Gülər Əhmədovanın azad olunması və şərti məhkumluğun şərtləri...
"xeberinfo.com": Xəbər verdiyimiz kimi, mayın 5-də sabiq deputat Gülər Əhmədova 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza ilə azadlığa buraxılıb. Bəs bu cəzanın özəllikləri necədir?
“xeberinfo.com” Cəzaların İcrası Məcəlləsindən çıxarışı təqdim edir:
Maddə 179. Şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən orqanlar
Şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir.
Maddə 180. Şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydası
180.1. İcra məmuru sınaq müddəti ərzində məhkumların qeydiyyatını aparır, onların işlədikləri yer üzrə işəgötürənin iştirakı ilə məhkumların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunan vəzifələrin yerinə yetirilməsinə nəzarət edir.
180.4. Şərti məhkum edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən məhkumlar icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.
Maddə 181. Sınaq müddətinin hesablanması
181.1. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır.
181.2. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.
Maddə 182. Şərti məhkum edilmiş şəxslərin məsuliyyəti
182.1. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən ona üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) sınaq müddətinin uzadılması barədə məhkəməyə təqdimat verir.
182.2. Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması barədə məhkəməyə təqdimat verir.
182.3. İcra məmuru məhkumun üzərinə onun islah olunmasına kömək edən yeni vəzifələrin qoyulması və ya əvvəllər məhkumun üzərinə qoyulmuş vəzifələrin tamamilə və ya qismən ləğv edilməsi barədə məhkəməyə təqdimat verə bilər.
182.4. Məhkum tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi sınaq müddəti ərzində vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.
182.5. Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.