LAVROVUN GECİKMİŞ BAKI SƏFƏRİNDƏ 3 HƏDƏF
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri başlayır.
Xeberinfo.com: Rəsmi qaynaqların bildirdiyinə görə, iki günlük səfər çərçivəsində əsasən ikitərəfli əlaqələr və Dağlıq Qarabağ məsələsi diqqətdə olacaq. Rusiyanın Azərbaycandakı səfiri Aleksandr Doroxininin bildirdiyinə görə, nazirin səfər proqramı artıq hazırdır. Diplomat belə bir detalı da vurğulayıb ki, Sankt-Peterburq görüşündə prezidentlər Lavrovun vasitəçiliyinin davam etdirilməsi barədə razılığa gəliblər. Deməli, baş mövzu Qarabağ olacaq.
Bəllidir ki, Sergey Lavrov Bakıya düz bir həftə öncə – iyulun 4-də gəlməli idi. Rusiya XİN başçısı İrəvanda KTMT-nin tədbirindən sonra Azərbaycana təşrif buyurmalı idi.Lakin gözlənilən olmadı, Rusiya diplomatiyasının “ağır topu” İrəvandan birbaşa Moskvaya döndü. Səfər qrafikindəki bu qəfil dəyişiklik isə siyasi şərhçilərdə bəzi ehtimalların yaranmasına yol açdı.
Versiyalardan biri belədir ki, ola bilsin, Lavrovun İrəvanda Ermənistan rəsmiləri ilə apardığı Qarabağ mövzusunda qapalı danışıqlar Kremlin gözlədiyi effekti verməyib və Bakıya səfərə lüzum qalmayıb. Başqa versiyaya görə, istisna deyil ki, İrəvanın hansısa təklifini Bakıdan öncə Moskvada yüksək rəhbərliklə müzakirə eləmək lazım gəlib.
Maraqlıdır ki, Lavrovun İrəvan səfəri haqda yazan Rusiyanın nüfuzlu “İzvestiya” nəşri XİN-dəki mənbəyə istinadla nizamlanma prosesinə Türkiyənin də qoşula biləcəyini ehtimal edib. Nəşr bu xüsusda erməni rəsmiləri ilə qapalı danışıqlarda Türkiyə-Ermənistan sərhədlərinin açılmasının da müzakirə olunduğunu yazıb.
Daha maraqlısı isə Lavrovun İrəvan səfərindən cəmi bir neçə gün sonra Kremlin danışan dillərindən sayılan və həmişə anti-Türkiyə bəyanatları ilə tanınan Vladimir Jirinovskinin verdiyi, bu dəfə 180 dərəcə fərqli və sensasion açıqlamasıdır. Azərbaycan telekanallarından birinə müsahibədə o deyib: “Əgər Türkiyə və Rusiya səylərini birləşdirsə, kürd və erməni məsələləri öz-özünə həll olunacaq. Aydın məsələdir ki, Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq. Dağlıq Qarabağ üçün elə bir xüsusi status tapmaq olar ki, həm ermənilər razı qalsın, həm də azərbaycanlılar”.
Məsələ də ondadır ki, Türkiyə-Rusiya əməkdaşlığı İrəvanı həmişə ciddi narahat edən faktor olub – öncəliklə də Qarabağ məsələsində. Yeri gəlmişkən, Rusiya XİN rəsmisi Mariya Zaxarova ötən həftə verdiyi açıqlamada Türkiyəni nəzərdə tutaraq, Qarabağ məsələsində başqa – ikitərəfli formatların da mümkünlüyünü dilə gətirib və bununla ermənilərin təlaşını daha da artırıb. Çünki Ermənistan danışıqların Minsk Qrupu çərçivəsində getməsinə çalışır. Bu da səbəbsiz deyil: Minsk Qrupu öz ermənipərəst fəaliyyəti və ortaya qoyduğu “həll prinsipləri” ilə işğalçı tərəfi tam qane edir. Başqa formatlar İrəvanın köklü maraqlarına cavab verməyə, tutaq ki, referendum ideyası gündəmdən çıxa bilər.
Bütün hallarda Lavrovun apreldəki 4 günlük müharibədən sonra Bakıya sayca ikinci olacaq budəfəki səfəri qeyd edilən ümidverici notlar fonunda mühüm önəm daşıyır. Səfərdə isə əsas üç hədəfin güdüldüyü güman eləmək mümkündür:
Hədəf 1. Hansısa həll planı üzərində iş getdiyi və danışıqların intensivləşdiyi qənaətini gücləndirməklə müharibə ehtimalını sıfra endirmək. Bundan ötrü paralel surətdə prezidentlərin görüşünün permanentliyinə (davamlılığına) çalışılır.
Çünki hər necə olmasa, yeni müharibə ABŞ və Avropa kimi, Rusiyaya da sərf eləmir. Hesab edilir ki, Moskva hazırkı mürəkkəb durumda Azərbaycan və Ermənistan arasında seçim etmək, üstəlik, Türkiyə ilə üz-üzə gəlmək istəmir – ələlxüsus da Moskva-Ankara münasibətləri kritik bir dönəmdən keçərək normallaşdıqdan sonra.
Hədəf 2. Dağlıq Qarabağ məsələsində məhz Rusiyanın dominant dövlət olduğunu bir daha nümayiş etdirmək. NATO-nun təzəcə başa çatan Varşava sammitində Qərbin patronajlığı ilə aparılmış Qarabağ müzakirələrindən, baş katib Yens Stoltenberqin “Qarabağ məsələsi diqqətimizdə olacaq” bəyanatından sonra belə bir mesajı növbəti dəfə vermək Kremldən ötrü indi az önəm daşımır.
Hədəf 3. Putinin gələn ay Azərbaycana nəzərdə tutulan səfərini hazırlamaq. Məlum olduğu kimi, avqustda Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. Sammit çərçivəsində ikitərəfli görüşlər və Qarabağ mövzusunun müzakirəsi də gözlənilir. Deməli, 3-tərəfli görüşün yekunu bu konfliktin taleyinə də təsirsiz ötüşməyəcək.
Bu arada yenə məhz yeni müharibə riskini azaltmaqdan ötrü Qarabağla bağlı telefon diplomatiyası davam edir. Son olaraq prezidentlər Vladimir Putin və Barak Obama telefon danışığı zamanı Dağlıq Qarabağ konfliktini də müzakirə ediblər.
Ancaq aydındır ki, Amerikanın hazırkı fəallığı daha çox simvolik əhəmiyyət daşıyır. Çünki səlahiyyət müddəti bitməkdə olan Obama və administrasiyası çətin ki, yerdə qalan zaman ərzində problemin həllində hansısa parlaq təşəbbüslə yadda qalsın, sıçrayışa nail olsun. Böyük ehtimalla, Qarabağ problemi ABŞ-ın yeni prezidentinə miras qalacaq.
Müharibə ehtimalını azaltmaq istəyi öz yerində, bəs, sülh anlaşması istiqamətində nəhayət, ciddi təşəbbüs və irəliləyişin şahid olacağıqmı, ən önəmlisi, apreldən sonra Vyanada start götürən yeni proses hara kimi irəliləyə bilər?
Hələlik, belə rəy mövcuddur ki, Rusiya Qarabağa dair hansısa aralıq həll planı üzərində işləyir və bu planla bağlı münaqişə tərəflərini artıq tanış da edib. Bir daha yada salaq ki, söhbət 1997-ci ildə aktual olmuş və Levon Ter-Petrosyanın prezidentlik kürsüsündən getməsinə səbəb olmuş mərhələli modelə çox yaxın olan bir plandan gedir.
Plana əsasən, əvvəlcə 5 rayon işğaldan azad edilir, Dağlıq Qarabağa aralıq status verilir, humanitar dəhliz məsələsi həllini tapır, bölgəyə sülhməramlı qüvvələr gətirilir, daha sonra Laçın və Kəlbəcər azad edilir və Dağlıq Qarabağın yekun statusu dəqiqləşir. Lakin yekun statusun dəqiqləşməsi qeyri-müəyyən vaxtadək uzana bilər.
Rəsmi Bakı isə prezidentlərin Sankt-Peterburq görüşü zamanı məhz mərhələli həll planı ilə bağlı razılıq əldə oldunduğunu daha öncə bəyan eləmişdi. Bu xüsusda Lavrovun Bakı səfəri zamanı həmin “aralıq planı”n detallarının müzakirə ediləcəyi gözləniləndir.
Bəs görəsən “aralıq plan”dan “aralıq sülh”ə keçid baş verəcəkmi?
Bir şey adındır ki, sözügedən planın müzakirəsi, münaqişə tərəfləri ilə razılaşdırılıb uzlaşma nöqtələrinin tapılması bir müddət də gizli rejimdə, konfidensial şəraitdə aparılacaq və geniş ictimaiyyətə yalnız ilkin çərçivə anlaşması əldə olunduğu təqdirdə müəyyən bilgi alacaq. Ona isə çox qalmayıb. Çünki aprel döyüşləri göstərdi ki, daha bir neçə il nəticəsiz danışıqlar aparmaq limiti artıq bitib.(musavat.com)