5 rayonun qaytarılması üçün Rusiyanın Azərbaycandan tələbləri—Politoloq şərhi
Yenixeber.org: İddia olunur ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Rusiyanın Azərbaycan qarşısında 3 şərti var. Şərtlər bundan ibarətdir: Azərbaycan Avrasiya İqtisadi Birliyinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalı və Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.
Bu şərtlərlə bağlı politoloq Elşən Manafov danışıb:
"Düşünürəm ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması ilə bağlı məsələlərə bütün hallarda münasibət bildirmək Azərbaycan hakimiyyətinin, Azərbaycan prezidentinin səlahiyyətinə aiddir. Qeyd etmək lazımdır ki, zamanında Azərbaycan KTMT-nin üzvü olmuşdu. Bir neçə il sonra Azərbaycan bu Təşkilatda öz üzvlüyünü dayandırdı. Azərbaycan üzvlüyünü dayandırarkən Ermənistanın da bu Təşkilatın üzvü olması ilə bağlı məsələyə toxundu. Bu Təşkilatın qarşısında duran mühüm vəzifə bu Təşkilata üzv olan dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin, təhlükəsizliyinin təmin edilməsdir. Bu anlamda Təşkilatda üzv dövlətlərdən birinin digərinə təcavüz etdiyi və təcavüzün kifayət qədər böhran yaratdığı şəraitdə KTMT təcavüz etmiş dövlətin adını təcavüzkar kimi görmək istəmir. Azərbaycanla Ermənistana münasibətdə ikili standartlarla yanaşır. ATƏT-in Minsk qrupunda təmsil olunmuş dövlət kimi Rusiya da qeyd edir ki, münaqişənin öz həllini tapması, münaqişə tərəfi olan dövlətlərin öz işidir. Bu dövlətlər ATƏT-in Minqk qrupunun təklif etdiyi hər hansı bir modeli qəbul edəcəklərsə də, Rusiya da həmin modelin qəbul olunması üçün əlindən gələni əsirgəməyəcək. Əlbəttə ki, bu deklorativ mahiyyət kəsb edən bir bəyanatdır. Məlumdur ki, ABŞ və Fransadan fərqli olaraq Rusiya münaqişənin tənzimləməsində Ermənistana kifayət qədər ciddi təsir imkanına malik olan bir dövlətdir. Ermənistan nəinki hərbi baxımdan, iqtisadi və maliyyə baxımından Rusiyadan, müəyyən baxımdan da İrandan asılıdır. Bu mənada Rusiyanın problemi həll etməsi qısa zaman kəsiyində mümkün olan məsələdir. Problemin öz həllini tapmaması təbii ki, Rusiyanın bölgə ilə bağlı geosiyasi maraqlarından irəli gəlir. Rusiya başa düşür ki, onun problemin həllində beynəlxalq hüquq normalarına istinadən sərgiləyəcəyi mövqe Qərbin bölgəyə inteqrasiyasına səbəb olacaq. Faktiki olaraq Qərb bölgədə nüfuz və ya təsir dairəsi uğrunda mübarizədə Rusiya ilə bərabər imkanlar əldə edəcək. Demirəm ki, Qərb Rusiyanı bölgədən sıxışdırıb çıxara biləcək. Çünki Suriya problemi göstərdi ki, artıq Rusiya Qərblə dünyanın bu və ya digər bölgəsində, xüsusən həyati maraqları olan bölgədə kifayət qədər duruş gətirmək və rəqabət aparmaq imkanına malik olan bir dövlətdir. Bu mənada həmin təşkilatdan çıxdığı zaman bəyan etdiyi məqamlar indi də qalmaqdadır".
Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmaqla bağlı məsələyə gəldikdə politoloq bildirdi ki, Birliyə üzv olmaq Azərbaycanın iqtisadi maraqlarına cavab verərdi:
"Xatırlatmaq yerinə düşərdi ki, SSRİ dağıldıqdan sonra onun üzvü olan dövlətlər sovet zamanında mövcud olmuş ənənəvi iqtisadi strukturların pozulması nəticəsində xeyli əziyyət çəkdilər və müəyyən problemlərlə üzbəüz qaldılar. Ermənistan bu Birlikdə olmasa idi, həmin Birliyə qoşulmaq Azərbaycanın digər Birlik üzvü olan dövlətlərlə gömrük və digər problemlərin həllində ciddi imkanlara malik olacaqdır. Güman edirəm ki, Azərbaycan həmin Birliyə Ermənistanın oradan çıxdığı şəraitdə qoşula bilər. Onsuzda Ermənistanın həmin Birlikdə ciddi bir rolu yoxdur. Abxaziyadan keçən məlum dəmiryol xəttinin istifadəyə verilməyəcəyi təqdirdə Ermənistan onsuzda Birlikdə və Rusiyadan təcrid olunmuş bir şəraitdə hal hazırda mövcud olmaqdadır. Ermənistanın iqtisadi, nəqliyyat bağlılığı Rusiya və digər Birlik üzvü olan dövlətlərlə yoxdur. Azərbaycanın bu Birliyə üzv olması əlbəttə ki, Ermənistanın da xeyrinə olardı, ancaq bir şərtlə Ermənistan Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirsin".
Bölgəyə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsinə gəldikdə isə ELşən Manafov qeyd etdi ki, bu heç bir halda Azərbaycanın maraqlarına cavab vermir:
"Abxaziya və Asetiya məsələlərinin həllində Gürcüstanın hansı problemlərlə üzbəüz qaldığının artıq şahidi olmuşuq. Məlum məsələdir ki, Saakaşvili dönəmində Gürcüstanın ərazi bütövlüyünü təmin etmək istəyi Gürcüstana və Saakaşvili iqtidarının nəyin bahasına başa gəldi. Gürcüstanın Rusiya sülhməramlılarının üzərinə keçməsi 2008-ci ildə Gürcüstan Rusiya insidentini yaşatdı. Qərb Gürcüstana hərbi, siyasi, maliyyə dəstəyi verə biləcəyi ilə bağlı bəyanatlarından uzağa gedə bilmədi və ya getmək istəmədi.
Bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi problemin həllinə deyil, onun daha da uzadılmasına, Azərbaycan üçün proqnozlaşdırılması müşkül olan problemlərin də yaşanmasına gətirib çıxarda bilər".
İrəli sürüləcək 3 şərtdən Azərbaycan birini seçmək qarşısında qalarsa Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunması bütün hallarda özü və Birlik üzü ölkələri üçün xeyirli olacaq məsələdir deyən politoloq bildirdi ki, Azərbaycan tranzit və nəqliyyat kominikasiyasına malik olan bir dövlətdir:
"Bütün hallarda Azərbaycanın Birliyə qoşulması həmin Birliyi daha cəlbedici edəcək. Azərbaycanın üzvlüyü Birliyin iqtisadi baxımdan iqtisadi rentabelliyini təmin edəcək. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulacağı təqdirdə Mərkəzi Asiyanın digər dövlətlərinin, prespektivdə Çinin, Türkiyənin və Şərqi Avropa ölkələrinin bəzilərinin də Birliyə cəlb olunmasına səbəb ola bilər. Rusiya iqtidarı bunu gözəl başa düşür. Düşünürəm ki, Rusiya Azərbaycanla Ermənistan arasında seçim etmək məcburiyyətində qalarsa Ermənistana ciddi təzyiqlərlə bu problemi həll edərək Azərbaycanın birliyə üzvlüyünü təmin edə bilər.
Ancaq bütün hallarda bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab verəməyəcək. Bu halda azərbaycanın Qərb tərəfindən ciddi təzyiqlərə məruz qala bilər. Çünki bölgəyə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi bölgəyə Rusya silahlı qüvvələrinin yerləşdirilməsi deməkdir ki, bu da Qərbə inteqrasiya ilə bağlı məsələlərdə, Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələdə gələcəkdə problemlər doğura bilər. Rusiya bölgədə hərbi təmsilçiliyindən istifadə edərək, artıq Azərbaycanla tamamilə başqa bir dildə və başqa bir rakursda danışmaq imkanları əldə edəcək. Təbii ki, Azərbaycan iqtidarı buna heç vaxt getməyəcək".
Azərbaycanın həyata keçirdiyi xarici siyasətə toxunan politoloq dedi ki, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanın milli təhlükəsizliyinə cavab verir:
"Bu siyasət Azərbaycanın bölgə və Qərb dövlətləri ilə münasibətlərində ciddi problem yaşatmır. Tehran sammitində Rusiyanın Azərbaycana daha bir təkilfi olub. Rusiya Suriyanın müharibədən sonra iqtisadi və infrastrukturunun bərpa edilməsi ilə bağlı məsələlərdə Azərbaycanı da görmək istəyəcək. Bu təklif Azərbaycanın nə dərəcədə maraqlarına cavab verəcək buna hər halda Azərbaycan iqtidarı cavab verəcək. Düşünmürəm ki, Suriyanın müharibədən sonra iqtisadiyyatının bərpa edilməsində Azərbaycanın bölgə ilə bağlı və iqtisadi maraqlarına cavab versin. Azərbaycanın neft və qaz şirkətləri Suriyada keçirləcək tenderlərdə iştirak edə bilər, ancaq bu da Qərb dövlətləri ilə Azərbaycan arasında problem yarada bilər. Düşünürəm ki, Azərbaycan bu təklifə böyük məmnuniyyətlə getməyəcək".
Qeyd edək ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu görüşlə bağlı məlumatı etibarlı mənbədən aldığını "Facebook" səhifəsində paylaşıb.(ölke)
Səxavət Məmməd