Yeni nazir yol polisi ilə bağlı hansı dəyişiklik edəcək?
Yeni təyin olunan Daxili işlər naziri Vilayət Eyvazovun nazirlikdə və polis sistemində bir sıra islahatlar həyata keçirəcəyi ehtimal olunur. Bu haqda proqnoz verən şərhçilər hesab edirlər ki, nazir müavini olduğu uzun müddət ərzində onun adının heç bir korrupsiya işində hallanmaması həyata keçirəcəyi tədbirlərin də müsbət olacağını deməyə əsas verir.
Yenixeber.org: Bəllidir ki, Azərbaycanda ümumi olaraq polislərlə bağlı ictimai rəy birmənalı deyil. Bu vaxta qədər asayiş keşikçiləri ilə bağlı mediada kifayət qədər neqativ xəbərlər yayılıb. Amma bunların içərisində yol polisi ilə bağlı narazılıqlar daimi olaraq üstünlük təşkil edib. Bu narazılıqlar həm hərəkət iştirakçıları tərəfindən edilib, həm sürücülük vəsiqələrinin, həm də dövlət qeydiyyat nişanlarının verilməsi ilə bağlı olub. Hər 3 məsələ ilə bağlı saysız-hesabsız şikayətlərə rast gəlmək mümkündür.
Xüsusilə dövlət qeydiyyat nişanlarının verilməsində mövcud olan problemlər bu sahədə ciddi şəffaflaşdırmanın həyata keçirilməsini zəruri edir. Avtomobillər üçün nəzərdə tutulmuş dövlət nömrə nişanlarının qiyməti 18 manatdan başlasa da, əslində, elə bir sürücü olmaz ki, şəxsi maşınına nömrə alarkən 250-300 manat xərci çıxmasın. Dövlət rüsumundan əlavə ödəmələrin tələb olunması xüsusilə imkansız vətəndaşlar üçün problemdir. Bundan başqa qanunvericilikdə 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum müəyyən olunsa da, həmin nömrələrin real qiyməti bundan dəfələrlə bahadır.
Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin nömrə biznesi ilə bağlı onlayn mediada onlarla informasiya mövcuddur ki, bunları sadalamağa ehtiyac yoxdur. Təkcə onu qeyd etmək yerinə düşür ki, 99 (--) 999 seriyalı nömrələrin qiyməti 200 min manat olaraq göstərilir.
Sürücülük vəsiqələrinin verilməsində də eyni hal təkrar olunur. Vəsiqənin qiyməti ilə bağlı sirr yoxdur: - 1000 manat ver, sürücü ol. Amma burada insaf naminə bir məsələni də qeyd edək ki, özü imtahan verən şəxslərdən heç bir rüşvət də tələb olunmur.
Son bir neçə ildə sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanların Dövlət İmtahan Mərkəzinə inteqrasiya olunması haqda təşəbbüslər olsa da, hələ ki, bu baş tutmayıb.
V. Eyvazovun yol polisində narazılıq yaradan bu halların aradan qaldırılacağı haqda gözləntilər var.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı saytımıza bildirir ki, yeni nazirin yol polisi ilə bağlı həyata keçirməsi arzu olunan ən vacib məsələlərdən biri onların iş saatının azaldılmasıdır. “Hazırda yol polisləri 10-12 saat iş növbəsində olurlar və düşünürəm ki, bu 8 saata endirilməlidir. Sürücü-polis münasibətlərindəki gərginliyin əsas səbəblərindən biri də budur. Çünki 10-12 saat iş növbəsində olmaq istər istəməz psixoloji gərginlik yaradır.
Zaman-zaman sürücülük vəsiqələrinin DİM-ə verilməsi haqda təkliflər səsləndirilib. Amma yol polisi bunu onunla əsaslandırır ki, DİM bu imtahanı götürə bilməz. Peşəkar mütəxəssislər, təcrübə imtahanı üçün xüsusi kameralarla təchiz olunmuş avtomobillər, xüsusi meydança olmalıdır. Bunlar olmadığı üçün imtahan DYP-də keçirilir. İndi bu məsələ yol polisində xeyli təkmilləşdirilib və düşünürəm ki, neqativlər də azalıb.
Amma imtahanlarla bağlı bəzi islahatlar olmalıdır. İmtahanlardan sonra DİM-dəki kimi düzgün cavablar açıqlanmalıdır ki, imtahan verənlər müqayisə apara bilsinlər.
Nömrələrin də verilməsində bəzi tədbirlər həyata keçirilməlidir. Yol hərəkəti haqqında qanunun tələblərindən biri də satışda olan nömrələrin internet saytında yerləşdirilməsi təmin olunmalıdır. Bu artıq Gürcüstanda tətbiq olunur. Amma bizdə hələ də reallaşmayıb. Əgər bu olarsa, neqativ hallar da aradan qaldırılar, insanlar onlayn olaraq dövlət nömrə nişanının rüsumunu ödəməklə almalıdır”.(yenisabah)