Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İranla “Nardaran razılaşması”

 

Rəsmi Bakının ehtiyatlı mövqeyinə baxmayaraq, İranın bəzi dairələri Nardaran hadisələrini fürsət bilərək Azərbaycan əleyhinə hücuma keçiblər; XİN-dən ilginc bəyanat; bəzi radikal çevrələr müxtəlif yollarla təsir dairəsində saxlanılan Nardaran kəndinin “itirilməsi” ilə asanlıqla barışmaq fikrində deyillər... 

 

Xeberinfo.com:  Dekabrın 1-dən Nardaranda başlanan əməliyyatlar, qəsəbədə qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, eləcə də mərkəzi hakimiyyət orqanlarının fəaliyyətinin bərpa olunması prosesi davam edir. “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Tale Bağırzadənin və tərəfdarlarının noyabrın 26-da həbsi zamanı 4 nəfərin və 2 polis əməkdaşının öldürülməsindən sonra qəsəbədəki vəziyyəti nəzarət altına almaq üçün başlanan əməliyyatlarda saxlanılanlar da var.
 
Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluğun birgə yaydığı məlumatda və digər rəsmilərin bəyanatlarda  bildirilir ki, həbs edilənlər dövlətin konstitusiya quruluşunun əsaslarını dəyişməyə, sabitliyin və ictimai asayişin pozulmasına cəhd ediblər. Gözlənilir ki, yaxın günlərdə həbs edilənlərə qarşı konkret ittihamlar irəli sürüləcək. 
Nardaran hadisələrində diqqətçəkən ən vacib məsələ ilk gündə İranın özünü “kənara çəkməsi” oldu. Əməliyyat başlayan gün İranın Azərbaycandakı səfirliyi bəyanatla çıxış etdi. Bəyanatda İranın Nardaranda baş verən hadisələrlə heç bir əlaqəsinin olmaması bildirilirdi. Bəyanatda vurğulanırdı ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb: “İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olmuşdur”. 
 
Elə həmin gün İran parlamentinin sədri Əli Laricani “Azərbaycanın daxilində baş verən hər bir hadisə bu dövlətə aiddir” deyə, münasibət bildirdi.  Maraqlıdır ki, bu bəyanatdan sonra İran parlamentinin Təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini Mənsur Həqiqətpurun da açıqlaması yayıldı.   M.Həqiqətpur Azərbaycan hakimiyyətinin kəndə müdaxiləsini pisləyərək  “hakimiyyət orqanları regiondakı diktatorların aqibətindən ibrət dərsi almalıdır” dedi. 
Azərbaycan rəsmiləri, hakimiyyətə yaxın deputatlar, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə Nardaran hadisələrindən danışarkən İranın adını belə çəkmədilər. Şeyx hətta Nardaran hadisələrinin “İrandan daha uzaq dövlətlərin marağında” olduğunu dedi. Halbuki İran mətbuatı Nardaran hadisələrini elə ilk gündən geniş işıqlandırır, həm rəsmi, həm də mühafizəkar dini çevrələrə bağlı xəbər saytları məqalələrində demək olar ki, eyni münasibət sərgiləyirdilər. Belə ki, bütün saytlarda Nardaran hadisələri şiələrə qarşı “səlib yürüşü” kimi təqdim edilirdi. İran mediası yazırdı ki, ölkənin iri məscidlərində Nardaran hadisələrinə dair geniş xütbələr verilib, həlak olanlar şəhid kimi anılıb. İran mətbuatı hadisələrlə bağlı hətta Həsən Ruhani hakimiyyətini laqeydlikdə belə suçlamaqdan çəkinməyib.  
Rəsmi Bakının ehtiyatlı mövqeyi indiki gərgin geosiyasi şəraitdə Tehranın qarşısına almamağa hesablanıb. Türkiyə ilə Rusiyanın münasibətlərinin kəskin pisləşməsi, Tehranın Kremllə yenidən birgə cəbhə yaratması Azərbaycanın manevr imkanlarını onsuz da xeyli qısıtlayıb. Xəzərdə İran və Rusiya gəmilərinin boy göstərdiyi bir vaxtda Tehranı qıcıqlandırmaq Azərbaycana əlavə problemlər yarada bilər. Bu səbəbdən də son vaxtlar xeyli isinən Bakı-Tehran münasibətlərini qorumaq siyasi konyunktura baxımından doğru qərardır və başadüşülədir. Amma belə görünür ki, İran hakimiyyətindəki şərti olaraq  mühafizəkar adlanan qanadı Azərbaycanın Nardarana görə cəzalandırılmasını, münasibətlərin korlanmasını istəyirlər. Neçə gündür ki, İranın bəzi din xadimləri Nardaran hadisələrinə görə Azərbaycanın ünvanına hədə-qorxu gəlirlər və qızışdırıcı bəyanatlar verirlər.  
     
Aydındır ki, sözügedən dairələr illərdir ki, ən müxtəlif yollarla təsir dairəsində saxladığı Nardaran kəndinin “itirilməsi” ilə asanlıqla barışmaq fikrində deyillər. Bu səbəbdən də rəsmi Bakının ehtiyatlı mövqeyinə baxmayaraq, İranın bəzi dairələri Nardaran hadisələrini fürsət bilərək Azərbaycan əleyhinə hücuma keçiblər. 
Belə ki, Azərbaycanın İrandakı səfirliyinin qarşısında onlarla adamın iştirakı ilə etiraz aksiyası keçirilib. Virtualaz.org saytının İranın “Səhər” telekanalına istinadən verdiyi xəbərə görə, aksiyada onlarla insan iştirak edib. Məlumata görə, etirazçılar müxtəlif dini şüarlar səsləndirib və Nardaranda baş verənlərə görə Azərbaycandan izahat tələb ediblər. Azərbaycan səfirliyinin mühafizəsini gücləndirmək üçün əlavə polis qüvvələri cəlb olunub. Bundan əvvəl də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında oxşar aksiya keçirilmişdi. Aksiya iştirakçıları Azərbaycan hüquq-mühafizə orqanlarının Nardaranda radikal dinçi ekstremistlərə qarşı keçirdiyi xüsusi əməliyyata etirazlarını bildirmiş, Azərbaycanda “dünyəvi dövlət quruluşunu ləğv edərək şəriət dövləti qurmağı” tələb etmişdi.
Ötən gün  rəsmi Tehran da Nardaran hadisələri haqda bəyanat verib.  XİN-in rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrə münasibət bildirərkən deyib ki, XİN “İran xalqının müxtəlif qruplarının Azərbaycan Respublikasında baş verən son hadisələrə dair hisslərinə və narahatlıqlarına” hörmətlə yanaşır. “İran Xarici İşlər Nazirliyi Azərbaycanda baş verən son hadisələri müxtəlif aspektdən diqqətlə izləyir və bu ölkənin müvafiq orqanları ilə daimi təmasda olub” deyə, C.Ənsari bildirib. C.Ənsari ötən həftə sonu Vahid Ümma Beynəlxalq İttifaqı adlı dini təşkilatın İranın “Azərbaycanda müsəlman şiələrin əzilməsinə və Nardaran qəsəbəsində keçirilən reydlər zamanı insanların həlak olmasına” passiv münasibət göstərməsinə dair ittihamlarını da şərh edib. İran XİN rəsmisi Azərbaycanda Məhərrəm ayının bitməsi münasibətilə keçirilmiş matəm mərasimlərinə toxunaraq deyib: “İki ölkə arasında məsləhətləşmələr nəticəsində dini məkanların müqəddəsliyinin qorunub saxlanılması və İslam ayinlərinin keçirilməsi qaydalarına dair daha münasib atmosferin yaradılması nəzərdə tutulub”.
İran XİN ilk dəfədir Nardaran hadisələri ilə bağlı öz mövqeyini açıqlayır. Məlum olur ki, Nardaran hadisələrinə görə İranın Xarici İşlər Nazirliyi və digər rəsmi strukturları ilə Azərbaycanın müvafiq strukturları arasında təmaslar olub. Söhbətin hansı səviyyəli təmaslardan getdiyi məlum olmasa da, güman etmək olar ki, rəsmi Bakı Nardaranda baş verənlərin əsl mahiyyəti, əməliyyatların dinə və dini qadağalara aid olmadığı barədə rəsmi Tehrana arayış verib. Mümkündür ki, rəsmi Tehrandan da Nardaran hadisələrində “fəal mövqe” tutmamaq istənilib. Məhz bu səbəbdən də İranın Bakıdakı səfirliyi yaydığı bəyanatlarda kifayət qədər təmkinli mövqe tutub. 
 
Amma belə görünür ki, “İran Nardaranın arxasından qaçdı”, “Tehran Bakıdakı son istinad məntəqəsini itirdi” kimi ortaya çıxmış (bəlkə də qəsdən dövriyyəyə buraxılan) iddialar İranın müəyyən qüvvələrinin “çörəyinə bal sürtüb”. İranın mərkəzi hakimiyyətindəki bəzi çevrələr qızışdırıcı mövqe tutaraq münasibətlərin gərginləşməsinə çalışır. İran dairələri Nardaranda həbs edilənləri müdafiə etməklə işarə verir ki, onların arxalarından geri çəkilməyib.  
“Yeni Müsavat”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam