YAP-çı generalı topa tutdu
Səfər Mehdiyev gömrük komitəsini ailə təsərrüfatına çevirib?
"Xeberinfo.com": Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Hidayət Hüseynli Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-leytenant Səfər Mehdiyevin ünvanına kəskin ittihamlar səsləndirib. Hidayət Hüseynli 1993-cü ildən hakim partiyanın üzvüdür. YAP-ın yaranmasında xidmətləri olmuş şəxslərdəndir. Onun “Azadlıq”a ünvanladığı müraciətdə deyilir:
“Ali təhsilli mühəndis olsam da hazırda işləmirəm. İşlə bağlı Gömrük Komitəsi sədrinin 1-ci müavini Səfər Mehdiyevə müraciət etmişəm. Beş övladımdan ikisi ali təhsilli, biri tələbə və ikisi bu il orta məktəbi əla qiymətlərlə bitirib. Səfər Mehdiyevə bir neçə dəfə işsiz övladlarımın və özümün işləməsi üçün müraciət etmişəm. Amma müxtəlif bəhanələr gətirilməklə işlə təmin olunmamışıq. Halbuki, onun bütün uzaq-yaxın qohumları Gömrük Komitəsində işlə təmin olunublar. 28 yanvar 2014-cü il tarixdə etdiyim şikayətə görə oğlum və qardaşım işdən uzaqlaşdırılıb. Oğlum Hüseyn Hüseynli Dövlət Gömrük Komitəsi nəzdində ”Trans Servis" MMC-də Operativ Nəzarət Qrupunda nəzarətçi işləyirdi. Səfər Mehdiyev etdiyim şikayətdən sonra 8 fevral tarixində oğlumu və Astara gömrük idarəsinin rəisi Ədalət Hüseynəliyevin sürücüsü işləyən qardaşım Kazım Hüseynovu işdən çıxarıb. Hər ikisi üç ilə yaxındır ki, işləyirdi. Sonradan qardaşımı işə qaytardılar".
Hidayət Hüseynlinin iddialarına görə, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin ailə təsərrüfatına döndərib: “Bu gün Səfər Mehdiyev bütün qohumlarını gömrük sahəsinə yerləşdirib. Əksəriyyətinə nəinki rütbə verib, hətta qısa müddət ərzində kapitan, mayor, polkovnik olanlar da var. Qardaşları və qohumları dəbdəbəli villalar tikdirir, bahalı maşınlar minirlər. Səfər Mehdiyevin qaynı bir villaya 3 ay ərzində 400 min manat pul xərcləyə bilir, amma yüzlərlə ali təhsilli nehrəmli gənc minbir əziyyətlə hazırda fəhlə işləyir. Onlardan biri qardaşım oğlu Hüseynov Babəkdir. Atası sürücü, anası evdar qadın olan qardaşım oğlu ali məktəbi yüksək qiymətlərlə bitirsə də, hazırda ev təmiriylə məşğuldur.
Səfər Mehdiyevin beş bacısı, iki qardaşı var. Onların əksər ailə üzvləri gömrük sahəsində işləyir. Təkcə bacısı uşaqları deyil, qardaşının uşaqları, bacılarının həyat yoldaşları, qayınları, dayısının uşaqları, bibisinin uşaqları, bacanaqları, orta məktəbdə oxuduğu sinif yoldaşları, bütün qohum-əqrəbası Dövlət Gömrük Komitəsini zəbt edib. Onların əksəriyyəti guya komitəyə test üsuluyla qəbul olunub. Amma onlar vurma cədvəlini də bilmirlər. Dediklərimin təsdiqi üçün müraciətdə qeyd etdiyim adamlar üzə çıxarılaraq araşdırılmalıdır. Mən dediklərimin məsuliyyətini çəkməyə hazıram. Dediklərim təsdiqini taparsa, Səfər Mehdiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ədalətli qərar hər halda yalnız araşdırma və yoxlamalardan sonra məlum olar. Səfər Mehdiyev çirkin əməllərə əl atıb qardaşımı və oğlumu qanunsuz şəkildə işdən çıxarmaqla məni haqq yolumdan döndərməyə çalışır. Onun 70-ə yaxın qohumu hazırda Dövlət Gömrük Komitəsinin müxtəlif sahələrində işləmədən adı getməklə 1000, 1500, 2000 manat pul alırlar. Işə çıxmadan pul alanlar dəbdəbəli maşın və villalar sahibidirlər. Onlar ölkənin büdcəsinə qənim kəsiliblər. Səfər Mehdiyev uçota alınmadan qanunsuz sahibkarlıqla məşğul olur, rayonlarda torpaqları zəbt edir, Bakının müxtəlif yerlərində də qanunsuz sahibkarlıq fəaliyyətini davam etdirir. O, ölkəyə gətirilən mallara dövlət rüsumundan 100 dəfə çox haqq qoymaqla firmalarını daha da zənginləşdirir. Ölkəyə gətirilən bəzi mallar məhz onun monopoliyasındadır. Səfər Mehdiyevin sayəsində ölkədə rüşvətxorluq və korrupsiya izaholunmaz dərəcədə tüğyan edir. Gömrük Komitəsinin sədri Aydın Əliyevə göndərdiyimiz şikayət ərizələrinə cavab verilmir. Bu barədə dəfələrlə qəbulda olmuşam. Komitənin ümumi şöbəsinin müdiri Elçin Hüseynzadə şikayətlərimə baxmaq səlahiyyətində olmadığını söylədi. Nəhayət, mənə Aydın Əliyevin imzasıyla verilən cavabda Səfər Mehdiyevin əməlləri barədə heç bir fikir bildirilmədi. Şikayətlərim əsaslı olduğu üçün Dövlət Gömrük Komitəsi susur. Mən 5 aydan çoxdur ki, Aydın Əliyevin qəbuluna düşə bilmirəm. Səfər Mehdiyevin göstərişiylə komitənin növbətçi hissəsinin rəisi Əjdər Abdullayev, digər işçilər olan Ələkbər Sultanov, Fərid Hacıyev, Namiq Bağırov haqqımda saxta akt tərtib etdirməklə mənə təzyiqlər edirlər.
Mənim ailəmdə heç kimin işləməməsi iki övladımın ali təhsil almasına imkan vermir. Biz Gömrük Komitəsinin 1-ci müavini Səfər Mehdiyevin məmur özbaşınalığı barədə ölçü götürülməsini xahiş edirik".
Onu da qeyd edək ki, Hidayət Hüseynlinin ittihamlarına münasibət öyrənmək üçün Dövlət Gömrük Komitəsi və Səfər Mehdiyevlə əlaqə saxlamağa çalışdıq. Lakin gün ərzində etdiyimiz cəhdlər müsbət nəticə vermədi. Bununla belə Səfər Dövlət Gömrük Komitəsinin, yaxud Səfər Mehdiyevin mövqeyini dərc etməyə hazırıq.