Elmar Məmmədyarov Vyetnamın baş naziri Nquyen Xuan Fuk ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın baş naziri Nquyen Xuan Fuk ilə görüşüb.
Yenixeber.org: Görüşdə nazir Elmar Məmmədyarov 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xatırladaraq Azərbaycan və Vyetnam arasında mövcud sıx dostluq əlaqələrinin dərin tarixi köklərinin olduğunu bildirdi.
Nazir Elmar Məmmədyarov 2017-ci ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar olaraq əlamətdar olduğunu vurğulayaraq, rəsmi səfəri çərçivəsində münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş “Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər” mövzusunda təşkil edilmiş konfransda iştirak etdiyini, geniş müzakirələr aparıldığını bildirdi.
Görüş əsnasında Nazir həmsöhbətinə Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub dəhlizi barədə məlumat verərək, Azərbaycanın Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini diqqətə çatdırdı. Bu xüsusda, qeyd edilən dəhliz vasitəsilə Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanların mövcudluğu qeyd olundu.
Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən Baş nazir Azərbaycan tərəfinin bu təklifinin cəlbedici olduğunu, bununla bağlı Vyetnam tərəfinin müzakirələrə açıq olduğunu bildirdi.
Habelə, Baş nazir Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin iki ölkənin mövcud potensialına cavab vermədiyini qeyd edərək, ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən söz açdı. Bu xüsusda, Baş nazir Vyetnam bazarının Azərbaycanın neft maşınqayırma sənayesi məhsulları üçün açıq olduğunu bildirdi. Görüşdə Vyetnamda istehsal olunan məhsulların Azərbaycan bazarına da ixracı məsələsi müzakirə olundu.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın mühüm rola malik olduğu bildirildi və Komissiyanın qarşıdan gələn iclaslarında müxtəlif sahələr üzrə ekspertlərin iştirakının vacib olduğu qeyd olundu. Həmçinin, iki ölkənin işgüzar dairələri arasında birbaşa təmasların qurulması və biznes forumlarının keçirilməsinin əhəmiyyətinə toxunuldu