GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ TEXNOLOGİYA
"Xeberinfo.com": Dünya tərəqqisinin indiki durumunda bütün sahələrin inkişafını yalnız intellektin, daha doğrusu elmin və təhsilin inkişaf səviyyəsi müəyyənləşdirir. Xalqımızın hərtərəfli inkişaf konsepsiyasını dünya standartları səviyyəsində dəqiqləşdirən Prezidentimiz İlham Əliyev ölkəmizin iqtisadi potensialını intellekt kapitalına çevirmə istiqamətində taleyüklü addımlar atmaqdadır.
Azərbaycanın vüsətli soail-siyasi və iqtisadi tərəqqisində təhsilin rolu misilsizdir. Şərq ənənləri ilə bərabər, yeni Avropa təhsil metodlarından, Boloniya sistemindən istifadə milli təhsilimizi qloballaşma dövrünün tələbləri ilə uzlaşdırmağa imkan verir. Yeni texnologiyaların tətbiqi isə müasir Azərbaycan təhsilinin intellektual səviyyəsini və inteqrasiya imkanlarını artırır. Ölkəmizdə təhsil sistemi üçün sosial-iqtisadi bazanın yaradılması təhsil strategiyasında əsaslı şəkildə ortaya qoyulmuşdur.
Dünya səviyyəsində iqtisadi rəqabət aparan, dünya siyasətinə təsir imkanlarına malik olan Azərbaycanın strateji təminatını verəcək təhsilin yeni sistemə ciddi ehtiyacı gündəmdə durur. Bu ehtiyacın peşəkarlıqla yerinə yetirilməsində Gəncə Dövlət Universitetinin də xüsusi payı var. Professor Yusif Yusibov Universitetə rəhbərlik etdiyi ilk gündən etibarən, bu təhsil ocağının hər tərəfli inkişafı üçün uğurlu işlər görmüş və görməkdədir.
Sevindirici haldır ki, Universitetin sahib olduğu dörd korpusda müəllim və tələbələr artıq güclü internet xidmətindən istifadə edə biləcəklər. Bu korpuslarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən ”Fiber optic kabel”in çəkilişi uğurla başa çatdırılmışdır.
Bu yaxınlarda Universitetin kollektivinə yeni bir sevinc bəxş ediləcəkdir. Yeni atılacaq ən mühüm addım “Elektron universitet” layihəsi ilə bağlıdır. Universitetimizin təhsil və inzibati işlərinin avtomatlaşdırılmış sisteminin yaradılması nəzərdə tutulmuşdur ki, Cənubi Koreyanın beynəlxalq əməkdaşlıq təşkilatı olan “KOİCA” bu uğurlu işin tezliklə həyata keşirilməsi sahəsində yardımçı olmağı öz üzərinə götürmüşdür. Layihənin reallaşmasına iki milyondan artıq vəsait sərf olunacaqdır. Artıq ilkin hazırlıq mərhələsi başa çatmış, optik kabel çəkilmiş, server otağı hazır vəziyyətdədir. O da təqdirəlayiq ki, Universitetdə “Koreya mərkəzi” yaradılacaq, bunun nəticəsində də tələbələrimiz koreya dilini öyrənmək üçün gözəl imkan əldə edəcəklər.
“KOİCA” təşkilatı Elektron idarəetmə sisteminin mənimsədilməməsini də unutmamışdır. Məhz həmin təşkilatın qayğısı ilə Universitetimizin üç nəfər inzibati, altı nəfər mühəndisi Koreyanın Seul şəhərinə göndəriləcək, təşkilatın Seulda yerləşən İnzibati mərkəzində lazımi səviyyədə təcrübə kursu keçəcəklər.