Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Repetitorluğun qarşısını almaq olarmı?

 

“Yuxarı siniflərdə valideynlər bəzən uşaqları dərsdən yayındıraraq repetitor yanına göndərirlər”.

 

“Təmayül siniflərin yaradılması nəticəsində şagirdlərin hazırlığa getməsinə ehtiyac qalmayacaq”.

 

“Alternativ dərsliklərin yaradılması zəruridir”.

 

“Repetitorluğun qarşısını almaq cəmiyyəti buxovlamaq deməkdir”.

 

“Təmayülləşmə yeni layihədir, hələ dəyişikliklər ediləcək”

 

"Xeberinfo.com":   Məlumata görə, bu fikirlər APA TV-də yayımlanan “Sosium” proqramında səslənib. Proqramın qonağı, Təhsil Nazirliyinin Ümumi Təhsil şöbəsinin müdiri Firudin Həmzəyev orta təhsildə təmayülləşmənin həm şagirdlər, həm valideynlər, həm də müəllimlər üçün üstünlüklərindən danışıb: “Təhsil Nazirliyi 2011-ci ildə orta məktəblərdə təmayülləşməni həyata keçirmək məqsədilə ilkin olaraq 5 məktəbdə pilot layihənin icrasına başladı. 2014-2015 tədris ilində bu 5 müəssisəyə daha 3-ü əlavə olundu və artıq keçən dərs ilində 8 ümumtəhsil müəssisəsində təmayül təhsilə başlandı. Bu layihənin nəticələrinin təhlili, eyni zamanda valideynlər tərəfindən də müsbət qarşılanması, xüsusilə repetitorluğun qarşısının alınmasında əməli rol oynaması nəzərə alınaraq, bu il daha 50 təhsil müəssisəsində təmayül təhsil verilməyə başlandı. Hazırda ölkə üzrə məktəb, lisey, gimnaziya, məktəb-lisey də olmaqla 58 ümumtəhsil müəssisəsində bu proses həyata keçirilməyə başlanıb. Bu da ölkə üzrə 10-cu sinif şagirdlərinin 3,6 faizini əhatə edir. Qeyd edim ki, təmayülləşmə Bakıda 33 məktəbi, Gəncə şəhərində 4 məktəbi, Sumqayıt şəhərində 5 məktəbi, Mingəçevir şəhərində 3 məktəbi, Şirvan şəhərində 1 məktəbi əhatə edir. Burada 9-10-cu sinif şagirdləri təbiət, texniki-riyaziyyat, iqtisadiyyat və humanitar təmayüllü siniflərdə təhsil alırlar. Bəzi məktəblərdə iki təmayül  üzrə siniflər açılıb. Heç kəsə sirr deyil ki, valideynlər uşaqlarını ali məktəbə hazırlamaq üçün, dərsdən ayıraraq 4-5 fənn üzrə hazırlığa qoyurlar, digər fənlər nəzərə alınmır. İndi məqsəd hər fənn üzrə şagirdlərə minimum bilik verməklə, onun seçdiyi ixtisasa daha çox uyğun olan sahəyə yönəltməkdən ibarətdir”.

 

Verilişin qonağı, Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov təmayülləşmənin necə tətbiq olunması barədə məlumat verib: “Azərbaycan Respublikası təhsil nazirinin 08.06. 2015-ci il tarixli, 644 saylı əmrinə əsasən, təmayülləşmənin tətbiq olunduğu 50 təhsil müəssisəsindən biri  də Heydər Əliyev adına liseydir.  2014-cü ildə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş fərdi tədris planına əsasən, bu il liseyimizdə riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət təmayüllü siniflər yaradılıb. Əvvəlki proqrama görə, məcburi dərs yükü 33-34 saat olmalıdır. Amma indiki tədris planında məcburi dərs yükü maksimum 30 saatdır, fənlərin sayı azaldılıb. Fiziki hazırlıq  və gənclərin çağırışa qədər hərbi hazırlığı zəruri ehtiyac olan fənlərdir, bunlardan başqa, şagirdin meyl-maraq qabiliyyətinə uyğun olaraq, fənlərin sayı minimuma endirilib. Şagirdlər əsasən yuxarı siniflərdə hazırlığa gedir, bu, davamiyyətə təsir edir”.

 

Fikrət Xəlilov bütün fənlərin maksimum dərs yükü ilə tədris olunmasının şagirdlərin həm fiziki, həm də psixoloji vəziyyətinə təsir etdiyini deyib: “Bu layihəyə əsasən, 9-cu sinfə qədər şagirdə bütün minimum biliklər verilir, 10-11-ci siniflərdə meyl-maraq qabiliyyətinə uyğun olaraq, şagirdin seçdiyi ixtisas uyğun fənlərdən daha geniş və dərin təhsil alması nəzərdə tutulur. Bizim liseydə əvvəlcə əmrin məzmunu ilə valideynləri də tanış etdik, maarifləndirmə işi aparıldı, əmrin mahiyyəti valideynlərə, şagirdlərə çatdırıldı. Bundan sonra əmrdə də qeyd olunduğu kimi, şagirdlərin sayı 20-dən az olmamaqla iki təmayül sinif yaradıldı. Həmin siniflərdə tədrisə elmi, metodik səviyyəsi və peşəkarlığı ilə seçilən müəllimlər cəlb olunub. Hesab edirəm ki, bu siniflərin şagirdlərinin əlavə olaraq müəllim yanına getməyə ehtiyacı azalacaq”.

 

Təhsil Nazirliyinin nümayəndəsi Firudin Həmzəyev repetitorluğun tamamilə qarşısının alınmasının doğru olmadığını deyib: “Adi siniflərdə məsələn riyaziyyat fənni 4 saat tədris olunurdusa, bu siniflərdə 9 saat tədris olunur. Burada müəllimin səriştəsindən çox şey asılıdır. Repetitor yanına getmək bütün dövrlərdə olub. Valideynlər öz uşağının, ailəsinin durumundan asılı olaraq, övladının daha yaxşı yetişməsi üçün fərdi dayələrə, müəllimlərə müraciət ediblər. Əslində, bu cəmiyyətin inkişafını tənzimləyən bir meyardır”.

 

Lisey direktoru Fikrət Xəlilov təmayül siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanları və attestat qiymətləri zamanı nəzərə alınacağını deyib: “Nazirliyin əmrində qeyd olunub ki, şagird təmayüllü sinifdə tədris planına uyğun fənlərdən qiymətləndiriləcək, attestatına yalnız keçdiyi fənlərdən qiymət yazılacaq. Bizim liseydə əvvəldən də təmayül təhsil olduğundan, təcrübəmə əsasən deyə bilərəm ki, fərdi tədris planı əsasında təmayülləşmə çox müsbət nəticə verir. Misal üçün, bizim liseyin bu ilki 86 məzunundan 84 nəfəri ali məktəbə sənət verdi və 72 nəfəri ali məktəbə, 3 nəfəri isə xarici ölkələrin ali məktəbinə daxil oldu. 6 nəfərdən çoxu 650 baldan, 12 nəfər isə 600 baldan artıq nəticə göstərib. Bu göstəricilərə əsasən liseyimizin nümunəsində deyə bilərəm ki, təmayülləşmə öz müsbət nəticəsini göstərib. Bu yeni pilot layihə isə bizim tədris planında olan məhdudluğu aradan götürür”.

 

9-cu sinfi bitirən bütün şagirdlərin 11 illik təhsil alaraq ali məktəbə sənəd verməsinin qəbul imtahanları nəticələrinə mənfi təsir etdiyini deyən Firudin Həmzəyev gələcəkdə peşə təhsilinin inkişaf etdiriləcəyini deyib: “Buraxılış imtahanı əsasən ana dili və riyaziyyat fənlərindən olur, bu fənlər isə bütün təmayüllərdə tədris olunur. Buraxılış və qəbul imtahanlarında nəticələrin aşağı olmasının səbəbi tam orta təhsilin icbari olmasıdır. Təmayülləşmə zamanı müəyyən ixtisas üzrə şagirdlər seçilir. Kütləvi şəkildə şagirdlərin 11-ci sinfi bitirməsi onların qəbul imtahanlarına getməsinə səbəb olurdu bu da nəticələrin aşağı gəlməsinə səbəb olurdu. Gələcəkdə təmayülləşmə bütün məktəbləri əhatə etsə, bu zəif nəticələr  olmayacaq. İki sonra artıq 9-u bitirən hər şagird 10-cu sinfə keçə bilməyəcək. Şagirdlər qabiliyyətinə, müəllimlərin, psixoloqların, məktəb rəhbərliyinin fikirlərinə və nəticələrinə görə seçiləcək və 10-cu sinifdə təhsillərini davam etdirəcəklər. Qalan şagirdlər isə öz qabiliyyətinə uyğun olaraq müxtəlif peşə seçəcəklər. Peşə təhsili şəbəkəsi genişlənəcək. Hər il təxminən 100 min şagird 11-ci sinfi bitirir, ali məktəbə onlardan 30 mini qəbul ola bilir”.

 

Fikrət Xəlilov alternativ dərsliklərin yaradılmasının zəruri olduğunu deyib: “Dərslik müəllimə verilən proqramı həyata keçirmək üçün bir vasitədir, müəllimin əlində kifayət qədər əlavə materiallar da var, eyni zamanda internetdə də kifayət qədər elektron resurslar var. Peşəkar müəllim o resursları əldə edəcək və öz işində tətbiq edəcək. Gələcəkdə alternativ dərsliklərin yaradılması zəruridir. Məktəblərə alternativ dərsliklər arasında  özləri seçim edə bilməlidir. Bu dərsliklərin yaradılmasında peşəkar müəllimlərin, metodistlərin təcrübəsi əsas götürülməlidir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam