Yenixeber.org: Bakıda yığılan zibillərdən elektron tullantılar ayrılır. Bu təhlükəli tullantılar düzgün utilizasiya məqsədi ilə Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu (BMTÇZ) tərəfindən aidiyyəti yerlərə göndərilir.
Çeşidlənmə Zavodundan alınmış tullantılardan, yəni zibildən asfalt salınır. İki asfalt zavodun yerləşdiyi Balaxanı kəndində isə zibildən alınan asfalt dağılmış yolların bəzi yerlərinə yamaq-yamaq edilir. Halbuki, 5-10 maşın asfalt tökməklə kəndin yollarını şüşə kimi etmək olar.
Bir vaxtlar balaxanılılar ümid edirdilər ki, kənddən çıxan neft pullarına onlar üçün qızıldan yol çəkiləcək.
Amma nəinki qızıldan, asfaltdan, zibildən yol çəkirlər ki, onu da bəzi yerlərə yamaq-yamaq etməkdədirlər. Sakinlər deyirlər ki, Balaxanı yolları başdan-ayağa çala-çuxurdur.
Neftlə zəngin, iki asfalt zavod yerləşən bir kəndin yolları illərdir ki, bərbad vəziyyətdədir və nə həmin asfalt zavodlar, nə Saleh Məmmədovun rəhbəri oluğu Avtomobil Yolları Agentliyi, nə də Sabunçu rayon İcra Hakimiyyəti tədbir görür.
Balaxanı sakinləri Sabunçu RİH başçısı Adil Vəliyevin və yol agentliyinin rəhbəri Saleh Məmmədovun kəndə ayaq basacağı, xidməti avtomobilləri ilə kəndin yollarından keçəcəyi günü gözləyirlər.
Bakının neft kəndi Balaxanının yolları qızıldan olmalıydı. Yerli sakinlər belə deyirlər. Onların sözlərinə görə, taleyin ironiyasıdır – asfalt zavod fəaliyyət göstərən kənddə yolları acınacaqlı gündədir.
2018-ci il yaxınlaşır və neft kəndinin camaatı hələ də Balaxanıda asfalt görməyiblər. Sakinlər danışırlar ki, bilmirsən bu vəziyyətə güləsən yoxsa ağlayasan.
Görəsən nefti dünyaya daşınan kəndin camaatını heç olmasa yaxşı yola haqqı çatmırmı? Azərbaycanda heç bir məmurun evinə gedən yol dəlmə-deşik, çala-çuxur, yamaq-yamaq deyil. Balaxanılılar deyirlər ki, indiyə kimi neçə dəfə kəndin yollarının asfaltlanmasına maliyyə ayrılıb. Di gəl ki, o pullar da yoxa çıxıb, iş də görülməyib.
Kənd camaatı razıdır ki, ayrılan vəsait məmurlar arasında bölüşdürülüb mənimsənilsin, ancaq heç olmasa bir az da o puldan xərcləyib yolları hamar eləsinlər.
Dünyadakı enerji, neft şirkətləri, Azərbaycanla neft müqavilələri bağlayanlar bilsəydilər ki, neft çıxan kəndin yolları nə gündədir, ağlayardılar…Emil Salamoğlu/AzEuroNews.com/