"Beynəlxalq ictimaiyyət İrəvanın nazı ilə oynamayacaq"
Rəsmi İrəvan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir.
Xeberinfo.com: Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatını və danışıqlar prosesini təhrif edən açıqlmasını şərh edərkən bildirib.
H.Hacıyevin sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi “Dağlıq Qarabağ xalqının öz iradəsini ifadə etməklə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında təsbit olunub” deməklə təmsil etdiyi qurumun ənənələrinə sadiq qalaraq Ermənistan ictimaiyyətini aldatmaq və özünə təsəlli verməklə məşğuldur: "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin statusu danışıqlar prosesinə uyğun olaraq yalnız konsensus vasitəsilə müəyyən oluna bilər. Prezident İlham Əliyev tərəfindən “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə ətraflı müsahibəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin muxtariyyət statusu ilə əlaqədar məsələlərə təfərrüatı ilə aydınlıq gətirilib".
Azərbaycan XİN rəsmisi bildirib ki, Ermənistanın kriminal hərbi xunta rejimindən fərqli olaraq, Azərbaycan rəhbərliyinin xalqla dialoqu və beynəlxalq ictimaiyyətə müraciəti açıq və aydın xarakter daşıyır: "Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağın müstəqilliyinə razılıq vermək üçün Azərbaycana göstərilən təzyiqlərdən danışdı. Lakin, nitqinin ardınca Prezident İlham Əliyev bildirdi ki, heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu, dövlətimizin başçısı tərəfindən ifadə olunan Azərbaycanın qəti və prinsipial mövqeyidir. Göründüyü kimi, rəsmi Yerevan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməli və dərin siyasi-iqtisadi, maliyyə və demoqrafik böhran şəraitindən çıxmaq üçün münaqişənin həlli ilə yaranacaq imkanlardan istifadə etməyi düşünməlidir. Rəsmi İrəvan nəhayət anlamalıdır ki, beynəlxalq ictimaiyyət onun nazı və arzuları ilə oynamayacaq".(Trend)