XİN Rusiya Müdafiə Nazirliyinin təxribatına münasibət bildirdi
"“Zvezda” teleradio şirkətinin efirində 28 yanvar 2016-cı il tarixində getmiş xəbərdə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi təəssüf və narahatlıq doğurur".
Xeberinfo.com: Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Zvezda”nın efirində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi təəssüf və narahatlıq doğurur" Onun sözlərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən sözügedən məsələ ilə əlaqədar narazılıq “Zvezda” teleradio şirkətinin rəhbərliyinə çatdırılacaq və bu yanlışlığın aradan qaldırılması üçün tədbirlər görüləcək: “Rusiya Federasiyası Silahlı Qüvvələrinin teleradio şirkəti olan “Zvezda”-nı Azərbaycan və Rusiya arasında olan dostluq və strateji tərəfdaşlıq əlaqələrini və həmçinin, ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində oynadığı rolunu nəzərə alaraq, gələcək fəaliyyətində Azərbaycan üçün həssas olan bu kimi məqamlara xüsusi diqqətlə yanaşmağa çağırırıq”.
* * *12:00
Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı “Zvezda” reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.
APA-nın xəbərinə görə, telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.
Xatırladaq ki, “Zvezda” media qrupuna məxsus “Zvezda” kanalı RusiyaMüdafiə Nazirliyinin rəsmi telekanalıdır.