Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıdakı mağazalarda yalançı endirimlər

Bakıdakı mağazalarda yalançı endirimlər

 

Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Elanlarda 50 faizdən başlayan endirimlərin olduğu qeyd olunur. Əslində, bu tip elanlarla mağaza sahibləri müştərini ruhu belə incimədən aldadırlar. Belə ki, məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır. Nəticədə məhsul endirim adı ilə əvvəlki qiymətinə müştəriyə satılır

 

Yenixeber.org: Sputnik Azərbaycan bu əməlin mövcud qanunlarla necə tənzimləndiyini, bu halla üzləşən vətəndaşların hansı quruma müraciət etməli olduqlarını araşdırıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, aldadıcı endirim kampaniyaları ilə bağlı hər gün Azərbaycan İstehlakçılar Birliyinə telefon zəngi gəlir: "Bu şikayətlər vitrində yazılan qiymətlərlə kassada olan qiymətlər arasında ziddiyyətlər olması, satışda yol verilən qüsurlar və başqa səbəblərlə bağlı olur. İstehlakçılardan verilən məlumata görə, endirim kampaniyalarında saxtakarlıqlar çoxluq təşkil edir və istehlakçılar aldadılır".

Eyyub Hüseynov qeyd edir ki, Nazirlər Kabinetinin qərarına görə, bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır: "Araşdırmalar göstərir ki, 98 faiz malların üzərində maddi məsul şəxsin imzası yoxdur, müştəri tələb edəndə belə vermirlər. Bu da istehlakçıların hüquqlarının pozulmasıdır. Dükanda endirimlər ərəfəsində qiymətin üstündən yeni qiymət yapışdırırlar və müştəriləri aldadırlar. Bir sözlə, istehsalçılar fürsətdən istifadə edib istehlakçıları "soyurlar".

O qeyd edib ki, belə hallarla üzləşən istehlakçılar İqtisadiyyat Nazirliyinə zəng vurub şikayət edə və yaxud Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi ilə müraciət ünvanlaya bilərlər.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, bu xoşagəlməz məsələnin iki əsas səbəbi var: "Birincisi odur ki, Azərbaycanda fəaliyyət göstərən brend dükanlar şəbəkə mağazaları deyil və dünyadakı brend dükanlarda olan endirimlər buradakı həmin brend dükana aid olmur. Brend markalar burada olan hər hansı yerli şirkətlə müqavilə bağlayır, adlarını satır və malla təmin olunmasında yardımçı olurlar. Ona görə də dünyada brend dükanlarda olan endirimlərlə Azərbaycanda olan brend dükanlar arasında qiymətlərdə ciddi fərq var".

N.Cəfərli vurğulayıb ki, Azərbaycanda qiymətlər bazar iqtisadiyyatı qaydalarına uyğun nizamlanmalıdır: "Bazarda nə qədər çox rəqabət olarsa, bu da bazar qiymətlərinə yaxşı mənada təsir göstərər. Eyni zamanda, dünya brendlərinin birbaşa bazara daxil olmasına şərait yaratmaq lazımdır. Bu iki hal baş versə, müştərilər də qiymətlərin ciddi şəkildə düşməsinin şahidi ola bilərlər".

"Hər hansı mağaza qiyməti dəyişib malı satırsa, bu, heç bir qanun pozuntusu deyil. Mal özünündür, neçəyə istəyər, o qiymətə satar. Əgər dövlət tərəfindən hər hansı müdaxilə olarsa, biz yenidən SSRİ dövrünə qayıda bilərik. Alverçilər də piştaxta altından istədikləri qiymətə mallarını sata bilərlər. Bu da heç kimə sərf eləməz", – deyə ekspert əlavə edib.

Psixoloq Günel Aslanova deyir ki, bu əməllərin "qurbanı" olan müştərilər iki yerə bölünür: "Bilərəkdən bu kampaniyalara aldananlar və bilməyərəkdən kampaniyaya inananlar. Xəbərsiz müştərilər qiymətə aldanıb "qabağa düşmək" istəyirlər. Bu da kütlə psixologiyasından qaynaqlanır. Hamı gedir deyə onlar da aldanıb gedirlər. Bilənlər isə, düşünürəm ki, depressiyada olanlardır. Alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam