“Kontakt Home”un əməkdaşları müştərini həbslə hədələyir– Şok iddialar
“Kontakt Home” mağazalar şəbəkəsinin əməkdaşları özlərini hüquq-mühafizə orqanlarının işçisi kimi təqdim edərək müştərini həbslə təhdid ediblər.
Yenixeber.org: Bu barədə mağazadan kreditlə telefon götürən müştəri Aysel Əhmədova məlumat verib. Onun sözlərinə görə, “Kontakt Home” ona keyfiyyətsiz məhsul satmaqdan əlavə, əməkdaşları həm də təhdid edirlər.
A.Əhmədovanın sözlərinə görə, cari ilin mart ayının 13-də “Kontakt Home”dan kreditlə iPhone X alıb. 2150 manatlıq telefon 18 aylıq kreditlə müştəriyə 3500 manata başa gəlib. Müştəri 217 manat ilkin, 178 manat isə aylıq ödəniş edib. A. Əhmədova iddia edir ki, 1 ay istifadə etdikdən sonra telefonda problem yaranıb:
“1 ay işlədəndən sonra telefon öz-özünə sönməyə başladı, şəbəkəsi itirdi. Apardım servisə verdim, orada dedilər ki, telefonun heç bir problemi yoxdur. Bir az danışandan sonra bildirdilər ki, haradan almısınızsa, ora yaxınlaşın, sizin telefon dəyişdiriləcək. Amma telefonda cızıqlar var, buna görə sizdən 100 manat alınacaq. Qeyd elədilər ki, telefonu aldığım mağazaya e-mail vasitəsilə yazıblar. Getdim mağazaya, dedilər ki, bizə belə mail gəlməyib, telefonu nə qaytarırıq, nə də dəyişdiririk. Yenidən servisə getdim, onlar da dedi ki, biz yazmışıq. Beləcə məni get-gələ salıblar”.
Heç cür razılığa gələ bilməyən müştəri ilə mağaza arasındakı problem böyüyüb. Müştəri işləməyən telefona görə kredit ödəməli olmadığını düşünüb və ödənişi dayandırıb. Buna görə müştəri 4 ay üçün 2017 manat cərimə edilib: “Mənə dedilər ki, 100 manatı ver, telefonu da qaytar, sənin kreditini dayandıraq. Dedim axı mən 400 manat ödəniş eləmişəm, onun 100 manatını cızıqlara görə çıxın, mənə 300 manatlıq telefon verin, məsələ bağlansın. Ona da razı olmadılar. Halbuki 12 aylıq zəmanətim var, nə qaytarırlar, nə dəyişirlər, nə təmir edirlər.
Daha getmədim ardınca. Ödənişi də dayandırdım. İşləməyən telefona niyə pul ödəməliydim ki? Sonra telefonun imei kodunu bağladılar. 4 ay ödəniş etmədiyimə görə də mənə 2017 manat cərimə yazıblar”.
Xanım müştəri iddia edir ki, “Kontakt Home”un hüquq şöbəsindən ona təhdid zəngləri gəlir: “Şöbədən Anar adlı şəxs mənə zəng edib məhkəməyə verəcəklərini deyir. Buna görə mənə 5-6 sutka həbs düşdüyünü də iddia edirlər. Hüquq şöbəsində Mehman adlı şəxs var, zəng edib mənə deyir ki, gəlib telefonu evindən götürəcəyik. Bilmirəm ki, nə edim, hara müraciət edim”.
BakuPost-un əməkdaşı yazıda adı hallandırılan Anar adlı şəxslə əlaqə saxlayıb. O, soyadını açıqlamaq istəməsə də, belə bir problemin olduğunu, lakin qanunazidd hər hansı əməl etmədiklərini deyib: “Belə problemlər olur, biz də yerində həll eləməyə çalışırıq. Sadəcə indi müştəri öz şərtlərini irəli sürür. Deyir, mən belə eləmək istəyirəm. Amma müqavilənin şərtləri var. Müştəri buna razı olursa olur, olmursa buyursun.
Bu məsələdə də biz müştəriyə 2 alternativ irəli sürmüşdük ki, bunları eləsək məsələ həll olunur. Sadəcə olaraq müştəri öz şərtlərini irəli sürür. Belə də olmur. Şirkətin öz qayda-qanunu, rəhbərliyi var. Bizim müştəri ilə müqaviləmiz var, buna uyğun olaraq da tələblərimizi irəli sürürük. Qanundankənar heç bir şey etmirik”.
Təhdid məsələsinə cavab verməkdən yayınan şirkət işçisi Aysel Əhmədovanın telefonunda heç bir problem olmadığını deyib:”Müştəri 178 manatlıq müqavilə ilə telefon kreditə götürür, 4 ay ödəmir. 4 ay sonra gəlir deyir ki, bu aydan ödəməyə başlamaq istəyirəm. Halbuki həmin xanım işləyir, imkanı da var. İmkansız olsa, biz onu başa düşərik. Amma bu xanımın heç bir səbəbi, heç bir sübutu yoxdur.
Telefon servisə verilib, servisdən bizə email vasitəsilə məktub gəlib ki, heç bir problem yoxdur. Orada xanıma təklif olunub ki, telefonu qaytarın, sizə başqa bir telefon verilsin, xanım razı olmayıb. Biz məsələni həll eləməyə çalışırıq. Hansı şirkət istəyər ki, adına söz çıxsın, problem yaransın?! Biz də çalışırıq ki, müştərilərimiz razı getsin”.
Qeyd edək ki, “Kontakt Home”la bağlı mətbuatda dəfələrlə müştəri şikayətləri dərc edilib. Müştərilərin şikayətləri nə qədər qabardılsa da, tirajlansa da, “Kontakt Home”-müştəri problemləri hec cür bitmək bilmir.
Onu da bildirək ki, anoloji problem bir müddət əvvəl “Smart Telecom” mağazsında da yaşanmışdı. Belə ki, Tale Əsədov adlı müştəri mağazadan 2200 manata “İphone Silver” markalı telefon alıb. Telefon bir neçə ay normal işləyib, sonradan telefonun ekranının bir hissəsi işləməyib. Müştəri zəmanət talonunu da götürərək mağazaya müraciət etsə də, telefonu təmir etməkdən imtina ediblər.