Altkirch və Horadiz şəhərləri dostluq və əməkdaşlıq xartiyası imzalayıb
Fransanın Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhəri ilə Azərbaycanın Füzuli rayonunun Horadiz şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb.
Xeberinfo.com: Altkirch meriyasında Horadiz şəhərinin nümayəndələrinin şərəfinə xüsusi rəsmi qarşılanma mərasimi təşkil edilib.
Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer imzalanma mərasimində çıxış edərək, Horadiz və Alkirch şəhərlərini birləşdirən ümumi amillərdən, onların oxşar tarixindən, qonşu ölkələr tərəfindən qeyri-qanuni işğalından danışıb.
Fransalı deputat bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon, o cümlədən Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. O qeyd edib ki, alzaslılar bunu çox yaxşı anlayırlar, çünki Alzas regionu da vaxtilə analoji işğala məruz qalıb.
Jean-Luc Reitzer vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş 20 faiz ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi aydın şəkildə tələb olunub. O bildirib ki, bu mühüm qətnamələrin sülh yolu ilə icrasını təmin etmək məqsədilə Fransanın da həmsədri olduğu ATƏT-in Minsk qrupu yaradılıb və çox ümid edir ki, bu münaqişənin dinc yolla ədalətli həlli istiqamətində bu qurum öz səylərini artıracaq.
Fransalı deputat Azərbaycanın gənc müstəqil ölkə olmasına baxmayaraq, qısa müddət ərzində bütün sahələrdə, o cümlədən iqtisadi, turizm, sosial, idman və digər sahələrdə sürətlə inkişaf etdiyini, demokratik inkişaf islahatları həyata keçirdiyini və 15 il bundan əvvəl Avropa Şurasının üzvlüyünə qoşulduğunu qeyd edib. O, ölkəmizin tolerantlıq, o cümlədən dini tolerantlıq sahəsində digər ölkələrə nümunə olduğunu vurğulayıb.
Fransalı deputat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan-Fransa münasibətlərinə, iki dost ölkə arasında əməkdaşlığın inkişafına böyük önəm verdiklərini diqqətə çatdırıb.
Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın Azərbaycan-Fransa münasibətlərinin inkişafında göstərdiyi səylər, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyada tolerantlığa, o cümlədən Fransada mədəni irsin və kilsələrin qorunmasına və bərpasına verdiyi töhfələr xüsusi vurğulanıb.
Sonda Jean-Luc Reitzer rəhbərlik etdiyi Altkirch şəhərinin Horadiz şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalanmasından qürur duyduğunu deyib, bu mühüm sənədin imzalanmasının Azərbaycanla Fransa arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın təzahürü olduğunu və bundan sonra bu şəhərlərin dostluq və qardaşlıq ruhunda sıx əməkdaşlıq edərək iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəklərini bəyan edib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Əliyev çıxış edərək, Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə, xüsusi qarşılanma mərasiminə, Altkirch şəhərinin meri Jean-Luk Reitzerin obyektiv və ədalətli çıxışına görə təşəkkür edib.
Alı Əliyev ölkəmizin 20 faiz ərazisinin, o cümlədən tarixi Dağlıq Qarabağ regionumuzun Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycana, o cümlədən Füzuli rayonuna dəymiş zərər, 1 milyon qaçqın və məcburi köçkün haqqında ətraflı məlumat verib. O, Ermənistan işğalından azad edilmiş Horadiz şəhərinin müvafiq infrastrukturunun Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində yenidən qurulduğunu və Heydər Əliyev Fondunun dəstəyi ilə orada bir sıra məktəb və bağçaların, həmçinin gənclər mərkəzi və tarix muzeyinin tikildiyini bildirib.
O qeyd edib ki, analoji tarixləri yaşamış Horadiz və Altkirch şəhərləri arasında imzalanan dostluq və əməkdaşlıq xartiyası Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uğurlu fəaliyyətinin və Azərbaycanla Fransa arasında mövcud olan gözəl əməkdaşlığın nəticəsidir. Hər iki şəhər mədəniyyət, idman, iqtisadiyyat, turizm və digər sahələrində sıx əməkdaşlıq edəcəklər.
Altkirch şəhərinin meri Jean-Luc Reitzer və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Əliyev iki şəhər arasında dostluq və əməkdaşlıq xartiyasını imzaladılar.
İmzalanma mərasimindən sonra Jean-Luc Reitzer bəyan etdi ki, bu vacib sənədin imzalanma günündən etibarən Altkirch və Horadiz dost və qardaş şəhərlər elan olunurlar və bütün sahələrdə sıx əməkdaşlıq edəcək, dostluq və qardaşlıq əlaqələrini getdikcə daha da gücləndirəcəklər.