ABŞ İrəvanın oğru diplomatını qara siyahıya saldı- Siyahı
ABŞ Maliyyə Nazirliyi rus mafiyasının bir sıra qanuni oğrularına qarşı sanksiyalar tətbiq edib
Yenixeber.org: Bu barədə informasiya nazirliyin saytında yer alıb. Qanuni oğrular qara siyahıya transmilli cinayətkar fəaliyyətlərinə görə düşüblər. Yeni sanksiyalara əsasən, bu şəxslərin ABŞ-dakı bütün aktivləri dondurulub və Amerika vətəndaşları ilə biznesi qadağan edilib.
Sanksiyalar siyahısına qanuni oğrular Zaxariya Kalaşov (Şakro Molodoy), Vasili Xristoforov (Vasya Voskres), Kamçibek Kolbayev (Qamçı), Laşa Şuşanaşvili (Laşa Rustavski), Vladislav Leontyev (Vadik Belıy), Yuri Piçuqin (Piçuqa), Vladimir Tyurin (Tyurik), Alimcan Toxtaxunovun (Tayvançik) adı düşüb. Siyahıda həmçinin qanuni oğrulara maddi dəstək verənlərə də yer ayrılıb. Onlardan biri də Özbəkistandan olan məşhur iş adamı Qafur Rəhimovdur.
Eyni maddə ilə siyahıda Ruben Tatulyana da yer verilib. Tatulyan qanuni oğrulara dəstək verməkdə ittiham olunub. Onun iki şirkəti - “Vesna Hotel Spa” və “Novıy Vek – Media” - qara siyahıya salınıb.
Qeyd edək ki, siyahıda yer alan qanuni oğrular rus mafiyasının əsas idarəçiləri hesab edilir. Onlardan bəziləri Rusiyada, bir qismi isə Avropada yaşayırlar. Bu şəxslər sırasında yer alan Vladimir Tyurin həmçinin keçmiş rusiyalı deputat Denis Voronenkovun ölümünün əsas sifarişçisi sayılır. Şakro Molodoy isə mafiyanın lideri olmaqla bərabər, silah ticarətinin əsas iştirakçılarından hesab olunur. Laşa Şuşanaşvili rus mafiyasının Avropadakı qanadının nəzarətçisidir. Məhz onun nəzarəti altında gürcü və postsovet məkanından olan oğrular fəaliyyət göstərir. Bu siyahıda yer alan şəxslərin bir qismi azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) rəqibi sayılırdı. Bu işdə xüsusilə mafiya liderliyinə iddialı olan Vasya Voskres seçilirdi.
Qafur Rəhimova gəlincə, o, Özbəkistandakı “Qardaş dairəsi” adlanan cinayət qruplaşmasının əsas liderlərindən biridir. Onun üzv olduğu qruplaşmada bu siyahıda olanlardan Xritoforov, Leontyev və Kolbayev yer alıb. Rəhimov bir müddət öncə İnterpolun ən çox axtarılan cinayətkarları sırasında yer alsa da, sonradan o, bu siyahıdan çıxarılmışdı. O, Mərkəzi Asiyadan Avropaya narkotik daşınmasının əsas təşkilatçısı kimi göstərilir. Bir zamanlar Özbəkistan lideri İslam Kərimovun qızı Gülnarə Kərimova ilə rəqabətə görə ölkədən qovulan Rəhimov üçün İslam Kərimovun ölümündən sonra münbit şərait yaranıb.
Tatulyan isə əslən Soçidəndir. Ermənistanın hakim dairələri ilə sıx əlaqələrə malikdir. O, həmçinin, Ermənistanın diplomatik pasportunu daşıyır və diplomatik nömrə nişanlı avtomobildə gəzir. Onun diplomatik pasporta sahib olması bu ilin mayında Çexiyada saxlanılmasından sonra ortaya çıxmışdı.