ŞOK!-“Dizel biznesi” bir qrupun girovundadır
ARDNŞ-nin hansı məsul şəxsləri dövlət büdcəsinə əl uzadır?
“Xeberinfo.com”: Redaksiyamıza “Dizel biznesi” ilə bağlı ilğinc məlumatlar daxil olub. Məlumata görə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri arasında bir tona görə təxminən 124 manat fərq olması bəzi işbazların asan yolla on milyonlarla para qazanmasına səbəb olur. Xatırladaq ki, dizel yanacağının bir tonunun topdansatış qiyməti 590.2 manat, pərakəndə satış qiyməti isə 714 manatdır. Bu qiymətlər, neft məhsullarının satışının istehsalçının əlində olması və bu sahədə şəffaflığın gərəkən səviyyədə olmaması bəzi işbazları özləri üçün qeyri-rəsmi bazar açmasına gəıtirib çıxarıb. Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) maraqlarına uyğun neft və neft məhsullarının ölkə daxilində və dünya bazarında səmərəli satışının həyata keçirilməsi məqsədilə mərhum prezident Heydər Əliyevin 24 yanvar 2003-cü il tarixli 844 №-li fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin 31 mart 2003-cü il tarixli 25 №-li əmrinə əsasən şirkətin 1994-cü ildən fəaliyyət göstərən Xarici İqtisadi Əlaqələr İdarəsi və 1997-ci ildən fəaliyyət göstərən «Azərnefttəchizat» Birliyinin bazasında Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi yaradılmışdır.
Lakin hal-hazırda neft məhsullarının satışı Toğrul Seyidovun rəhbərlik etdiyi “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin nəzarətində olan “PETROSILEX” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir. Çox maraqlıdır ki, “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti “PETROSILEX” Məhdud Məsuliyyətli Cəmiyyətindən sonra yaradılıb. Yeri gəlmişkən məlumat üçün bildirək ki, “PETROSILEX” Məhdud Məsuliyyətli Cəmiyyətinə Aydın Yarməmmədov adlı şəxs rəhbərlik edir. Ancaq “xeberinfo.com”a daxil olan məlumata görə burada yazılmış qanunlarla yanaşı yazılmamış qanunlar da hökm sürür. Məlumata görə, “PETROSILEX” Məhdud Məsuliyyətli Cəmiyyətində dizel satışı Yaşar adlı şəxsin nəzarətindədir. Doğrudur, onun tabeçiliyində əməliyyatları aparan digər şəxslər də var. Ancaq yekun söz Yaşar müəllimindir. Bu şəxs ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə yaxınlığı ilə tanınır. İddialara görə, Yaşar müəllim dizel bazarında öz qanunlarını qoyub. Belə ki, böyük həcmdə dizel yanacağı işlədən böyük, əsasən çoxsaylı texnikası və yük maşınları olan şirkətlər Yaşar müəllimlə sövdələşir və dizeli ondan pərakəndə satış qiymətindən aşağı, topdan satış qiymətindən yuxarı alır . Bu aradakı fərq isə Yaşar müəllim də daxil olmaqla Aydın Yarməmmədov, Toğrul Seyidov və ARDNŞ-nin rəhbər şəxslərinin cibinə axır.
Baxmayaraq ki, “PETROSILEX” Məhdud Məsuliyyətli Cəmiyyətinin apardığı bu əməliyyatlar tamamilə qanuna ziddir. Ölkədə Tarif Şurası tərəfindən müəyyənləşdirilən topdan və pərakəndə satış qiymətləri mövcuddur. Bunun əksinə addımlar isə qəbuledilməzdir. Digər tərəfdən “PETROSILEX” MMC-nin və yaxud da başqa bir MMC-nin dizel yanacağının satışında vasitəçi olmaq hüqququ da yoxdur. Ancaq bu ARDNŞ-nin rəhbərliyini qətiyyən narahat etmir(?) Necə ki, bu “PETROSILEX” MMC-nin hər il küllü miqdarda dizel yanacağını hansı əsaslarla, nə səbəbə aldığı və harada istifadə etdiyi ilə bağlı rəsmi sənədlərdə qeyri-müəyyənlik var. Bu MMC-nin aldığı yanacağı saxlamaq üçün texniki imkanlara malik olmaması hər kəsə məlum olsa da, böyük həcmdə yanacaq ayrılır və dərhal topdansatış qiymətindən yuxarı, pərakəndə satış qiymətindən aşağı alıcılara, özəl şirkətlərə satılır. Halbuki bu özəl şirkətlər həmin ehtiyacları olan yanacağı güzəştli qiymətlərlə almaq hüququna malik olmadıqları üçün pərakəndə satış qiyməti ilə almalıdırlar. Lakin, Yaşar müəllimin vasitəçiliyi ilə onlar dizel aynacağını pərakəndə satış qiymətindən aşağı almağa nail olurlar. Burada isə qazanan bir qrup işbaz, itirən isə dövlət olur.
Bu istiqamətdə redaksiyamıza daxil olmuş faktları araşdırırıq. Məlumatlarda konkret rəqəmlərdən və isimlərdən bəhs olunur. Mövzu ilə bağlı hələlik adları çəkilən şəxsləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz qalmaqdadır.
Xaliq