RUSİYA DÜNYA ARENASINA QAYIDIR! –“2018 qlobal oyunçu rolunu təsdiq edəcək il ola bilər”
Trampın idarəetməsinin ikinci ilində əksəriyyət nostalgiya ilə Obamanın prezidentliyini xatırlayır. Lakin Obamanın xarici siyasət irsi ən yaxşı halda ziddiyyətli görünürdü. Obama zamanından başlamış və Tramp zamanı davam edənlər ABŞ-ın nəhəng dövlət rolunun itirilməsidir. Əksər rusiyalılar Sovet İttifaqının dağılmasından sonra Rusiyanın yenidən dünya arenasında mühüm rol oynamasını arzulayıblar. 2018 Rusiyanın qlobal oyunçu rolunu təsdiq edəcək il ola bilər.
Yenixeber.org: Artıq Suriyada qələbə elan olunub, Avropa Birliyi və NATO-nun Şərqə doğru genişlənməsi isə dayandırılıb. Avropa və ABŞ-a münasibətdə Rusiya yeni düşüncə nümayiş etdirir. Bunu onların Amerikadakı demokratik seçkilərə müdaxiləsi də göstərir. Rusiya, həmçinin Latın Amerikasında, Afrikada, Şərqi Asiyada və Yaxın Şərqin digər ölkələrində yer almaqdadır. Moskva Liviya, Əfqanıstan və Qərbi Balkanlarda Qərbin maraqları və məqsədlərinə qarşı birbaşa rəqabət nümayiş etdirən siyasət yürüdür. Rusiyanın xarici siyasət coğrafiyasındakı planları 2018-ci ildə soyuq müharibənin qurtarmasından sonra ən geniş səviyyədədir.
- Müxtəlif vasitələrin işə salınması
Bütün bu regionlarda Rusiya böyük dövlətin klassik manevrinə uyğun davranış nümayiş etdirir. Həmin siyasətin mexanizmlərinə BMT-dəki təşəbbüslər və iqtisadi təzyiqlərlə yanaşı hərbi müdaxilə də daxildir. Rəqəmsallaşma əsrində bunlara media dezinformasiyası və kiberhücumlar da əlavə olunur. Bu vasitələr artıq sınaqdan çıxarılıb və Rusiya özünün yeni qlobal maraqlarını müəyyənləşdirmək istədiyi məkanlarda həmin mexanizmləri tətbiq edir.
Rusiyanın təcavüzkar planları gəzinti və hansısa yayındırıcı manevr yox, geosiyasi reallıqdır. Daxildəki hakimiyyətini möhkəmlətməkdən ötrü Rusiya prezidentinin xarici siyasətdə avantüra ilə məşğul olmasını önə çəkən arqument həqiqətə uyğun deyil. Bəlkə də, Ukrayna münaqişəsinin ilk başında bu belə idi. Onda Putinin populyarlıq reytini 80%-ə yüksəlmişdi. Onun 2018-ci ilin martında yenidən prezident seçilməsinə az adam şübhə edir. Ciddi rəqib yoxdur. Yalnız Putinin xələfinin kim olacağı aydın deyil.
Son on il ərzində Rusiya özünün dünyadakı yerini Qərbə qarşı müxalifətdə durmaq və onun zəif yerlərinə qarşı həmlələr etmək yoluyla müəyyənləşdirib. Lakin Rusiya həmçinin Qərb nizamından və onun ümumi dəyərlərindən, azad ticarətdən də fayda götürüb. O, özünün xarici siyasətini belə bir model üzərində qurub: Avropanı ABŞ-dan qoparmaq, BRİCS sayəsində “anti-klub” yaratmaq və Avrasiya İttifaqını öz hakimiyyətinin əsasına çevirmək.
- Prioritetlərə söykənmək
Lakin qlobal səviyyədə Rusiyanın nə strateji baxışı, nə lazımı resursu, nə də ki, alternativ nizam qaydası yaratmaq üçün tərəfdaşları var. Məsələn, Rusiyanın Çin ilə strateji əməkdaşlığı müəyyən məqsədlər güdür. Bu əməkdaşlığı Avroatlantik əlaqələri ilə müqayisə etmək olmaz və həm də ki, onlar eyniyət təşkil etmir. Hətta Rusiyanın özünün arxa baxçası hesab etdiyi Avrasiya Avropaya qarşı sanksiya tətbiq olunması məsələsində Moskvanın sözünü dinləməz.
Dünya arenasına yenidən əvvəlki güclə qayıtmaq Moskvanın gözlədiyindən də mürəkkəb məsələdir. Amma buna baxmayaraq Rusiyanın yeni qlobal şöhrətpərəstliyi fenomen hesab olunmalıdır. Rusiyanın daxilindəki nizam qaydaları sual altında olduğu bir vaxtda, Moskva düşünür ki, Qərb uzunmüddətli perspektivdə onlarla razılaşmalıdır. Ona görə də, gərginliyin azaldılması siyasətinin həyata keçirilməsi məqsədəuyğun sayılmalıdır. Əsas məsələ kimi prioritetlərə üstünlük verilməlidir.
Qərb Rusiyanın dünyadakı fəaliyyətlərinə dəqiq formalaşdırılmış siyasi gedişlərlə cavab verməlidir. Bu gedişlər arasında onun Ukrayna və Qərbi Balkanlardakı fundamental maraqları da yer alır. Qərb, həmçinin maraqların üst-üstə düşdüyü yerlərdə əməkdaşlığa da can atmalıdır.
Bununla yanaşı müştərək Transatlantik siyasətinin həyata keçirilməsi vacibdir. Amerikanın təkbaşına hərəkət edərək, Ukraynaya müdafiə silahları satması Rusiya üçün Transatlantik əməkdaşlığını parçalamağa əsas verir.
(“Neue Zürcher Zeitung”-İsveçrə)