"Azərbaycan-İran əməkdaşlığı regionda ümumi siyasi tərəfdaşlıq münasibətlərinə yeni keyfiyyət əlavə edir"
Azərbaycan və İran regionun çox mühüm iki oyunçusudur. Bu dost və qonşu ölkələrin əməkdaşlığı bütövlükdə regiondakı ümumi siyasi tərəfdaşlıq münasibətlərinə yeni keyfiyyət əlavə edir
Yenixeber.org: Bunu millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkili qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin gündən-günə inkişaf etməsi hər iki dövlətin strateji maraqları baxımından da son dərəcə vacibdir:
"Çünki İran və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, regionun ortaq maraqlarını və mənafelərini müəyyənləşdirən aparıcı dövlətlərdir. Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib. Hazırda İran-Azərbaycan münasibətləri öz inkişaf dövrünü yaşamaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev də iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirir".
H.Babaoğlu hər iki ölkənin mühüm nəqliyyat-kommunikasiya coğrafiyası üzərində yerləşdiyini nəzərə çatdırıb: "Buna görə də hazırda iki ölkənin birgə səyi ilə "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin yaradılması istiqamətində çox mühüm layihə həyata keçirilir. Bu nəqliyyat dəhlizinin mühüm halqası olan Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsi haqqında sazişin imzalanması ilə tarixi bir addım atıldı. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. Azərbaycan okeana çıxışı olmayan ölkə olmasına baxmayaraq, bütün Avrasiya qitəsində nəqliyyat-kommunikasiya qovşağına çevrilməyi bacarıb. Bunlardan biri əgər "Şərq-Qərb" Nəqliyyat Dəhlizi adlandırdığımız "İpək Yolu"dursa, digəri "Şimal-Cənub" adlandırdığımız Norveçdən başlayaraq isti dənizlərə çıxan böyük nəqliyyat dəhlizidir. İki ölkə arasında münasibətlərin bu səviyyəsi həm də ondan xəbər verir ki, bu, tək nəqliyyat dəhlizi olmaqla qalmayacaq, dəhlizin ətrafında mühüm iqtisadi, mədəni və sosial infrastruktur formalaşacaq. Bu da əlavə iş yerləri olmaqla bərabər, həm iki ölkənin iqtisadiyyatının qarşılıqlı inteqrasiyasına gətirib çıxaracaq, həm də iki ölkə arasında əlaqələrin intensivləşməsinə səbəb olacaq".
O, Azərbaycanın hazırda müxtəlif formatlarda yeni diplomatik münasibətlər qurduğunu xatırladıb: "Bu, Azərbaycan Prezidentinin ideyasıdır. Bu sahədə üçtərəfli və dördtərəfli formatların həyata keçirilməsinin şahidi olduq. Əminəm ki, bundan sonrakı mərhələdə qurulan yeni nəqliyyat dəhlizi həmin formatlarda təmsil olunan qonşu və strateji tərəfdaş ölkələrlə də münasibətlərin inkişafına yeni stimul gətirəcək. Digər tərəfdən, İran Prezidenti Bakıya səfəri zamanı regional problemlərin həllinə də toxundu. Bir daha qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Düşünürəm ki, bu, mühüm mesajdır və qonşu dövlətin bu dəstəyi yüksək qiymətəndirilməlidir".