“İsa Qəmbərdə azacıq da olsa ədalət hissi qalsaydı…”
“Arif Hacılının açıqlamasından qətiyyən narahat olmuram. Çünki hamı, hətta özü də bilir ki, yalan danışır”.
"Xeberinfo.com": Məlumata görə, bunu “Report”a açıqlamasında hazırda ABŞ-da olan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, keçmiş müsavatçı Qubad İbadoğlu Müsavat Partiyasının başqanı Arif Hacılının ittihamlarına cavab verərkən deyib.
Müsavat başqanlığına keçmiş namizəd olan Q.İbadoğlu bildirib ki, partiya Məclisinin iyulun 4-də keçirilən sessiyasında iştirak edən İsa Qəmbərin bu açıqlamaya etiraz etməməsi də gözlənilməz deyil: “Çünki o da ədalət hissini çoxdan itirib. Onda azacıq da olsa ədalət hissi qalsaydı, 2003-cü ildəki uğurlarımızda kifayət qədər əhəmiyyətli rol oynayan iqtisadiyyat, səhiyyə, təhsil sahəsində proqramların olduğunu xatırladar və bu açıqlamaya etiraz edərdı. Sonrakı dövrə gəlincə, mən 2006-ci ildə keçirilən 7-ci qurultaydan sonra formalaşmış Məclisdə partiyanının İqtisadi Siyasət Komissiyasına rəhbərlikdən imtina etmişəm. 7-ci və 8-ci qrurultaylararası dövrdə başqa funksiyam olmayıb, yalnız partiyanın Divan üzvü olaraq fəaliyyət göstəmişəm. Baxmayaraq ki, həmin dövrdə də partiyanın iqtisadi və sosial siyasətlə bağlı mövqeyinin formalaşmasına töhfələrim olub. Hər il Divanda büdcə müzakirəsi keçirmişik və partiyanın dövlət büdcəsinin icrası və sosial-iqtisadi durumla bağlı bəyanatlarını tədqim etmişik”.
ADR sədri qeyd edib ki, Müsavat Partiyasında İqtisadi Siyasət Komissiyasına rəhbərlik etdiyi 1996-2006-ci illər partiyanın proqram və konsepiyalarının işlənilməsinin ən məhsuldar dövrü olub: “Həmin dövrdə rəhbərlik etdiyim iqtisadi siyasət komissiyasının iqtisadi və sosial siyasət sahəsində 10-dan çox proqram və konsepiya işlənib və 2003-cü il prezident seçkilərində “Bizim Azərbaycan” blokunun vahid namizədi olaraq İsa Qəmbər onları televiziya vasitəsilə təqdim edib. Ədalətli müsavatçılar və müsavatsevərlər həmin dövrü yaxşı xatırlayırlar”.
Q.İbadoğlu vurğulayıb ki, rəhbərlik etdiyi hərəkat tam gücü ilə fəaliyyət göstərir: “ADR Hərəkatının son 4 ayda 3 dəfə ekspert dinləməsi keçirib. Neftin qiymətinin uculaşması, manatın devalvasiyası və təhsil siyasəti ilə bağlı müzakirələrdə 300-dən çox iştirakçı olub, Azərbaycanın dəyərli mütəxəssisləri müzakirə olunan məsələlərə mövqelərini bölüşüblər. Formalaşmış vahid mövqe əsasında hər 3 məsələyə dair ADR Hərəkatının keçirdiyi tədbirlərin qətnaməsi açıqlanıb, əlaqədar orqanlara tövsiyyələr təqdim olunub. Hazırda Hərəkatın əsas fəaliyyəti təşkilatmaqdır. Odur ki, biz intellektualların və mütəxəssislərin cəlbi ilə strukturlar formalaşdırırıq. Buna da müəyyən səviyyədə nail olmuşuq və bu istiqamətdə də işlərimiz davam edir. Onların beyin məhsulları əsasında da proqramlar və konsepsiyalar işlənilir. Onlar zamanında təqdim olunacaq. O zaman da intellektual səviyyədəki fərqlər daha qabarıq görünəcək”.