Fransadan anti-Azərbaycan gedişi –etiraz notası olacaqmı?
Separatçıların dostu Fransada yüksək dövlət postuna gətirildi; Azərbaycandan reaksiya gecikmədi; Qarabağ məsələsində neytral vasitəçiliyə iddia edən Fransanın daxili işlər naziri ölkəmizə buraxılmayacaq...
Xeberinfo.com: Dağlıq Qarabağ məsələsində Azərbaycanın vasitəçilər sarıdan bəxti doğrudan da gətirməyib. Çünki ATƏT-in Minsk Qrupunun hər üç həmsədri - Rusiya, ABŞ və Fransa bu məsələdə ölkəmizə qarşı, yumsaq desək, ədalətli və qərəzsiz deyil. Azərbaycan prezidenti İlham Əliyevin də açıq söylədiyi kimi, onlardan biri işğalçıya maliyyə, siyasi köməklik göstərir, o biri hərbi dəstək verir, digəri də təbliğatını aparır.
Söz yox ki, illər öncə qardaş Türkiyə “vasitəçi üçlük”dən uzaqlaşdırılıb yerinə Fransa gətiriləndə sülh prosesinin hara aparıldığı gərək yaxşıca hesablanaydı. Rəsmi Bakı o zaman təkid edə və şərt irəli sürə bilərdi ki, Fransa da vasitəçi olacaqsa, o halda balans xətrinə Türkiyə mütləq həmsədrlikdə olmalıdır. Hər necə olmasa, məsələ konsensus tələb edirdi və Azərbaycan razılıq verməsəydi, “Ermənistanı kiçik bacı” adlandıran Fransa həmsədrliyə gələ bilməzdi.
***
Nə isə, olan oldu. Ötən müddətdə Fransa dövləti ermənilərə münasibətdə Rusiya və ABŞ-dan da artıq sədaqət nümunəsi göstərdi, hətta ermənilərdən çox ermənilik elədi. Rusiya və Amerika kimi, bu dövlətin yetkililərinin dilindən də “işğalçı Ermənistan” kəlməsini eşitmədik.
Tam əksinə, guya vasitəçi ola-ola rəsmi Paris təcavüzkar ölkəyə ciddi siyasi reveranslar elədi: Fransada separatçı rejimin nümayəndəliyinin daha da əl-qol açıb Azərbaycan əleyhinə iyrənc təbliğat aparmasına şərait yaratdı, prezident Fransua Olland saxta “erməni genosidi”nin 100-cü ildönümü ilə bağlı İrəvana səfər edən üç xarici ölkə prezidentindin biri oldu, hazırda isə uydurma soyqırım iddiasının inkarına görə cəza nəzərdə tutan qanun məhz Ollandın təkrar şəxsi təşəbbüsü əsasında parlamentdə təsdiqlənəndən sonra Konstitusiya Məhkəməsində öz təsdiqini gözləyir.
İşğalçı ermənilərə qarşı rəsmi Parisin bu qəbildən reveransları indi də davam edir. Elə srağagün prezident F.Olland qatı ermənipərəst, Qarabağ separatçılarının ən yaxın dostlarından olan və ötən il icazəsiz şəkildə Dağlıq Qarabağda olmuş, bu üzdən də dərhal Azərbaycan XİN-in “qara siyahısı”na düşən Bruno Le Runu daxili işlər naziri təyin edib.
Əlbəttə, təqdiredicidir ki, olaya rəsmi Bakının reaksiyası gecikməyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı deyib. Sitat: “Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır. Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq ”arzuolunmaz şəxslər" siyahısına daxil edilir. Qanun qanundur və hamıya da eyni cür şamil olunur".
Yəni cənab Bruno Le Ru Azərbaycan dövləti və xalqından üzrxahlıq etməyincə, əməlinə görə peşmançılıq hissi keçirməyincə, ölkəmizə buraxılmayacaq. Əslində isə Azərbaycan Fransa tərəfinə etiraz notası da təqdim edə bilərdi. Həm də o səbəbə ki, məsələn, Azərbaycan prezidenti Fransa səfəri zamanı həmin şəxslə - daxili işlər naziri ilə də üz-üzə gəlib onun əlini sıxmaq zorunda qala bilər.
***
Bu arada digər həmsədr dövlət - ABŞ-dan da nə yazıq ki, separatçılara isti qucaq açılması ilə bağlı qanqaraldıcı xəbərlər gəlməkdədir. Xəbərlərə görə, dünən Amerika Konqresinin binasında saxta “DQR-in müstəqilliyinin” 25 illiyə ilə bağlı tədbir keçirilib. Yayılan şəkillərdən göründüyü kimi, separatçı rejimin “bayraq” adlandırılan əskisi də Konqres binasında qoyulub - yəni amerikalılar üçün kifayət qədər müqəddəs yer beləcə, murdarlanıb.
Hələ harasıdır, onlarla amerikalı konqresmenin qatıldığı tədbirdə separatçı rejimin qondarma “baş naziri” Araik Arutunyan çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əleyhinə ağzına gələni danışıb. Halbuki Krımın işğalına görə Rusiyaya və Krım separatçılarına 3 ildir sərt sanksiyalar tətbiq edən ABŞ dövləti məntiqlə bu erməni separatçı gədəsini, türmənin darıxdığı cinayətkarı ya öz ərazisinə buraxmamalı idi, ya da tutub Bakıya təhvil verməli idi...
Son baş verənlər Dağlıq Qarabağ məsələsində bir daha Azərbaycanın həm diplomatik səyləri və erməni təbliğatı əleyhinə ifşaedici fəaliyyətini gücləndirməsinin vacibliyini ortaya qoyur, həm də qardaş Türkiyə, Pakistan və İsraillə hərbi-siyasi əlaqələri durmadan dərinləşdirmək hesabına işğalçı Ermənistan üzərində əzici hərbi üstünlüyünü saxlamaq zərurətini diktə edir. Qərəzli vasitəçilərin təcavüzkara və separatçı rejimə qucaq açmasına qarşı ayrı effektli “peyvənd” təəssüf ki, hələlik yoxdur.
Musavat.com