Tanınmış aparıcı, “Həyat” Fondunun rəhbəri Hacı Nuran Hüseynov səhhətində qəfil ciddi problemlərə görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.
Yenixeber.org: Hacı Nuran Hüseynovun xəstəxanada ziyarət edən bir sıra tanınmış şəxslər ona çiçək dəstələri və müxtəlif hədiyyələr gətirməklə dəstəklərini ifadə ediblər. Lakin, son olaraq onun yerləşdiyi palataya surpriz olaraq at gətirilməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bu hadisə eyni zamanda Hacı Nuranın müalicə olunduğu “Ege Hospital”ın fəaliyyətini də gündəmə gətirib.
Tibb ekspertləri Editor.az-a bildiriblər ki, “Ege Hospital” Hacı Nuran Hüseynovun müalicəsi müddətində bütün tibbi norma və xəstəxana qaydalarını pozub.
Qonaqların onu günün istənilən saatında heç bir tibbi qoruma vasitələri olmadan ziyarət etməsi xəstənin özünün həyatı üçün təhlükə törətməklə yanaşı, xəstəxana qaydalarının pozulmasıdır. Çünki xərçəng kimi ağır xəstəlikdən əziyyət çəkən və kimyəvi terapiya qəbul edən bir xəstənin immum sistemi olduqca zəif olur və hətta sadə bir asqırıq vasitəsi ilə belə hansısa zərərverici virusa yoluxa bilər.
Belə bir şəraitdə Hacı Nuranın palatasına at gətirilməsi ümumiyyətlə ağla və tibb elminə sığmayan bir olaydır. Bu həm də xəstəxanada müalicə alan digər xəstələrin hüquqlarının kobud şəkildə pozulmasıdır.
Sosial şəbəkələrdə də Hacı Nuran Hüseynovun müalicəsi ətrafında olduqca ilginc fikirlər dolaşır. Xəstəxalarda ən yüngül xəstənin yanına getmək üçün belə xüsusi saatların və ayaq geyimlərinin tətbiq olunduğunu yazan vətəndaşlar, “Ege Hospital”ın Hacı Nuranla bağlı belə biabırçılığa yol verməsini xəstəxananın özünü reklam etmək istəyi ilə əlaqələndirirlər.
Təsadüfi deyil ki, Hacı Nuran Hüseynovu ziyarət edən müğənnilərin çoxu sanki məqsədli şəkildə sosial şəbəkələrdəki hesablarına xəstənin özünə diqqət göstərməkdən çox, “Ege Hospital”ın adını işarələməklə, təşəkkür edir, ciddi cəhdlə reklam edirlər. Məsələn, Sevil Sevinc bacıları “Allah dostlarımızdan razı olsun. İstədiyimiz vaxt səni gəlib görə bilirik. Amma səninlə burada yox, “Park Meridian” restoranında görüşmək istəyirik”-deyə yazırlar. Hər halda biz və oxucular “Ege Hospital”la “Park Meridian” restoranı arasında hansı bağlantının olduğunu bilməsək də, yəqin ki, şou biznes əhli bunu yaxşı bilir. Bütün hallarda, xəstəxanada əməliyyatlar zamanı çoxlu sayda insanın ölümündən sonra “rebrendinq”ə gedərək, ad dəyişməyə məcbur olan köhnə “Grand”, hazırki “Ege Hospital”ın bütün tibbi qaydaları və gigeynik normaları ayaqlar altına ataraq, bir insanın xəstəliyi üzərindən özünü reklama cəhd etməsi ən azından etik deyil…