13-cü əcdad tapmacası: -AYƏTULLAH XOMEYNİNİN SƏFƏVİLƏRLƏ QAN QOHUMLUĞU VARMI?
Kiçik bir xatirəni “Facebook” səhifəsində paylaşdığımdan bəri maraq beynimi gəmirirdi: doğrudanmı Ayətullah Xomeyni Səfəvi nəslindəndir?
Yenixeber.org:Sırf təsadüfən rastlaşdığım qeydi yalnız indi bir daha oxuyub, fərqli mənbələri gözdən keçirdim.
İlk qaynaq İslam Respublikası qurucusunun qardaşı Ayətullah Pəsəndidənin “Xatirələr”idir. “Adındakı “Din Şah” kəlməsi “Böyük Seyyid” mənası verən ulu babamız Hindistan sadatından (seyyidlərindən) idi və Kəşmirdə yaşayırdı” (səh.41). Daha sonra (səh.42.) oxuyuruq: “Babamız, mərhum Seyyid Əhməd, Din Əlişahın oğlu Seyyid Əhməd Hindi qəməri 1240-50-ci illər arasında… ya ingilslərin zülmün qurtulmaq, ya da Məsqət-ər-Rəsdən Ətabati-aliyyatın ziyarəti ilə əlaqədar Hindu-Kəşmirdən cəlayi-vətən oldu…”
“Xatirat”ın sonunda Həşmətullah Riyazi Yəzdiyə istinadla, Xomeyni nəslinin şəcərənaməsi təqdim olunub. Ona əsasən, hər 2 valideyni Hüseyni nəslindən olan Xomeyninin 13-cü əcdadı… Seyyid Heydər Musəvi Səfəvi Ərdəbilidir. Xomeynin bu nəsildən olan uzaq əcdadı hicri 766-cı ildə böyük arif Mir Seyyid Əli Həmədaninin təlimini yaymaq üçün Kəşmirə gedib…
Əgər 13-cü əcdad Şeyx Heydərdirsə, 14-cü əcdad onun hansı oğludur və ana tərəfini kim təmsil edir?
Şeyx Heydər Səfəvinin Aləmşah Bəyimlə nikahından 5 oğlu olub: Sultan Əlişah, I Şah İsmayıl, İbrahim Mirzə, Süleyman Mirzə, Həsən Mirzə. Bu halda Xomeyninin Səfəvilərə çatan uzaq 14-cü əcdadı kimdir?
Mənbələrə görə, Kəşmirə yollanmış mürid Şeyx Heydərin Seyyid Əli Həmədaninin bacısı qızı ilə nikahından doğulub. Lakin daha geniş yayılmış başqa bir rəvayətə görə, Xomeyninin əcdadı nişapurlu Seyyid Məhəmməd adlı şəxsdir ki, Şah Sultan Hüseyn Səfəninin zamanında xüsusi karvanla Hindistana yollanıb. Dehlidə məskunlaşmış bu ruhaninin nəvə-nəticələri isə sonrakı dövrdə Kəşmirdə kök salıblar.
Xomeyninin babası Seyyid Əhməd Hindi Nəcəf və Kərbəla səfəri zamanı Xomeyn şəhəri yaxınlığındakı “Fərahan”, yaxud “Fərfəhan” kəndindən olan Yusif xan Kəmərei adlı bir zadəganla tanış olub, onun dəvətilə İrana gəlib və daha sonra Yusif xanın qızı ilə evlənərək bu diyarı daimi məskən seçib.
Həmid Alqar, Con Espozito, Edvard Villet kimi dünyaca məşhur tədqiqatçılar Xomeyini xanədanının hind-Kəşmir qolunun araşdırılmasına daha çox diqqət yetiriblər. İslam Respublikasının qurucusu da bəzi qəzəllərini “Hindi” təxəllüsü ilə imzalayaraq, sanki köklərinin bu hissəsinə xüsusi bağlılığını xatırladıb.
Nəticə etibari ilə bir-birinə zidd başqa araşdırmalar, şəcərənamə nüsxələri var, amma şəxsən mənə aydın olan budur ki, bu yolun ağına düşməyə dəyməz, tarix bəzən çox amansız olur – sirrini heç kimə vermir.
Əziz Rzazadə
“Strateq”, 15.09.2020