək rütbəli rəsmilər məxfi informasiyaya çıxışlarını ona görə saxlayırlar ki, öz varislərinə məsləhətlər verə, həmçinin xarici məsələlər üzrə yüksək səviyyəli mövqelərdə çalışa bilsinlər.
Trampın tərəfdarları və tənqidçilərinin fikrincə, onun hərəkəti ABŞ hökumətinin məxfi informasiyaya çıxış prosesinin görünməmiş dərəcədə siyasiləşdirilməsidir, Trampın ölkənin kəşfiyyat və hüquq-mühafizə orqanları ilə savaşının güclənməsidir.
Brennan ötən ay Trampın rusiyalı həmkarı Vladimir Putinlə Finlandiya sammitini “xəyanətə bərabər” adlandırmışdı.
Trump deyib ki, məxfi informasiyaya çıxışını ləğv etmək istədiyi şəxslər sırasında Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru Ceyms Comey, Milli Təhlükəsizliyin keçmiş direktoru Ceyms Clapper, MKİ-nin keçmiş direktoru Mixael Hayden, keçmiş milli təhlükəsizlik müşaviri Suzan Rays, FTB-nin keçmiş direktor müavini Andrew McCabe də var.
Comey FTB-nin Rusiya istintaqına rəhbərlik edirdi, Rusiyanın Tramp-ın seçki kampaniyası ilə mümkün əlaqələrini araşdırırdı. Tramp onu ötən il işdən çıxardı. Clapper CNN-ə deyib ki, Tramp administrasiyası barədə çıxışlarını dayandırmayacaq. Hayden də Trampın təhdidinin onun “nə yazmasına, deməsinə, düşünməsinə” təsir göstərməyəcəyini söyləyib.
Ağ evin mətbuat katibi Sara Sanders isə Tramp-ın təkcə tənqidçilərini hədəfə almadığını vurğulayıb.
Keçmiş dövlət katibi Con Keri, Senatın xarici əlaqələr komitəsinin respublikaçı sədri Bob Coker Trampın hərəkətini “banan respublikası”nın davranışına bənzədib. Konqresdə demokratların fikrincə, Tramp “düşmən siyahısı” yaradır.
(Azadlıq radiosu)