Quba səhiyyəsində kütləvi mənimsəmə: FAKT+FAKT
“Ak-Servis-444-St” MMC, “Ərdəbil-St-100” MMC, “Lafar-Kas-4” MMC-ləri vasitəsi ilə dövlət vəsaiti necə mənimsənilib?
Xeberinfo.com: Hesablama Palatasının Vergilər Nazirliyi ilə birgə büdcə vəsaitlərindən istifadəylə bağlı apardığı araşdırmalar bir çox dövlət orqanlarında qeyri-şəffaflığı üzə çıxarıb. Bu sırada yer alan dövlət qurumlarından biri də Quba Rayon Mərkəzi Xəstəxanasıdır. Bu rayonun səhiyyəsində ərzaq xərclərinin kəskin şişirdirdildiyi üzə çıxıb. Elə bir müddət öncə Quba rayonundan Mərkəzi Xəstəxana ilə bağlı edilən bir şikayət məktubunda da xəstələrə dərman, yemək verilməməsindən bəhs olunurdu. İndi isə Hesablama Palatası ərzaq xərclərində kütləvi mənimsəmələri üzə çıxarır.
Rayondan xeberinfo.com-a daxil olan məlumata görə Quba rayon xəstəxanasında işində nöqsanlara yol verən 6 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirləri tətbiq edilib, baş mühasib, 2 mühasib, iqtisadçı və 2 əməkdaş töhmətlə “sudan quru çıxa bilirlər”. Əslində isə, Mərkəzi Xəstəxanada büdcə vəsaitlərinin mənimsənilməsi Hesablama Palatasının hesabatında əksini tapandan daha böyük olub. Büdcə vəsaitlərindən istifadə də mənimsəmələr elə bir səviyyədə olub ki, Hesablama Palatasının auiditləri istəsələr də belə bəzi faktların üstünü örtə bilməyiblər. Vəziyyət bu dərəcədə acınacaqlı olub.
Belə ki, Quba rayon Mərkəzi Xəstəxanasında ərzaq alınması ilə bağlı rəqəmlərin şişirdilməsi məsələnin ancaq üzdə görünən tərəfidir. Həqiqətdəisəbu proses göründüyündən daha artıq saxtakarlıqla müşahidə olunub. Quba rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı xeberinfo.com-u məlumatlandıran mənbənin sözlərinə görə, əsl həqiqətdə ərzaq alınması ilə bağlı məsələlələr tamamilə saxtakarlıqlardan başqa bir şey olmayıb. Mənbəmiz bildirir ki, sənədlərə görə guya Quba rayon Mərkəzi Xəstəxanasını çörəklə “Ak-Servis-444-St” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təmin edib. Qəbələ rayonunun Vəndam kəndində qeydiyyatda olan bu MMC-nin Quba rayonunda nə çörəkbişirmə müəssisəi, nə də çörək daşımaq üçün müfaviq nəqliyyat vasitələri var. Belə olan halda “Ak-Servis-444-St” MMC-nin Quba rayon Mərkəzi Xəstəxanasını çörəklə təmin etməsi ilə bağlı suala ancaq xəstəxananın baş həkimi İsmayıl Mirzəliyev cavab verə bilər.
Məlumdur ki, “Ak-Servis-444-St” MMC-nin direktoru Ceyhunə Hacıyeva hər gün Qəbələnin Vəndam kəndindən göndərməklə Quba rayon Mərkəzi Xəstəxanasını təzə çörəklə təmin etməyib. Təəssüf ki, dövlətimizin hazırkı məlum iqtisadi durumunda aidiyyatı orqanlar belə böyük bir saxtakarlığa göz yumur. Əgər Quba rayon Mərkəzi Xəstəxanasının çörək və çörək məhsulları ilə “Ak-Servis-444-St” MMC-i tərəfindən təmin edilməsi ilə bağlı məsələ dərindən araşdırılsa, təxminən 18 min manat dövlət vəsaitinin taleyinə aydınlıq gətirilə bilər.
“Ak-Servis-444-St” MMC,“Ərdəbil-St-100” MMC,“Lafar-Kas-4” MMC ...
Həm də xəstəxananın çörək və çörək məhsulları ilə bağlı təminatı ilə yanaşı Ceyhunə Hacıyeva adlı qadının rəhbərlik etdiyi “Ak-Servis-444-St” MMC-nin büdcənin 100 min manatdan artıq pulu hesabına Quba rayon Mərkəzi Xəstəxanasını hansı ərzaq məhsulları ilə təmin etməsinə də aydınlıq gətirilməlidir. Təxminən 105 min manat büdcə vəsaiti ərzaq alınması adı ilə “Ak-Servis-444-St” MMC-nin hesabına köçürülüb. Çox maraqlıdır ki, Quba rayonunda kənd təsərrüfatı sektorunun inkişaf etməsinə, bu rayonda güclü fermer təsərrüfatlarının olmasına baxmayaraq xəstəxananın ərzaqla təminatını 300 km uzaqda bir rayonda yerləşən MMC həyata keçirir. Bircə bu məqam kifayət qədər suallar doğurur.
İndi Quba rayon mərkəzi xəstəxanasının baş həkimi və xəstəxananın töhmət alan mühasibləri aydınlıq gətirməlidirlər ki, Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatda olan başqa bir şirkət, İmran Seyidməmmədovun rəhbərlik eydiyi “Ərdəbil-St-100” MMC-i təxminən 120 min manatın əvəzində xəstəxanaya hansı ərzaq və tərəvəzi verib. Eyni zamanda Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev cavab verməlidir ki, Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatda olan, İmran Seyidməmmədova məxsus “Lafar-Kas-4” MMC xəstəxanaya təxminən 110 min manatlıq tibbi avadanlığı necə verib.
Axı bu şirkət nə tibbi avadanlıqlar istehsal edir, nə də belə məhsulların idxalını həyata keçirir? Elə isə bütün sənədləşdirmələrin həqiqətdən uzaq olduğu görünmürmü? Baş həkim İsmayıl Mirzəliyev hans yüksək çinli məmurun adından yararlanır? Quba rayon icra hakimiyyətinin başçısı cənab Yaşar Məmmədovun olanlarla nə bağlılığı? Və s.
Quba Rayon Mərkəzi Xəstəxanasında suallar doğuran əməllər bununla bitmir. Redaksiyamıza bu istiqamətdə kifayət qədər ciddi məlumatlar daxil olub. Qarşıdakı günlərdə yazıda səthi toxunduğumuz və toxunmadığımız məlumatlarla bağlı geniş yazı hazırlamağa çalışacağıq.
Yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Quba Rayon İcra Hakimiyyətindən də suallarımızı cavablandıracaq bir kimsə olmadı. İcra Hakimiyyətinin (0-23-33) 5-62-25 telefon nömrəsi ilə əlaqə saxladığımız şəxs isə ya bilərəkdən, ya da bilməyərəkdən yazının sayta qoyulmasında maraqlı imiş kimi davrandı.
Sabir